Şriftin ölçüsü :

Saytın rəngi :

"Ölkəmizdə dövlət-din münasibətləri qanunvericiliklə tənzimlənir"

13 iyun 2023 | 10:06

İyunun 13-də Zaqatalada Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Müasir çağırışlar və qarşıda duran əsas hədəflər” mövzusunda üçgünlük regional konfrans öz işini davam etdirib.

Konfransın ikinci günündə DQİDK və Zaqatala Rayon İcra Hakimiyyətinin rəsmi şəxsləri, rayonda fəaliyyət göstərən qurumların rəhbərləri, ictimaiyyət nümayəndələri, gənclər iştirak ediblər.

DQİDK-nın sədr müavini Gündüz İsmayılov ölkədəki dini durum, dini icmaların fəaliyyəti, dövlətin dinə qayğısı və tolerantlıq siyasəti barədə danışaraq qeyd edib ki, ölkəmizdə dövlət-din münasibətləri qanunvericiliklə tənzimlənir. Eyni zamanda tərəfimizdən dinin əsas məqsədlərindən olan cəmiyyət, dövlət və ailə üçün faydalı, nümunəvi vətəndaş formalaşdırılması istiqamətində maarifləndirici təbliğat aparılır. Sədr müavini bildirib ki, yad dini ideologiyaların təsiri altına düşənlərin bilgilərinin zəif olması faktını diqqətə aldıqda, cəmiyyətdə təhsil və dini biliklərin paralel şəkildə insanlara çatdırılması, gənclərə dinlər haqqında ümumi məlumatların verilməsi, müqəddəs kitabların mahiyyətinin izah edilməsi önəmli rola malikdir.

Azərbaycanın dünyaya zəngin multikulturalizm modelini təqdim etməsindən də söz açan G.İsmayılov tarixən müxtəlif etno-mədəni qrupların və dini konfessiyaların birgə yaşadığı ölkəmizdə multikulturalizm siyasətinin banisinin məhz Ulu Öndər Heydər Əliyev olduğunu xatırladıb. Sədr müavini Ümummilli Liderin bu siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, bütün dinlərin tarixi, mədəni abidələri və zəngin mənəvi irsinin dövlət tərəfindən qorunduğunu, dini icmaların sərbəst, heç bir maneə olmadan fəaliyyət göstərdiklərini vurğulayıb.

Zaqatala Rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Süleymanova əhalinin dini cəhətdən məlumatlandırılması, dövlət-din münasibətlərinin inkişaf etdirilməsi, zərərli dini təsirlərə qarşı mübarizə və s.  baxımından bölgələrdə keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyətini qeyd edib.

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Zaqatala rayon sektorunun müdiri Kəmalə Əhmədova, Rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Əliyev mövzu ilə bağlı fikirlərini bölüşərək milli-ideoloji cəhətdən dövlətimiz və cəmiyyətimiz üçün mühüm strateji əhəmiyyət kəsb edən dini-ideoloji sahədə mövcud problemlər və əldə edilən uğurlardan danışıblar.

Konfransın işi müzakirələrlə davam etdirilib.

Keçidlər