Dövlət Suverenliyi Günü qeyd edildi
20 sentyabr 2026 | 09:53
Zaqatala rayon Heydər Əliyev Mərkəzində 20 Sentyabr – Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü münasibətilə “Suveren Azərbaycan - Qürurumuz və Zəfərimiz” mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonun idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri əvvəlcə Ulu Öndərin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Tədbirin əvvəlində Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş Şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Suverenliyi Gününə həsr olunmuş film nümayiş etdirilib.
Sonra Zaqatala RİHBA-nın Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Anar Seyidovun məruzəsi dinlənilib. Məruzədə Dövlət Suverenliyi Gününün əhəmiyyətindən, müasir dövlətçiliyimizin möhkəmlənməsində həlledici rolundan, 2020-ci ildə qazanılan Şanlı Zəfər və 2023-cü ildə lokal antiterror əməliyyatları respublikamızın suverenliyinin tam və ədalətli bərpası ilə nəticələndiyində bəhs olunub.
Tədbirdə çıxış edən digər natiqlər, 20 Sentyabr – Dövlət Suverenliyi Gününün tarixi əhəmiyyətini diqqətə çatdırıb, həmçinin gənc nəslin dövlətçilik ənənələrinə, milli-mənəvi dəyərlərə və vətənə bağlı ruhda formalaşmasının önəmli olduğu qeyd etmişlər.






