Rayonda "02 Fevral - Azərbaycan Gəncləri Günü" qeyd edilib
Bu fikirlər 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə Zaqatalada keçirilən tədbirdə səsləndirilib.
Toplantı iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Heydər Əliyev Mərkəzində keçirilən tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Rayon rəhbərliyinin, fəal gənclərin iştirak etdiyi tədbirdə rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Əliyev çıxış edərək, Zaqatala gənclərinin 2023-cü ildə qazandıqları uğurlardan danışıb, gənclərin fəal surətdə dövlət quruculuğu prosesinə cəlb olunduğunu, onlara öz istedad və bacarıqlarını nümayiş etdirmək üçün hərtərəfli şərait yaradıldığını bildirib. Diqqətə çatdırılıb ki, Azərbaycanda dövlət gənclər siyasətinin formalaşması Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Ulu Öndər respublikamıza rəhbərliyinin bütün dövrlərində sağlam gəncliyin, bu dövlətə sahib dura biləcək, onu inkişaf etdirəcək bir nəslin yetişməsinə çalışıb. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə yeniyetmə və gənclərin hərtərəfli inkişafı və qabiliyyətlərinin üzə çıxarılması üçün geniş imkanlar açılır.
Tədbirdə çıxış edənlər Azərbaycanın hərtərəfli inkişafında gənclərin rolunun danılmaz olduğunu vurğulayıblar.
Rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə çıxış edərək, gəncləri əlamətdar bayram münasibətilə təbrik edib, onlara təhsildə, fəaliyyət göstərdikləri sahələrdə yüksək nailiyyətlər arzulayıb.
Rayonun ictimai-siyasi, mədəni və idman həyatında fəal iştirak edən gənclər Zaqatala Rayon İcra Hakimiyyəti, rayon Gənclər və İdman İdarəsi tərəfindən fəxri fərmanlarla mükafatlandırılıblar.
Tədirin rəsmi hissəsi başa çatdıqdan sonra gənclər üçün bayram şənliyi təşkil edilmişdir. Gənclər bayramı müsiqi sədaları altında rəqs edərək, əyləncə və xoş əhval-ruhiyədə qeyd etmişlər