Şriftin ölçüsü :

Saytın rəngi :

Ombudsmanın Beynəlxalq Sülh Günü münasibətilə “Sülh Aylığı”nın elan olunması ilə bağlı MÜRАCİƏTİ

21 sentyabr 2026 | 15:17

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 30 noyabr 1981-ci il
tarixli qətnaməsi ilə Beynəlxalq Sülh Günü təsis edilmiş, həmçinin 28 sentyabr 2001-ci il
tarixli qətnaməsi ilə 21 sentyabr bu əlamətdar günün hər il qeyd olunacağı tarix kimi
müəyyən edilərək qlobal atəşkəs və zorakılıqdan imtina günü elan olunmuşdur.
Dünyanın müxtəlif bölgələrində davam edən silahlı münaqişələr, humanitar
böhranlar, məcburi yerdəyişmə, zorakılıq, ayrı-seçkilik və nifrət təzahürləri müasir dövrdə
davamlı sülhün təmininin və sülh dəyərlərinin cəmiyyətdə daha geniş təşviqinin xüsusi
əhəmiyyət daşıdığını bir daha göstərir.
BMT tərəfindən 2026-cı il Beynəlxalq Sülh Günü üçün müəyyən edilmiş “Sülhə
sərmayə qoyaq – hər kəs üçün, hər yerdə, hər gün” mövzusu sülhün yalnız müharibə və
zorakılığın olmaması ilə məhdudlaşmadığını, insan hüquq və azadlıqlarına hörmətin,
insan ləyaqətinin qorunmasının, ədalət və bərabərliyin, qarşılıqlı etimad, dialoq və
əməkdaşlığın davamlı sülhün mühüm əsaslarını təşkil etdiyini diqqətə çatdırır. Bu
mənada insan hüquqlarının müdafiəsinə, hüquqi maarifləndirməyə, ictimai həmrəyliyin və
qarşılıqlı etimadın gücləndirilməsinə yönəlmiş hər bir təşəbbüs davamlı sülhə qoyulan
sərmayədir.
Azərbaycan Respublikası regional və qlobal səviyyədə sülhün, təhlükəsizliyin,
dialoq və əməkdaşlığın təşviqinə mühüm əhəmiyyət verir. 2025-ci il 8 avqust tarixində
Vaşinqtonda “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və
dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş”in razılaşdırılmış mətninin
paraflanması və görüşün nəticələrinə dair Birgə Bəyannamənin imzalanması Azərbaycan
ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması və regionda davamlı sülhün
bərqərar olması istiqamətində mühüm mərhələ olmuşdur.
2026-cı ildə də beynəlxalq sülh təşəbbüslərində fəal iştirakını, qlobal sülh və
təhlükəsizliyin möhkəmləndirilməsinə yönəlmiş səylərini ardıcıl şəkildə davam etdirən
respublikamız Sülh Şurasına təsisçi üzv dövlət kimi qoşulmuş, ölkə Prezidenti cənab
İlham Əliyev 22 yanvar 2026-cı ildə Davosda keçirilmiş mərasimdə Şuranın
Nizamnaməsini imzalamışdır. Bu beynəlxalq təşkilatda iştirak Azərbaycanın regional və
qlobal səviyyədə sülh və sabitliyin təşviqinə verdiyi töhfənin mühüm təzahürlərindən
biridir.
Davamlı sülhün bərqərar olması üçün müharibələrin doğurduğu humanitar
nəticələrin, o cümlədən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələrin
aradan qaldırılması, münaqişələrdən zərər çəkmiş insanların hüquqlarının müdafiəsi,
mülki əhalinin təhlükəsizliyinin qorunması, bundan əlavə, itkin düşmüş şəxslərin taleyinə
aydınlıq gətirilməsi, doğma yurdlarına qayıdan insanların təhlükəsiz və ləyaqətli yaşayış
şəraitinin təmin olunması mütləq şərtlərdir.
Müasir dövrdə sülh mədəniyyətinin cəmiyyətin bütün təbəqələrində, xüsusilə
uşaqlar və gənclər arasında aşılanması, insan hüquqları və bərabərlik dəyərlərinə
