Fındıq bitkisinin təhlükəli xəstəliyi
Respublikamızda fındıq bitkisi əkin sahəsinə, məhsul istehsalına və ixracına görə qərzəkli meyvə bitkiləri sırasında birinci yeri tutur. Bütün meyvə bitkiləri kimi fındıq bitkisinin də bir çox xəstəlik və zərərvericiləri mövcuddur. Bunlardan biri də fındıqda bakterioz xəstəliyidir.
Fındıqda bakterioz xəstəliyi dünyanın bir çox ölkəsində, əsasən də yüksək yağıntı və rütubət müşahidə olunan ərazilərdə cavan fındıq ağaclarının təhlükəli xəstəliyi kimi tanınır. Bu bakterial xəstəliyə ilk dəfə 2022-ci ildə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan monitorinqlər zamanı Şəki-Zaqatala bölgəsində rast gəlinib. Həmin bakteriya bitkinin zədələnmiş toxumaları və yarpaqdakı ağızcıqlar vasitəsilə bitkiyə daxil olur, zədələnmiş toxumalarda və sirayətlənmiş tumurcuqlarda bir ilə qədər canlı qala bilir. Bakteriya tökülmüş yarpaqlarda 4 aya qədər yaşayır, lakin torpaqda qışlamır. Həmin bakteriyanın inkişafı üçün optimal temperatur 28-32 dərəcə C hesab edilir.
Fındıqda bakterioz xəstəliyindən bitkinin tumurcuqları, yarpaqları, budaqları, gövdəsi, bəzən də meyvələri zərər görür. Xüsusilə yarpaq və çiçək tumurcuqları xəstəliyə çox həssasdır. Sirayətlənmiş tumurcuqlar qismən zərər görə və ya tamamilə məhv ola bilər. Həmin tumurcuqlardan çıxan zoğlar da sirayətlənmiş halda olur. Yarpaqlar üzərində ləkələr dairəvi və ya nizamsız şəkildə 1-2 millimetr olur. Həmçinin yeni əmələ gəlmiş ləkələr əvvəl sarımtıl-yaşıl rəngdə olsa da, sonra qırmızımtıl-qəhvəyi rəngə çevrilir. Sirayətlənmiş zoğlar isə xaricdən qurumuş kimi görünür. Yarpaqlar belə budaqların üzərində qıvrılaraq quruyur və asılı halda qalır. Budaqlardakı yaraları təsbit etmək çətin olur, lakin diqqətlə baxıldıqda qabığın zəif çökdüyünü və qırmızımtıl-qəhvəyi rəngə çevrildiyini müşahidə etmək mümkündür. Gövdədə yaraların əmələ gəlməsi xəstəliyin ən təhlükəli dövrüdür. Yaralar adətən 4 yaşa qədər olan fındıq kollarında müşahidə edilir və bu onların məhvinə səbəb olur. Bakteriya bitkinin aşağı hissəsinə doğru yayıldıqca pöhrələr yerə əyilərək tamamilə quruyur və ya 10-25 santimetr uzunluğunda çatlar yaradır. Belə pöhrələrin üst hissəsində qəhvəyi-qara nekrozları görmək olur ki, sonradan onlar yayıldıqca pöhrəni tamamilə əhatə edir. Meyvə qınlarının üzərindəki ləkələr dairəvi və ya müxtəlif formalı, 1-2 millimetr ölçüsündə tünd-qəhvəyi və yaxud qara rəngdədir. Ləkələr əvvəlcə səthi olsa da, sonradan dərinləşir və sərtləşir. Xəstəliyin təsirindən meyvələrin qabığı üzərində də 1 millimetr ölçüdə ləkələr əmələ gəlir. Həmçinin meyvə qabığı kələ-kötür şəkil alır və meyvənin rəngi bir az sarımtıl olur.
Xəstəlik əsasən sirayətlənmiş əkin materialları ilə yayılır. Təbii yayılma potensialı nisbətən aşağı qəbul edilir. Fındıqda bakterioz xəstəliyi təhlükəli xəstəlik hesab olunur və fındıq bitkisində rast gəlinən digər xəstəliklərdən daha çox iqtisadi ziyan vurur. Sirayətlənmə 1-4 illik ağaclarda daha çox müşahidə olunur və nəticədə məhsul itkisi 1-10 faiz aralığında dəyişir. Həmin xəstəlik səbəbindən Fransada 1975-ci ildən indiyədək 250 mindən çox cavan bitki məhv edilib. İtaliyada xəstəliyin yarpaq və budaqların sirayətləndirməsi nəticəsində 4 illik fındıq ağaclarının 80 faizə qədəri çürüyüb məhv olub. Çilidə isə fındıq bitkisində xəstəlik səbəbindən sirayətlənmənin 60-90 faiz aralığında olduğu müəyyən edilib.
Nəticə olaraq, fındıqda bakterioz xəstəliyinin yayıldığı ölkələrdə yüksək iqtisadi zərər müşahidə edilir. Bu, fındıq istehsalında ciddi zərərli orqanizm hesab olunur və aşkar edildiyi sahələrdə onunla mübarizə aparılmalıdır. Xəstəliyi vaxtında aşkarlamaq və zərərli orqanizmin riskini minimuma endirmək üçün əkin materialları müayinələrə cəlb olunmalıdır. Ciddi sirayətlənmə hallarında, xüsusilə yeni salınan bağlarda və tingliklərdə xəstəlik bitkilərin 10-100 faizədək məhvinə səbəb ola bilir. Bu baxımdan bağ salınarkən torpaq strukturlu və qida maddələri ilə zəngin olmalıdır. Qrunt sularının səthə yaxın yerlərində bağ salınmamalıdır.
Fındıqda bakterioz xəstəliyi aşkar edilən təsərrüfat sahələrində karantin tədbirlərinə əməl olunmalı, xəstəliklə sirayətlənmiş tumurcuqlar və budaqlar yoluxmuş hissədən 60-100 santimetr aşağıdan kəsilərək bağdan çıxarılmalı və ya yandırılaraq məhv edilməli, xəstəlik yayılan bağlarda budama patogenin aktiv olmadığı qış dövründə aparılmalı və budanmış hissələr bağdan çıxarılmalı, gübrələmə və becərmə işləri vaxtında və düzgün həyata keçirilməlidir. Həmçinin xəstəliyə qarşı kimyəvi mübarizə fındıq ağaclarının həssas olduğu üç dövrdə - məhsul yığımından sonra, yarpaqların töküldüyü vaxt və erkən yazda 0.3 faiz yapışdırıcı əlavə olunmaqla 1 faizli Bordo məhlulundan istifadə etməklə aparılmalıdır. Birinci çiləmə avqustun axırları - sentyabrın əvvəllərində, ikinci çiləmə yarpaqların 75 faizinin töküldüyü dövrdə, üçüncü çiləmə isə erkən yazda, tumurcuqların açıldığı dövrdə və küləksiz havada həyata keçirilməlidir. Eləcə də fındıq bağlarında budama zamanı bir koldan digərinə keçərkən alətlər 10 faizli natrium-hipoxlorid məhluluna salınaraq dezinfeksiya edilməlidir.
Geniş ərazilərdə yayılmasının qarşısının alınması məqsədilə qonşu dövlətlərlə sərhəd-keçid məntəqələrində və həmsərhəd ərazilərdə fitosanitar nəzarəti tədbirlərinə ciddi şəkildə əməl edilməli, əkin üçün nəzərdə tutulan tinglər və calaq materialları zərərli orqanizmlərdən azad olmalıdır.