Peşələr Festivalının növbəti ünvanı Zaqatala şəhəri olub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən ölkəmizdə ikinci dəfə keçirilən Peşələr Festivalının növbəti ünvanı Zaqatala şəhəri olub.
Festivalda əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev, Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, dövlət və özəl sektorun nümayəndələri, yerli ekspertlər, işəgötürənlər, tələbə və gənclər iştirak edib.
H.Abdullayev ölkəmizdə əhalinin məşğulluğunun və aktiv məşğulluq tədbirlərinin təmin olunması istiqamətində görülən işləri diqqətə çatdırıb.
Yeniyetmə və gənclərin peşələrə marağının artırılmasında və əmək bazarının tələblərinə uyğun peşə seçimində festivalın rolu yüksək qiymətləndirilib.
Qonaqlar təqdim olunan peşələrin stendləri ilə tanış olub, ekspertlərlə söhbət ediblər.
Festival çərcivəsində robototexnika, proqram tərtibatçısı, data analitika, aşpaz, barista, aqronom, bərbər, mobil telefonların təmiri ustası, elektrik avadanlıqların təmiri, yardım masası, Uİ/UX dizayner, qrafik dizayner, geyim üzrə dizayner, fotoqraf/videoqraf peşələri üzrə peşəkar ekspertlər tərəfindən təqdimat və vörkşoplar keçiriləcək.
Qeyd edək ki, bu dəfə də ölkənin 10 rayon və şəhərində “Peşəni peşəkardan soruş!” devizi ilə keçirilən festivalda iştirakçılar peşələr üzrə hansı bacarıqların tələb olunduğunu öyrənir, müxtəlif peşələr üzrə ekspertlərin təqdimatlarında iştirak edir və peşələrlə əyani şəkildə tanış olmaq imkan əldə edirlər.
Bundan başqa festival iştirakçılarına Agentliyin Mərkəzi Karyera filialının karyera məsləhətçiləri tərəfindən peşəyönümü məsləhət xidmətlərinin göstərilməsi təmin edilir, onlara xidmətlər haqqında məlumat verilir.