Milli Qurtuluş günü
15 iyun 2023 | 11:01
15 iyun-Milli Qurtuluş günü sadəcə təqvim bayramı deyil, xalqımızın taleyində mühüm əhəmiyyət kəsb edən və tariximizə qızıl hərflərlə yazılan böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Bu qurtuluşu var edən Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında və inkişafında müstəsna rol oynayan xalqımızın ümummilli lideri Heydər Əliyevdir.
Yenidən müstəqillik qazanmaq kimi tarixi fürsəti əldə edən Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşmişdi. AXC-Müsavat cütlüyü yalnız hakimiyyəti saxlamağı düşünərək ölkəmizə faciə gətirmişdi. Ölkədə özbaşınalıq, anarxiya hökm sürürdü, orduda vəziyyət ağır idi. Erməni təcavüzü güclənirdi. Dövlət əmlakının talan edilməsi xalqı acınacaqlı duruma salmışdı. Dövlət idarəetməsində heç bir təcrübəsi olmayan şəxslərin vəzifəyə gətirilməsi suverenliyimizə təhdid yaratmışdı, bütün ölkələrlə münasibətlər korlanmışdı. Bu dövrdə ölkəni bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac var idi. Dövlətin xilasını yalnız Heydər Əliyevin simasında görən Azərbaycan xalqı dahi liderin hakimiyyətə gəlməsini tələb etdi və buna nail oldu. Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Məhz həmin gün sözün əsl mənasında, ölkəmizin taleyində dönüş anı oldu.
Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan məhv olmaqdan və parçalanmaqdan, dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, inkişafın möhkəm təməlləri qoyuldu. Bununla da Azərbaycan ulu öndər Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində gələcəyə inamla baxan qüdrətli bir dövlətə çevrildi. 1993-cü ildə Ulu Öndər Heydər Əliyev xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçildi.
Azərbaycanın müasir siyasi sistemi məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1992-ci ilin noyabrında Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaradılması və Heydər Əliyevin partiyaya sədr seçilməsi faktiki olaraq Azərbaycanda müasir siyasi sistemin yaranmasına səbəb olmuşdur. O vaxtkı antimilli iqtidara qarşı müxalifət kimi yaranmış Yeni Azərbaycan Partiyası bütün Azərbaycanda böyük əks-səda vermiş və qısa müddət ərzində Azərbaycanın aparıcı siyasi qüvvəsinə çevrilmişdir.
Bəli, bütün şüurlu həyatını canından artıq sevdiyi xalqına, Vətəninə həsr etmiş, adı tariximizə həm də müstəqilliyimizin memarı, yeni Azərbaycanın banisi kimi yazılmış Heydər Əliyev Azərbaycanı məhv olmaqdan, parçalanmaqdan xilas etdi, ölkəmizdə asayiş və qayda-qanun bərqərar edildi, Nizami ordu yaradıldı, Qarabağ müharibəsində atəşkəs əldə edildi, münaqişənin dinc yolla nizama salınmasına dair danışıqlara başlandı, idarəetmə sistemi formalaşdırıldı, insanlara öz dövlətinə inamı qaytarıldı, neft müqavilələri imzalandı, Azərbaycanın iqtisadi dirçəlişinin əsası qoyuldu. Məhz 1993-2003-cü illərdə görülmüş işlər sayəsində Azərbaycan inkişaf yoluna qədəm qoydu, beynəlxalq aləmdə daxili siyasətlə bağlı bütün məsələlərdə öz prinsipial mövqeyini nümayiş etdirdi, dünyada böyük hörmətə malik oldu.
Bu gün Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın böyük nailiyyətlər əldə etməsinə səbəb olub. Azərbaycan regionun lider dövlətinə çevrilib, diplomatiya sahəsində uğurlar əldə edilib. Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər də Ulu Öndər Heydər Əliyevin siyasi kursunun uğurlu davamının məntiqi nəticəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş və 30 il ərzində xarabazara çevrilmiş torpaqlarımızda sürətli yenidənqurma və bərpa işləri həyata keçirilməkdədir.
İnanırıq ki, ulu öndər Heydər Əliyevin ideyaları hər zaman yaşayacaq, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz daha uca zirvələri fəth edəcək, xalqımız daha böyük uğurlara imza atacaqdır.
Əsgər Məmmədov
YAP Zaqatala rayon təşkilatının veteranı