Şriftin ölçüsü :

Saytın rəngi :

Ölkə ərazisində yaş barama tədarükünə başlanılıb

01 iyun 2024 | 15:16

Respublikamızda ilk olaraq iyunun 1-də Zaqatala rayonunda istehsalçılardan yaş barama tədarükünə başlanılıb. Mövsümün ilk günündə rayonda yerləşən baramaqurutma məntəqəsinə kümçülər tərəfindən 216 kiloqram yaş barama təhvil verilib.

Builki mövsümdə rayonda yaş barama istehsalının 26 tona çatdırılması proqnozlaşdırılır. Barama yetişdirilməsi üçün 200-dək kümçü ilə müqavilə bağlanılıb, onlara 650 qutu, yəni 12 kiloqram 350 qram ipəkqurdu paylanılıb. Əvvəlki illərdə olduğu kimi, bu il də ipəkqurdu toxumu məntəqənin özündə inkubasiya olunub.

Cari mövsümün ilk məhsulunu müəssisəyə Mosul kənd sakini Səbuhi Əsgərov təhvil verib. Onun gətirdiyi yaş barama elektron tərəziyə qoyulub və məhsulun çəkisi 90,5 kiloqram gəlib.

Baramaçılıq gəlirli sahə olduğundan, uzun illərdir ki, barama yetişdirməklə məşğul olur. Bu il müəssisədən 2 qutu, yəni 38 qram ipəkqurdu götürüb, 100 kiloqramdan çox yaş barama istehsal etməyi qarşıya məqsəd qoyub.

Mosul kənd ərazi icra nümayəndəsi Elman Sulxayevin sözlərinə görə, cari mövsümdə kənddə 14 kümçü ailəsinə 28 qutu ipəkqurdu paylanılıb. Bu il kənd üzrə yaş barama istehsalının 1,1 tona çatacağı gözlənilir.

Mövsümün ilk günündə rayonun Maqov və Faldarlı kəndinin kümçüləri də məntəqəyə 100 kiloqrama yaxın yaş barama təhvil veriblər.

Müəssisədə yaş baramanın qəbulu “Azəripək” MMC-nin tədarük üzrə mütəxəssisinin iştirakı ilə həyata keçirilir. Cəmiyyətin məsul nümayəndəsi İlqar Nazarovun bildirdiyinə görə, kümçülərdən tədarük olunan yaş baramanın keyfiyyəti tələb olunan səviyyədədir.

Ötən il olduğu kimi, builki mövsümdə də istehsal olunmuş yaş barama müvafiq qurum tərəfindən 5 manata təhvil alınacaq, dövlət isə istehsal olunan hər kiloqram yaş baramaya görə kümçülərə 6 manat subsidiya ödəyəcək.

Keçidlər