Milli Qurtuluş Günü şərəf tariximizdir
Azərbaycan xalqı öz milli qurtuluş mübarizəsinin tarixini yada salarkən, ilk növbədə, bu tarixin yaradıcısı, ümummilli lider Heydər Əliyevi xatırlayır və Ulu Öndərin ölməz ruhu qarşısında baş əyir.
Bu fikir Milli Qurtuluş Günü münasibətilə iyunun 15-də Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən elmi-praktik konfransda səsləndirilib.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin Mərkəzin qarşısında ucaldılmış abidəsi önünə gül-çiçək düzüb, xatirəsini ehtiramla anıblar.
Rayon rəhbərliyinin, ictimaiyyət nümayəndələrinin, ziyalıların iştirak etdiyi tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Sonra 1993-cü ilin iyun hadisələrinə, ümummilli lider Heydər Əliyevə həsr olunan film nümayiş etdirilib.
Konfransda rayon icra hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İlkin Şəfizadənin “15 İyun – tariximizin dönüş günü” mövzusunda məruzəsi dinlənilib. Məruzədə 1993-cü ilin iyun hadisələri ərəfəsində respublikada yaranmış ağır vəziyyət, hökm sürən hərc-mərclik, baş verən ictimai-siyasi proseslər geniş təhlil olunub, məhz Ulu Öndərin müdrikliyi və qətiyyəti sayəsində ölkəmizdə vətəndaş qarşıdurmasına son qoyulduğu, siyasi sabitliyin bərqərar olunduğu, ölkənin xaos, böhran və siyasi çəkişmələrdən azad olduğu xüsusi vurğulanıb.
Tədbirdə YAP Zaqatala rayon təşkilatının sədri Habil Qurbanov, rayon gənclər və idman idarəsinin rəisi Araz Əliyev, Zaqatala Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Vaqif Şabanov çıxış ediblər.
Çıxışlarda 1993-cü ilin iyununda respublikamızda baş verən ictimai-siyasi proseslərə geniş nəzər salınıb, dövlətçiliyimizin qorunması və vətəndaş qarşıdurmasının aradan qaldırılmasında ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri bir daha xatırlanıb. Vurğulanıb ki, müstəqil respublikamızın son illər əldə etdiyi uğurlar birbaşa Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin respublika rəhbərliyinə qayıdışından sonra ölkəmiz sürətli inkişaf yoluna qədəm qoyub, onun layiqli davamçısı İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində ölkəmizin iqtisadi qüdrəti daha da artıb, müstəqil Azərbaycan dünya birliyində öz layiqli yerini tutub. Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızı düşməndən azad edib, 30 illik işğala son qoyulub, üçrəngli bayrağımız doğma Qarabağda, Şuşada ucaldılıb.