“Azərişıq” ASC Zaqatalada sahibkarlarla görüş keçirib
Zaqatala rayonunda “Azərişıq” ASC-nin nümayəndələri ilə yerli sahibkarların görüşü keçirilib.
Əllidən çox sahibkar və fermerin iştirakı ilə keçirilən görüşdə “Azərişıq” ASC-nin “ASAN xidmət”lə iş departamentinin direktor müavini, həmçinin Şimal-Qərb RETSİ-nin rəhbəri, eləcə də qurumun mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi iştirak edib.
Görüşdə qeyd olunub ki, dövlət başçısının tapşırıqları əsasında bu gün ölkənin ucqar rayonlarında elektrik şəbəkələri yeniləri ilə əvəzlənir. Müxtəlif gücdə yarımstansiyalar tikilir, şəbəkələr tamamilə yenilənir, müasir transformatorlar quraşdırılır. Müasir şəbəkələrin qurulması enerji itkisinin qarşısının alınması ilə yanaşı, əhali və qeyri-əhali abonentlərin fasiləsiz, dayanıqlı elektrik enerjisi ilə təmin olunmasına hesablanıb. Bütün regionlarımızla yanaşı, bu işlər həm də işğaldan azad olunan ərazilərimizdə tam gücü ilə aparılır.
Həmçinin qurumun elektron xidmətləri barədə də sahibkarlarla maarifləndici söhbətlər aparılıb. Abonentlərin ofis və evlərindən çıxmadan onlayn qaydada quruma müraciət etmə imkanları ətraflı izah edilib. Fermerlərin müxtəlif məsələlərlə bağlı sualları dinlənilib, qaldırdıqları bəzi problemlər yerində həll olunub.
Qeyd edək ki, “Azərişıq” ASC-nin nümayəndələri sahibkarlarla görüşləri digər regionlarda da mütəmadi şəkildə davam etdirəcək.