Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Azərbaycanın əldə etdiyi bir çox uğurlar Ulu Öndərin adı ilə bağlıdır

12 dekabr 2023 | 14:22

Ümummilli Lider Heydər Əliyev Azərbaycan tarixində, eləcə də xalqımızın yaddaşında müstəqil və suveren dövlətin simvolu, cəsur insan, böyük vətəndaş kimi qalıb. O, Azərbaycanın ən yeni tarixində müstəqil dövlətin siyasi, iqtisadi, hüquqi, sosial-mədəni, elmi əsaslarını yaradan milli inkişaf strategiyasının müəllifidir. Bu gün Azərbaycanın əldə etdiyi bir çox uğurlar Ulu Öndərin adı ilə bağlıdır.

Ümummilli Lider Heydər Əliyev vəfatının 20-ci ildönümü Zaqatala rayonunda böyük ehtiramla anılıb. Dekabrın 12-də rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, ayrı-ayrı əmək kollektivlərinin nümayəndələri, ağsaqqal və gənclər, sadə insanlar səhər saatlarından başlayaraq Ulu Öndərin Zaqatala şəhərindəki mədəniyyət və istirahət parkında ucaldılan abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Sonra rayondakı Heydər Əliyev Mərkəzində “Zəfərlərimizin banisi – Heydər Əliyev” mövzusunda elmi-praktik konfrans keçirilib. Əvvəlcə Dövlət Himni səsləndirilib, Ümummilli Liderin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb, Ulu Öndərin xatirəsinə həsr edilmiş film nümayiş olunub.

Konfransda çıxış edən rayon icra hakimiyyəti başçısının birinci müavini Tofiq Əhmədov zəngin və mənalı həyatını Vətəninə, xalqına həsr edən Ümummilli Liderin əvəzsiz xidmətlərindən danışıb. Bildirilib ki, dünyada mənsub olduğu xalqların tarixində əbədi yaşamaq haqqı qazanmış nadir şəxsiyyətlər var ki, onlar həm öz ölkələrinə, həm də geniş mənada, bəşəriyyətə aid olan tarixi şəxsiyyətlərdir. Öz xalqı və dövləti qarşısındakı misilsiz tarixi xidmətləri ilə əbədiyyət qazanmış görkəmli dövlət xadimi Heydər Əliyev həm də dünya miqyasında XX əsrin qüdrətli liderlərindən biri kimi qəbul olunur. Azərbaycan xalqının XX əsrin ortalarından sonrakı tarixi taleyində mühüm rol oynayan Heydər Əliyev tarixin ən çətin və mürəkkəb ictimai-siyasi şəraitində mənsub olduğu xalqı zamanın qasırğalarından qoruyub çıxarmağı və irəli aparmağı bacarıb. Müasir Azərbaycanın mürəkkəb və taleyüklü dövründə dövlətə rəhbərlik missiyasını öz üzərinə götürən Heydər Əliyev xilaskarlıq və quruculuq missiyasını şərəflə yerinə yetirməklə, nəinki xalqımızın ən parlaq siması, eləcə də dünya siyasi elitasının görkəmli şəxsiyyətlərindən biri kimi tarixdə silinməz iz qoyub.

Diqqətə çatdırılıb ki, Ulu Öndər özündən sonra Azərbaycan dövlətini müstəqil, milli maraqlara və milli-mənəvi dəyərlərə, xalqın ali iradəsinə əsaslanan siyasət həyata keçirməklə zirvələrə daşıyacaq Lider yetişdirməklə dövlətçilik tariximizdə ən böyük xidmətlərindən birini göstərib. Heydər Əliyevin inamı, xalqın böyük etimadı özünü tam doğruldub. Onun layiqli davamçısı olan İlham Əliyev xalqın iradəsi əsasında Prezident seçildikdən sonra ölkəmizin inkişafında yeni mərhələnin əsası qoyulub. Azərbaycan öz iqtisadi, siyasi gücü, hərbi qüdrəti, xalqımızın mübarizə ruhu və əzmi ilə yeni zirvələri fəth etməyə doğru inamla irəliləməyə başlayıb. Müzəffər Ali Baş Komandanın “dəmir yumruğ”u ilə 44 gün ərzində Qarabağın işğaldan azad edilməsi tarixlərə sığmayacaq qədər möhtəşəm hadisədir. İşğaldan azad edilmiş torpaqlarımızın tarixi zəfərdən sonra böyük sürətlə yenidən qurulması əfsanələrin, nağılların gerçəkləşdirilməsi deməkdir.

Konfransda YAP Zaqatala rayon təşkilatının fəalı, rayon Ağsaqqallar Şurasının sədr müavini Tahir Məmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbə müdiri İlqar Vəliyev və Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialının direktor vəzifəsini müvəqqəti icra edən Raqif Qasımov çıxış edərək, Ulu Öndər Heydər Əliyevin Vətən və xalq qarşısındakı tarixi xidmətlərindən ətraflı söz açıblar. Vurğulanıb ki, bu gün Prezident İlham Əliyev Ulu Öndərin siyasi kursunu uğurla reallaşdırır. Son illərdə əldə etdiyimiz möhtəşəm nailiyyətlər əminliklə deməyə əsas verir ki, Ümummilli Liderin müəyyənləşdirdiyi və həyata keçirdiyi müdrik siyasi kurs Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirilir.

Keçidlər