Dənli və texniki bitkilərin yığımı dövründəvə meşələrdə yanğın təhlükəsizliyiqaydaları
Kənd təsərrüfatında məsul bir dövrün- dənli və texniki bitkilərinyığımı mövsümünün astanasındayıq. Taxıl yığımı və heyvandarlığın inkişafı məqsədilə mal-qara üçün silos, senaj, quru ot tədarükünün artırılması respublika iqtisadiyyatında önəmli rol oynadığına görə bu sahələrin, bütövlükdə kənd təsərrüfatının inkişafı istiqaməti daim diqqət mərkəzindədir.
Əlbəttə, bol məhsul yetişdirməklə yanaşı, onun tədarükü, emalı da mühüm şərtdir. Ona görə də, dənli və texniki bitkilərin tədarükü ilə bağlı qarşıya qoyulan vəzifələrin həllində bu əhəmiyyətli məhsulun, xüsusən strateji əhəmiyyətli taxılın yanğın təhlükəsizliyi də daima diqqət mərkəzində olmalı, bütün zəruri tədbirlər həyata keçirilməlidir.
Qeyd edək ki, hər il ot və taxıl yığımı mövsümünə hazırlıq dövründə Dövlət Yanğın Nəzarəti Xidməti bütün regionlarda yerli icra hakimiyyətlərinin, bələdiyyə sədrlərinin, fermerlərin, aqroservis rəhbərlərinin, meşə mühafizəsi vəbərpası idarələri işçilərinin iştirakı ilə seminarlar, yanğına qarşı təbliğat xarakterli tədbirlər həyata keçirir. Amma hər il bu tədbirlərin keçirilməsinə baxmayaraq, təəssüf ki, taxıl sahələrində, meşələrdə yanğın hadisələri baş verməkdədir.
Araşdırma zamanı yanğınların müxtəlif səbəblərdən, siqaret çəkmə zamanı ehtiyatsızlıqdan, nəqliyyat vasitələrinin sistemlərinin, mexanizmlərinin və hissələrinin nasazlığından, yüksək gərginlikli hava elektrik xətlərində baş verən qəzadan, ocaqdan düşən qığılcımdan, kombaynlarda və digər texikaların atqı borularında qığılcımsöndürənin olmamasından, biçilmiş sahələrin yandırılması səbəbləri ilə baş verdiyi məlum olmuşdur.
Biçilmiş taxıl sahələrinin yandırılması qadağandır və buna görə taxıl sahəsinin sahibi məsuliyyət daşıyır.
Dənli və texniki bitkilərin yetişdiyi dövrdə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir sıra digər zəruri tədbirlər təxirə salınmadan həyata keçirilməlidir. Belə ki, meşə zolaqları, avtomobil və dəmir yolları taxıl zəmilərinə yaxın olduqda onların arası biçilməli və eni 4 metrdən az olmamaqla şumlanmalıdır. Biçilmiş ot, taxıl zəmilərindən ən azı 30 metr aralıda tayaya vurulmalıdır. Taxıl yetişən zaman cavabdeh şəxslər tərəfindən zəmiləri yanğından qorumaq məqsədi ilə keşikçilər ayrılmalıdır. Biçilmiş ot və taxıl həmin sahədən kənara daşınmalıdır. Taxıl yığımı, ot tədarükü zamanı müvəqqəti tarla düşərgələri taxıl zəmilərindən, xırmanlardan və s. yanğın təhlükəli yerlərdən ən azı 100 metr kənarda yerləşdirilməlidir.
Meşələrin məhv olmasının əsas səbəblərindən biri də yanğınlara məruz qalmasıdır. Məhz buna görə insanların həyat fəaliyyətində mühüm rol oynayan meşələri yanğından qorumaq üçün Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti isti yay günlərində vətəndaşlara yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etmələrini tövsiyə edir.
Yanğın təhlükəsi olan meşə sahələri, meşə yolları və digər torpaqlarla həmsərhəd olan sahələr yanğın əleyhinə 2-3 metr enində şumlanmalı, meşənin quru ot və odun qalıqlarından təmizlənməsi və meşə ərazisində yerləşdirilən hər hansı tikilinin ətrafının 15 metr radiusda şumlanması təmin edilməlidir. Meşədən və ya meşə zolağından keçən avtomobil və dəmir yollarının hər iki tərəfi 10 metr məsafədə yanar materiallardan təmizlənməli, meşələr yanğına qarşı minerallaşdırılmış zolaqlarla təmin edilməlidir.
Ot-taxıl biçini mövsümündə tarlalarda və meşə massivlərində yuxarıda qeyd edilənyanğın təhlükəsizliyi qaydalarına ciddi əməl edilməsi üçün hər birimiz üzərimizə düşən vəzifəni yerinə yetirməklə, sağlamlığımızın mənbəyi olan meşələrimizin yanğından qorunmasını təmin edək!
Biçilmiş taxıl sahələrinin yandırılması qadağandır və buna görə taxıl sahəsinin sahibi məsuliyyət daşıyır. Beləki,əkin sahələrinin yandırılmasına görə şəxslər İXM-nin 244.1 maddəsində nəzərdə tutulmuş məsuliyyət barədə fiziki şəxslər 400-600, vəzifəli şəxslər 1500-2000,hüquqi şəxlər 5000-6000 manatadək cərimə olunacaqlar.Həmçinin həmin şəxslər gələcək il üçün subsidyaları ala bilməyəcəklər.
FHN DYNX-in Yanğına qarşı təbliğat şöbəsi