Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirildi
17 sentyabr 2026 | 10:01
Zaqatala Rayon İcra Hakimiyyətində Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 may tarixli 1044 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinininkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"ndan irəli gələn məsələlərlə bağlı rayon müşavirəsi keçirilmişdir.
Müşavirədə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, Kənd Təsərrüfatı Nazirinin mavini İlhamə xanım Qədimova, aidiyyəti qurumların rəhbərləri, sahibkarlar, fermer və kənd təsərrüfatı işçiləri iştirak etmişlər.
Müşavirəni giriş sözü ilə açan rayon rəhbəri ölkədə aqrar sahənin inkişafı, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi və kənd təsərrüfatının dayanıqlılığının təmin edilməsi istiqamətində qarşıya qoyulan vəzifələrin əhəmiyyətini vurğulayıb, dövlət başçısının müəyyən etdiyi prioritetlərə uyğun olaraq rayonunda görülən işlər barədə məlumat verib, kənd təsərrüfatı sahəsində mövcud imkanlar, sahibkarlıq fəaliyyəti üçün yaradılmış şərait və həyata keçirilən infrastruktur layihələrindən danışıb
Sonra Kənd Təsərrüfatı Nazirinin müavini İlhamə xanım Qədimova Dövlət Proqramının əsas hədəflərindən danışmış, qarşıdakı dövrdə əsas diqqətin məhsuldarlığın artırılmasına, resurslardan səmərəli istifadəyə, istehsal-emal əlaqələrinin gücləndirilməsinə və fermerlərin gəlirlərinin artırılmasına yönəldiləcəyini müşavirə iştirakçılarının diqqətinə çatdırmışdır.
Sonda rayonun aqrar sahəsində mövcud vəziyyət, fermer və sahibkarların qarşılaşdığı məsələlər, Dövlət Proqramından irəli gələn tədbirlərin icrası və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Fermer və sahibkarların təklifləri dinlənilib, sualları cavablandırılıb.






