Şriftin ölçüsü :

Saytın rəngi :

“Şahin” hərbi-idman oyununun Zaqatala turunda 15 komanda mübarizə aparıb

09 mart 2024 | 10:29

“Şahin” hərbi-idman oyunu üzrə respublika birinciliyinin Zaqatalada keçirilən rayon mərhələsinin yarışları Danaçı kənd tam orta məktəbin komandasının qələbəsi ilə başa çatıb. Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Zaqatala rayonu üzrə sektorunun, rayon təhsil sektorunun, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin birgə təşkilatçılığı ilə Zaqatala şəhər 3 saylı tam orta məktəbin bazasında keçirilən yarışda 15 komanda mübarizə aparıb.

Yarışın açılış mərasimində bildirilib ki, hərbi-idman oyununun keçirilməsində əsas məqsəd məktəblilər arasında aparılan hərbi vətənpərvərlik tərbiyəsi işini daha da gücləndirmək, orta məktəb şagirdlərini hərbi-idman oyunlarına geniş cəlb etməklə, onların ordu sıralarında xidmətə hazırlanmasına kömək etməkdən ibarətdir.

Əvvəlcə komandaların sıra hazırlığının səviyyəsi yoxlanılıb. Sonra komandalar estafet və fiziki hazırlıq mərhələləri üzrə yarışlarda qüvvələrini sınayıblar.

Rayon birinciliyinin qalibi olan Danaçı kənd tam orta məktəbin komandası, eyni zamanda, yarışın zona mərhələsində iştirak etmək hüququ qazanıb. Muxax kənd 2 saylı və Gözbarax kənd tam orta məktəblərin komandaları müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar.

Qalib komandalar kubok və diplomlarla mükafatlandırılıblar.

Keçidlər