Novruz bayramı münasibəti ilə Zaqatalada ümumrayon şənliyi keçirilib
19 mart 2025 | 14:52
Baharın gəlişi ilə əlaqədar Zaqatalada ümumrayon şənliyi keçirilib. Milli birliyimizin rəmzinə çevrilən bu el bayramı münasibətilə martın 18-da Zaqatala Tarix-Mədəniyyət Qoruğunda ümumrayon şənliyi keçirilib.
Tədbir bayram tonqalının alovlandırılması ilə başlayıb.
Rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə zaqatalalıları xalqımızın qədim el bayramı olan Novruz münasibətilə təbrik edib, həmvətənlərimizə sevinc dolu günlər, bolluq, bərəkət arzulayıb.
Milli geyimli oğlan və qızlar əllərində Novruz xonçaları şənlik iştirakçılarına bayram şirniyyatı paylayıblar. Novruzun personajları olan Kosa və Keçəl tədbir boyunca məzəli oyunları, şən zarafatları ilə hamıya xoş əhval-ruhiyyə bəxş ediblər.
Bayram tədbiri rayonun incəsənət ustalarının, rəqs və folklor kollektivlərinin rəngarəng konsert proqramı ilə davam edib.