Şriftin ölçüsü :

Saytın rəngi :

Bu qoruqda Azərbaycan florasının 25 faizi yerləşir

15 oktyabr 2024 | 10:31

Azərbaycanda ekoloji vəziyyəti yaxşılaşdırmaq, ətraf mühitin mühafizəsini təmin etmək məqsədilə kompleks tədbirlər həyata keçirilir. Hazırda Azərbaycanda 893 min hektar sahəni əhatə edən mühafizə olunan təbiət əraziləri fəaliyyət göstərir. Bunlardan 10-u milli park, 10-u dövlət təbiət qoruğu, 24-ü dövlət təbiət yasaqlığıdır. Ümumilikdə, xüsusi mühafizə olunan təbiət əraziləri ölkə ərazisinin 10,3 faizini təşkil edir. 2003-cü ilədək isə bu göstərici yalnız 4,5 faiz idi.

Azərbaycanın xüsusi mühafizə edilən təbiət ərazilərindən biri də Zaqatala Dövlət Təbiət Qoruğudur. Qoruq 1929-cu ildə Böyük Qafqaz sıra dağlarının cənub yamaclarında yaradılıb. Zəngin flora və faunası ilə seçilən, 979 bitki və 213 heyvan növünün qorunub saxlandığı bu qoruq Cənubi Qafqazda yaradılan ilk qoruqlardan biridir.

Zaqatala Dövlət Təbiət Qoruğu yalnız respublikamızın şimal-qərb bölgəsinin deyil, bütövlükdə Azərbaycanın yüksək dəyərə malik milli sərvətlərindəndir. Yarandığı vaxt qoruğun ərazisi 28 min 214 hektar olub. 2008-ci ildə Nazirlər Kabinetinin müvafiq sərəncamı və qərarı ilə qoruğun ərazisi genişləndirilərək 47 min 349 hektara çatdırılıb, eyni zamanda, 6 min 557 hektar sahədə həmsərhəd ərazilərin fauna və florasını qorumaq məqsədilə Zaqatala Dövlət Təbiət Yasaqlığı da təşkil olunub.

Zaqatala və Balakən rayonlarının inzibati ərazisində yerləşən qoruğun ərazisinin 39 min 338 hektarını meşələr, 4 min 989 hektarını subalp və alp çəmənlikləri, 1903 hektarını daşlı və qayalıqlı sahələr, 591 hektarını təbii seyrəkliklər, qalan ərazini isə meşəaltı açıqlıqlar, mühafizə zolaqları təşkil edir. Qoruğun ərazisində başlanğıcını qarlı zirvələrdən götürən müxtəlif çaylar axır. Bu çaylar Alazan vadisinin formalaşmasında mühüm rol oynayır. Qoruğun ən yüksək zirvəsi dəniz səviyyəsindən 3648 metr hündürlüyü olan Quton dağı hesab edilir.

Zaqatala Dövlət Təbiət Qoruğu çox zəngin bitki örtüyü və heyvanat aləminə malikdir. Ərazinin mürəkkəb relyef quruluşuna malik olması, həmçinin dəyişən iqlim şəraiti qoruğun flora və faunasının zənginliyinə səbəb olub. Qoruğun aşağı meşə qurşağında fıstıq, palıd, vələs, cökə, göyrüş, şabalıd, qoz, ayı fındığı, müxtəlif növ ağcaqayın meşələri üstünlük təşkil edir. Burada, eyni zamanda, qaramurdarça, zoğal, əzgil, alça, leyləkotu, gəndalaş, Qafqaz çayı, böyürtkən və başqa kol bitkiləri də geniş yayılıb. Dəniz səviyyəsindən 1800-2100 metr hündürlükdə parkşəkilli subalp meşələrinə rast gəlmək mümkündür. Ərazidə 2400 metrdən başlayaraq 3000 metr yüksəkliyədək davam edən alp çəmənlikləri tədricən qayalıq bitkiləri ilə növbələnir. Ən yüksək dağlıq hissədə isə tundra iqliminə oxşar şərait mövcuddur.

Qeyd edək ki, Zaqatala Dövlət Təbiət Qoruğunun florasında 152 fəsiləyə və 465 cinsə mənsub 827 bitki növü müəyyən olunub. Bu, Azərbaycan florasının təxminən 25 faizini təşkil edir. Qoruq ərazisində bitən 67 növ bitki Azərbaycan Respublikasının “Qırmızı kitabı”na düşüb.

Qoruğun heyvanat aləmi də çox müxtəlifdir. Ən son tədqiqatlara əsasən, burada mövcud olan 171 növ quşun 22 növünün, 48 növ məməli heyvanın isə 11 növünün adı “Qırmızı kitab”a salınıb. Bundan əlavə, ərazidə mövcud olan 18 növ sürünən heyvanın 2-sinin, 8 növ suda-quruda yaşayanın 3-nün və 7 növ balığın 1 növünün adı da “Qırmızı kitab”a daxil edilib.

Zaqatala Dövlət Təbiət Qoruğunda Azərbaycan və ümumiyyətlə, Qafqaz ekoregionu üçün əhəmiyyətli olan 5 növ cütdırnaqlı, o cümlədən Şərqi Qafqaz turu, nəcib Qafqaz maralı, Avropa cüyürü, köpgər və çöl donuzu, 10 növ yırtıcı, o cümlədən Qafqaz qonur ayısı, canavar, vaşaq, meşə pişiyi, çaqqal, tülkü, yenot, meşə və daşlıq dələləri, gəlincik, həmçinin məməli heyvan və quşlardan Qafqaz uları və Qafqaz tetrası yaşayır. Tur və maralların sayına görə Zaqatala Qoruğu Cənubi Qafqazın digər qoruqları arasında ilk yerdə qərarlaşıb.

Ərazidə aparılan fasiləsiz müşahidə və tədqiqatlar, elmi işlər qoruğun “Təbiət salnaməsi”ndə ümumiləşdirilərək öz əksini tapıb.

1959-cu ildən qoruğun nəzdində “Təbiət muzeyi” fəaliyyət göstərir. Almanəsilli taksidermist Vilhelm Reys tərəfindən yaradılan muzeydə qoruğun təbiəti, onun heyvanat və bitki aləmi çox məharətlə əks olunub. Onun həyat yoldaşı Qalina Reysin çəkdiyi rəsmlər isə ərazinin landşaftını özündə əks etdirir. Ekoloji maarifləndirmə işinə xidmət edən muzeydə bütün zonanın təbii landşaftlarında və qoruğun öz ərazisində yaşayan heyvanat aləmi, ağac cinslərindən fotoplakatlar və 100-dək eksponat nümayiş etdirilir.

Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Zaqatala Dövlət Təbiət Qoruğunun bazasında “Biosfer rezervatı”nın yaradılması üzərində iş davam etdirilir. Layihənin məqsədi bu ərazilərdə mövcud olan nadir və nəsli kəsilmə təhlükəsi qarşısında qalan fauna və flora elementlərinin daha effektli qorunub saxlanılmasını təmin etməkdir.

Keçidlər