“Qala düzü pilləkənləri” Zaqatala şəhərinə estetik gözəllik bəxş edir
Zaqatala şəhərində ötən əsrin ortalarında inşa edilmiş məşhur “Qala düzü pilləkənləri” şəhərin monumental memarlıq abidələri sırasına daxildir. 116 pilləkəndən ibarət olan bu tikinti əhalinin gediş-gəlişini asanlaşdırmaqla yanaşı, şəhərin görkəminə də estetik gözəllik bəxş edir.
1940-cı illərdə inşa olunmuş pilləkənlər forma və quruluşuna görə digər abidələrdən fərqlənir. Tikinti işləri zamanı meydanın yuxarı hissəsində yerləşən dərə ağaclardan təmizlənərək yerində şəhərin yuxarı hissəsini birləşdirən pilləkənlər salınıb. Pilləkənlərin tikintisində yerli sakinlər də yaxından iştirak ediblər. Ötən əsrin 70-80-ci illərində pilləkənlərin yuxarı açıq sahəsində naməlum əsgər şərəfinə məşəl quraşdırılıb. Azərbaycan müstəqillik əldə etdikdən sonra həmin yerdə xalq qəhrəmanlarımızı əks etdirən heykəllər qoyulub.
2018-ci ildə aparılan təmir işləri zamanı pilləkənlərin yararsız vəziyyətə düşmüş mərmər və travertin üzlük materialı sökülərək yanmış qranit üzlüklə əvəzlənib, istinad divarları yenidən tikilərək yerli qaya daşı ilə üzlənib.