Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Azərbaycanın son onilliklər ərzində qazandığı mühüm nailiyyətlərin şəriksiz müəllifidir

18 aprel 2023 | 16:42

Otuz ildən artıq bir müddətdə Azərbaycan dövlətçiliyinin taleyi dahi və uzaqgörən şəxsiyyət, öz xalqını və Vətənini canından artıq sevən ən böyük azərbaycanlı, şərəfli adı bizim üçün həmişə əziz və unudulmaz olan Heydər Əliyevlə bağlı olub. Bu illər xalqımızın milli mənlik şüurunun oyanışı, azadlıq və müstəqillik hissinin güclənməsi, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatının vüsətli dirçəlişi ilə əlamətdardır. Bütün həyatını və siyasi fəaliyyətini böyük tarixi keçmişi və zəngin mədəniyyəti ilə fəxr etdiyi xalqının və Vətəninin tərəqqisinə həsr etmiş Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxaraq, ölçüyəgəlməz irəliləyişə nail olub.

Bu fikirlər Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə aprelin 18-də Zaqatala şəhərində keçirilən “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” mövzusunda toplantıda səsləndirilib.

Əvvəlcə Ulu Öndərin abidəsi önünə gül dəstələri düzülüb, Heydər Əliyev Mərkəzi ilə tanışlıq olub, dahi şəxsiyyətə həsr edilən sərgiyə baxış keçirilib.

Tədbirin əvvəlində Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Ulu Öndərin xatirəsinə həsr edilmiş film nümayiş olunub.

Rayon icra hakimiyyəti başçısının birinci müavini Tofiq Əhmədovun “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” mövzusunda məruzəsi dinlənilib. Qeyd olunub ki, bütün dövrlərdə ən ali örnək kimi qəbul ediləcək böyük vətəndaş, qüdrətli lider Heydər Əliyev yalnız dövlətin tərəqqisi, müstəqil Azərbaycanın, onun vətəndaşlarının işıqlı və xoşbəxt gələcəyi naminə yaşayırdı. Həyatını xalqına fəda edən, "Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram" - deyən Heydər Əliyev Azərbaycanın son onilliklər ərzində qazandığı ən mühüm nailiyyətlərin şəriksiz müəllifidir.

Məruzədə vurğulanıb ki, Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yaranıb və milli dövlət quruculuğu, sabitliyin təmin edilməsi prosesi geniş vüsət alıb. Qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalət, demokratiya, hüquqi dövlət quruculuğu, dünyəvilik kimi ümummilli və ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyulub. Heydər Əliyev bütün varlığı ilə sevdiyi Azərbaycanın müstəqilliyini möhkəmləndirmək, inkişaf etmiş, sivil dünya dövlətləri cərgəsinə çıxarmaq, arzusunda olduğu yeni Azərbaycanın reallaşması naminə var gücü ilə çalışıb.

Diqqətə çatdırılıb ki, Ulu Öndərin bənzərsiz dövlət xadimi kimi şöhrət qazanmasında hər şeydən əvvəl digərlərindən fərqli olaraq yüksək mənəvi, yaradıcı keyfiyyətlərə malik olması, təşəbbüskar və cəsarətli olması və həm də, onun xalq qarşısında duran mütərəqqi tələbatı düzgün müəyyən edərək, bütün fəaliyyətini dövlətin varlığına və onun durmadan inkişafına sərf etməsi olub.

Toplantıda Milli Məclisin deputatı Kamilə Əliyeva, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, ehtiyatda olan general-leytenant Ehram Hacıyev, rayon ziyalısı Rəfael Məcidov çıxış edərək, Ulu Öndər Heydər Əliyevin Vətən və xalq qarşısındakı tarixi xidmətlərindən ətraflı söz açıblar. Vurğulanıb ki, bu gün Prezident İlham Əliyev Ulu Öndərin siyasi kursunu uğurla reallaşdırır. Son illərdə əldə etdiyimiz möhtəşəm nailiyyətlər əminliklə deməyə əsas verir ki, Ümummilli Liderin müəyyənləşdirdiyi və həyata keçirdiyi müdrik siyasi kurs Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirilir. Dövlətimizin başçısının atdığı qətiyyətli və düşünülmüş addımlar Azərbaycan dövlətini qüdrətli və nüfuzlu ölkəyə çevirib.

Qeyd olunub ki, Ümummilli Lider Azərbaycanı parçalanmaq, dağılmaq, siyasi xəritədən silinmək təhlükəsindən xilas edib davamlı inkişaf yoluna çıxarmışdısa, Prezident İlham Əliyev Azərbaycanı qüdrətli bir dövlətə çevirməyi, ölkənin bütün resurslarını ərazi bütövlüyümüzün bərpası üçün səfərbər edərək böyük uğurlar əldə etməyi bacarıb. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük Vətən müharibəsində şanlı Qələbə qazanaraq ərazi bütövlüyümüzü bərpa edib. Cəbhədə qazanılan bu qalibiyyət siyasət masasında qazanılan qələbə ilə möhürlənib.

Toplantı konsert proqramı ilə başa çatıb.

Keçidlər