Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev şəxsiyyətinin dövlətçilik tariximizdə müstəsna yeri və rolu var

26 oktyabr 2022 | 14:52

Heydər Əliyev şəxsiyyətinin Azərbaycanın dövlətçilik tarixində müstəsna yeri və rolu var. Ümummilli Lider öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub. Azərbaycana rəhbərliyinin hər iki dövründə onunla şəxsən görüşmək şərəfinə nail olduğum üçün özümü xoşbəxt sanıram.

Bu sözləri Zaqatala ziyalısı Tahir Məmmədov AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında deyib.

Uzun illər təhsil sahəsində rəhbər vəzifələrdə çalışan Tahir Məmmədov Ulu Öndərlə görüşlərini belə xatırlayır: “1979-cu ildə Bakıda Azərbaycan Tarixi Abidələrin Mühafizəsi Cəmiyyətinin I qurultayı keçirilirdi. Qurultayda rayonumuzu üç nəfər təmsil edirdik. Ulu Öndər foyedə bizimlə şəxsən görüşdü. Ona Zaqatala rayonu, oradakı tarixi abidələr barədə məlumat verdim. Heydər Əliyev məni diqqətlə dinlədi və rayonumuzdakı adlarını çəkmədiyim digər abidələr barədə də soruşdu, Yuxarı Çardaxlar kəndindəki V əsrə aid “Pəri qalası”nın vəziyyəti ilə maraqlandı. Ulu Öndərin rayonumuzun tarixinə belə dərindən bələd olması bizi çox heyrətləndirdi”.

Tahir Məmmədov 1999-cu ildə ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişinin 30 illiyinə həsr olunan respublika tədbirində yenidən Ulu Öndərlə görüşməyə müvəffəq olur. İdman Kompleksində reallaşan tədbirin sərgi bölməsində Azərbaycanın bütün şəhər və rayonlarında, o cümlədən Zaqatalada 30 ildə tikilib istifadəyə verilən obyektlərin maketləri nümayiş etdirilirdi. O, Zaqatala pavilyonunun rəhbəri kimi, Ulu Öndərə görülən işlər barədə şəxsən məlumat verib. Onun Ümummilli Liderlə növbəti görüşü isə Yeni Azərbaycan Partiyasının qurultayına təsadüf edib.

Bütün Azərbaycan xalqı kimi, zaqatalaların da xalqımızın böyük oğlunun xatirəsini daim uca tutduğunu vurğulayan rayon ziyalısı deyib: “Ulu öndər Heydər Əliyevin 1969-cu il iyulun 14-də Azərbaycan Respublikasının rəhbəri vəzifəsində fəaliyyətə başlamasının ilk günlərindən aydın oldu ki, dahi şəxsiyyətin simasında xalqımız əsl milli lider qazanıb. Heydər Əliyevin ölkə rəhbərliyinə gəlişi ilə cəmiyyətə ədalət gəldi, insanların sönmüş inamı bərpa edildi. Ulu Öndər ana dilində danışan ilk rəhbər idi. Güclü respublika, güclü iqtisadiyyat konsepsiyasından çıxış edən dahi rəhbər qısa zamanda respublikamızın hər yerində, o cümlədən Zaqatala rayonunda iri müəssisələrinin tikintisinə nail oldu.

Heydər Əliyev milli təhsil səviyyəsini və keyfiyyətini yüksəltmək üçün fəal təhsil və kadr konsepsiyasını irəli sürdü. Təhsildə islahatlar dönüş xarakteri aldı. Respublikamızın hər yerində olduğu kimi, Zaqatala rayonunda da təhsil müəssisələrinin maddi-texniki bazasının yaxılaşdırılması sahəsində çox böyük işlər görüldü. Yeni-yeni təhsil müəssisələri tikildi, yüzlərlə zaqatalalı məzun xaricdə təhsil almağa göndərildi”.

Tahir Məmmədov qeyd edib ki, 1976-1980-ci illərdə Heydər Əliyevin rəhbərliyi sayəsində Azərbaycan kənd təsərrüfatının ümumi məhsulunun artımına görə ittifaq respublikaları arasında birinci yerə çıxıb. Aqrar sektorun maddi-texniki bazasının möhkəmləndirilməsi üçün mühüm tədbirlər görülüb. Zaqatala rayonunda həmin illərdə tütünçülük, çayçılıq, gülçülük, baramaçılıq, fındıqçılıq geniş vüsətlə inkişaf etməyə başlayıb. Belə bir dinamik inkişafın arxasında torpağın qədrini bilən əməksevər zaqatalalılar dururdu.

Rayon ziyalısı deyib: “Ulu Öndərin Azərbaycanda hakimiyyətə gəlişi ölkəmizdə yeni dəyərlər sisteminin və ideyaların meydana çıxmasına stimul yaratdı. Ümummilli Liderin müdrik fəaliyyəti ilə cəmiyyətdə özünəinam hissi bərpa edildi, sabitlik üçün ciddi təminat yaradıldı. Dahi şəxsiyyətin irəli sürdüyü dövlətçilik konsepsiyası mahiyyət etibarilə Azərbaycanın tarixi ənənələrini və müasir Avropa dəyərlərini özündə birləşdirən yeni bir inkişaf modeli kimi özünü doğrultdu. Məhz yaradılan bu model Azərbaycanı dünyanın ən inkişaf etmiş dövlətlərinin strateji tərəfdaşına çevrilməsində müstəsna rol oynadı. Ümummilli Lider həmişə xalqın arasında olmağa çalışırdı. Xalqın ən sadə, sıravi üzvündən tutmuş ən böyük ziyalısına qədər insanlarla dostluq etməyi sevərdi”.

Xalqımızın yeni əsrə, yeni minilliyə Ulu Öndərin zəkası işığında qədəm qoyduğunu vurğulayan Tahir Məmmədov qeyd edib ki, elə 44 günlük müharibənin də qalibiyyətlə başa çatması, torpaqlarımızın işğaldan azad edilməsi həm də Heydər Əliyevin davamçısı Prezident İlham Əliyevin uzaqgörənliklə yürütdüyü azərbaycançılıq ideologiyasının məntiqi və uğurlu nəticəsi idi. Xalqımız Vətən müharibəsində vaxtilə Ümummilli Liderin qoyduğu həmrəylik bünövrəsi üzərində möhtəşəm Zəfər qazanıb.

“Azərbaycan Prezidenti İlham Əliyev bu il sentyabrın 29-da 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması haqqında tarixi bir Sərəncam imzalayıb. Dahi şəxsiyyətin anadan olmasının 100 illiyi münasibətilə biz 2023-cü ili “Heydər Əliyev İli” kimi qeyd edəcək, onun nurlu xatirəsini bir daha minnətdarlıqla anacağıq”, - deyə Tahir Məmmədov vurğulayıb.

 

 

 

Keçidlər