Şriftin ölçüsü :

Saytın rəngi :

Qəhvəyi mərmər bağacığı ilə bağlı mübarizə tədbirləri gücləndirilib

10 oktyabr 2024 | 09:58

Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) kompleks tədbirləri davam etdirilir.

Tədbirlər çərçivəsində “Qəhvəyi mərmər bağacığına qarşı bitki mühafizəsi tədbirlərinin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamı əsasında yaradılan Regional Əlaqələndirmə Mərkəzində təmsil olunan dövlət qurumlarının nümayəndələrinin Balakən rayonunda görüşü keçirilib.

Görüşdə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Balarəhim Quliyev, həmçinin Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin, Dövlət Gömrük Komitəsinin, Balakən, Zaqatala, Qax və Şəki rayon icra hakimiyyətlərinin, eləcə də digər aidiyyəti qurumların məsul şəxsləri və əməkdaşları iştirak ediblər.

Görüş zamanı Nazirlər Kabinetinin müvafiq Sərəncamından irəli gələn məsələlər haqqında məlumat verilib. Bildirilib ki, ölkə ərazisində aparılan fitosanitar nəzarət tədbirləri çərçivəsində şimal-qərb və qərb regionlarında kütləvi şəkildə qəhvəyi mərmər bağacığı aşkarlanıb. Azərbaycana qonşu Gürcüstandan miqrasiya edən zərərverici əsasən, Zaqatala, Balakən rayonları olmaqla, bəzi rayonların bir sıra yaşayış məntəqələrində müşahidə edilir. Buna görə də qəhvəyi mərmər bağacığının təhlükəsini nəzərə alaraq, sahibkarlar cari mövsümdə feromon tələ və pestisid ehtiyatlarına malik olmalı, zərərvericinin kütləvi artımı baş verdiyi təqdirdə, ona qarşı mübarizə tədbirlərini həyata keçirməlidirlər.

Eyni zamanda vurğulanıb ki, kütləvi sirayətlənmə yerlərində qəhvəyi mərmər bağacığı ilə bağlı mübarizə tədbirləri daha da gücləndirilib. O cümlədən mexaniki və kimyəvi mübarizə yolu ilə məhvetmə tədbirlərinin gücləndirilməsinə dair qərar verilib. Qonşu ölkələrdən respublikamıza yük daşıyan nəqliyyat vasitələri sərhəd-keçid məntəqələrində ayrılmış xüsusi sahələrdə dezinfeksiya olunur. Həmçinin sürücülər qəhvəyi mərmər bağacığı və dezinfeksiya ilə bağlı əməl edilməli olan qaydalar barədə məlumatlandırılır. Eləcə də ölkəmizin şimal-qərb və qərb rayonlarında zərərvericinin qışlama yerlərinin aşkarlaması məqsədilə keçirilən monitorinqlərin sayı artırılıb. Bununla yanaşı, yerli əhali və sahibkarlarla görüşlər keçirilir, onlara zərərvericinin yayılma yolları, iqtisadi zərərləri və mübarizə tədbirləri barədə təfsilatlı izahedici məlumatlar verilir. Yerli əhali arasında qəhvəyi mərmər bağacığı haqqında maarifləndirici buklet və bannerlər paylanır, müvafiq sahələrə yerləşdirilir. Eləcə də mediada məlumatlar yayımlanır, sosial şəbəkələrdə posterlər paylaşılır. Həmçinin Regional Əlaqələndirmə mərkəzlərində “Qaynar xətt” fəaliyyət göstərir. Vətəndaşlar aşağıdakı telefon nömrələrinə zəng vuraraq, qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri barədə məlumatlar əldə edə bilərlər:

+994 99 708 85 88 (Qərb rayonları üzrə)

+994 99 308 85 88 (Şimal-qərb rayonları üzrə).

Keçidlər