Zərərli orqanizmlər qlobal iqlim dəyişikliyi nəticəsində yeni ərazilərə yayılır
Hazırda AXA-nın Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin mütəxəssisləri sirayətlənmiş ərazilərdə monitorinqlər keçirir və kimyəvi mübarizə tədbirləri aparırlar. Aparılan mübarizə tədbirlərinə dəstək göstərilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində AXA tərəfindən müvafiq dərman preparatları ayrılıb, texniki vasitələr səfərbər olunaraq mübarizə tədbirlərinə cəlb olunub. Cəlb edilən texnikalar içərisində BMFM-in Şəki Rayon Mərkəzinin Mobil Bitki Mühafizəsi Dəstəsinin istifadəsində olan 1 ədəd SKOUT tipli çiləyici, 2 traktor və 2 tonluq ventilyatorlu çiləyici artıq 2 həftədir ki, Zaqatala rayonunun Danaçı, Makov və digər kəndlərində kimyəvi mübarizə tədbirlərində fəal iştirak edir. Mübarizə tədbirlərində mütəxəssislər tərəfindən ətraf mühitin mühafizəsinə və pestisidlərlə işləyərkən texniki təhlükəsizlik qaydalarına ciddi diqqət yetirilir.Amerika ağ kəpənəyi polifaq (bütün bitkilərlə qidalanan) zərərvericidir və tırtılları tərəfindən yarpaqların yeyilməsi bitkilərin zəifləməsinə, çoxsaylı zədələnmələr nəticəsində isə məhv olmasına səbəb olur. Zərərverici Azərbaycan şəraitində iki nəsil verir, pup mərhələsində qışlayır. Qışlamış nəslin ilk fərdlərinin pupdan uçması may ayında, ikinci nəslin uçması isə iyulun əvvəlində baş verir.
“Karantin zərərvericisi olan Amerika ağ kəpənəyinə qarşı mübarizə tədbirlərinin vaxtını müəyyən etmək məqsədilə zərərvericinin yayıldığı ərazilərdə qidalandığı bitkilər üzərində hər bir nəslin inkişafı dövründə vaxtaşırı müşahidələr aparılmalıdır. Zərərverici müşahidə edilən ağaclar üzərində tırtılların əmələ gətirdikləri torlu yuvalar kəsilərək tırtıllarla birlikdə məhv edilməli, ağaclar isə dərhal insektisidlərlə dərmanlanmalıdır”,- deyə o vurğulayıb.