hörmətin artırılması, tolerantlığın, müxtəlifliyə hörmətin və dialoq mədəniyyətinin inkişaf
etdirilməsi, habelə ayrı-seçkilik, ksenofobiya, nifrət nitqi, zorakılıq və dözümsüzlüyün
bütün formalarının qarşısının alınması da xüsusi aktuallıq daşıyır. Bu istiqamətdə ardıcıl
və məqsədyönlü fəaliyyət qarşılıqlı etimad və dinc birgəyaşayış mühitinin daha da
güclənməsinə xidmət edir.
2
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
tərəfindən əvvəlki illərdə Beynəlxalq Sülh Günü ərəfəsində 21 avqust – 21 sentyabr
tarixlərinin “Sülh Aylığı” elan edilməsi və bu çərçivədə paytaxtda və regionlarda müxtəlif
maarifləndirici tədbirlərin həyata keçirilməsi sülh və insan hüquqları mədəniyyətinin
təşviqinə xidmət edən mühüm institusional təcrübə formalaşdırmışdır. Bu təcrübənin
BMT-nin builki çağırışı nəzərə alınmaqla davam etdirilməsinin əhəmiyyətindən irəli
gələrək, qarşıdan gələn 21 Sentyabr – Beynəlxalq Sülh Günü münasibətilə cari ilin 21
avqust – 21 sentyabr tarixlərini ölkədə “Sülh Aylığı” (bundan sonra – Aylıq) elan edirik.
Aylığın keçirilməsində əsas məqsəd sülhün və insan hüquqlarının qarşılıqlı əlaqəsi
barədə ictimai məlumatlılığın artırılması, cəmiyyətdə qarşılıqlı hörmət və etimad mühitinin
gücləndirilməsi, dialoq və anlaşma imkanlarının genişləndirilməsi, habelə dövlət
qurumlarının, yerli özünüidarəetmə orqanlarının, vətəndaş cəmiyyəti institutlarının və
geniş ictimaiyyətin bu istiqamətdə həyata keçirilən fəaliyyətlərdə iştirakının təşviq
edilməsidir.
Bu baxımdan dövlət orqanlarını, bələdiyyələri, vətəndaş cəmiyyəti institutlarını, o
cümlədən qeyri-hökumət təşkilatlarını (ictimai birliklər və fondlar), media subyektlərini və
həmkarlar ittifaqlarını, elm, təhsil, mədəniyyət, səhiyyə, sosial xidmət müəssisələrini,
beynəlxalq və yerli təşkilatları, habelə digər aidiyyəti qurumları və geniş ictimaiyyəti Aylıq
çərçivəsində çağırışa uyğun olaraq insan hüquqlarına və insan ləyaqətinə hörmətin,
tolerantlıq və dinc birgəyaşayış dəyərlərinin gücləndirilməsinə, ayrı-seçkiliyin, nifrət
nitqinin və zorakılığın qarşısının alınmasına, uşaqların və gənclərin sülh mədəniyyəti
ruhunda maarifləndirilməsinə yönəlmiş konfranslar, dəyirmi masalar, seminarlar, təlimlər,
ictimai müzakirələr, müsabiqələr, sərgilər, məlumatlandırma kampaniyaları və digər
maarifləndirici tədbir və təşəbbüslər həyata keçirməyə dəvət edirik.
Aylıq müddətində həyata keçirilən fəaliyyətlər barədə məlumatların media
resurslarında geniş işıqlandırılması, habelə sosial media platformalarında #SülhAylığı və
#PeaceMonth həştəqlərindən istifadə edilməklə paylaşılması tövsiyə olunur.
İnanırıq ki, həyata keçiriləcək tədbir və təşəbbüslər insan hüquqlarına və insan
ləyaqətinə hörmətin daha da artırılmasına, qarşılıqlı anlaşma və həmrəyliyin
gücləndirilməsinə, cəmiyyətimizdə sülh mədəniyyətinin daha da möhkəmlənməsinə,
eləcə də hər kəsin sülhün qorunmasına töhfə verməsinə xidmət edəcək.
Hörmətlə,
Səbinə Əliyeva
Azərbaycan Respublikasının
İnsan Hüquqları üzrə Müvəkkili
(Ombudsman)
21 avqust 2026-cı il

Keçidlər