Azərbaycanın müasir tarixinin bütöv bir mərhələsi Ulu Öndərin adı ilə bağlıdır
Azərbaycanın müasir tarixinin bütöv bir mərhələsi, eləcə də müstəqil dövlətimizin inkişafı ümummilli lider Heydər Əliyevin adı və fəaliyyəti ilə sıx bağlıdır. Heydər Əliyev öz dərin zəkası, liderlik xarizması, milli ideallara, adət-ənənələrə möhkəm bağlılığı, zəngin idarəçilik keyfiyyətləri ilə ölkəmizin gələcək inkişafı üçün möhkəm zəmin yaradıb. Azərbaycanın siyasi həyatı və bütövlükdə cəmiyyətimiz Ulu Öndərin böyük səyləri nəticəsində yeni inkişaf mərhələsinə qədəm qoyub.
Bu fikirlər ümummilli lider Heydər Əliyevin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəlişinin ildönümü münasibətilə iyulun 14-də Zaqatala şəhərində keçirilən “Tərəqqi yolunun başlanğıcı” mövzusunda elmi-praktik konfransda səsləndirilib.
Rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri əvvəlcə Ulu Öndərin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Heydər Əliyev Mərkəzində keçirilən konfransın əvvəlində Azərbaycanın Dövlət Himni səsləndirilib, dahi şəxsiyyətə həsr olunan film nümayiş etdirilib.
Konfransda Zaqatala Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Əhmədovun məruzəsi dinlənilib. Məruzədə Ümummilli Liderin zəngin həyat yolu və çoxsahəli fəaliyyətindən geniş bəhs olunub. Bildirilib ki, xalqımız hər il iyulun 14-də nadir tarixi şəxsiyyətlərdən biri, dünyaşöhrətli siyasətçi Heydər Əliyevin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəlişinin növbəti ildönümünü qeyd edir. 1969-cu ilin iyulunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib. Məhz bu təyinatla Azərbaycanın müasir tarixində dönüş mərhələsinin təməli qoyulub. Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi və zəngin biliyi ölkəmizin bütün sahələr üzrə dinamik inkişafına zəmin yaradıb, illər keçdikcə Azərbaycan ittifaq məkanında qabaqcıllar sırasına yüksəlib.
Diqqətə çatdırılıb ki, dahi rəhbərin hakimiyyətdə olduğu illərdə respublikamızın hər yerində, o cümlədən Zaqatala rayonunda çox böyük quruculuq işləri görülüb, rayon iqtisadiyyatı sürətlə inkişaf edib, yeni istehsal müəssisələri fəaliyyətə başlayıb. Həmin illərdə rayonda onlarla sosial təyinatlı obyekt, o cümlədən təhsil, səhiyyə və mədəniyyət ocaqları tikilib istifadəyə verilib, yeni yollar, körpülər salınıb.
Konfransda səslənən çıxışlarda dahi rəhbərin Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi yolundakı tarixi xidmətlərindən, onun respublikamıza rəhbərlik etdiyi dövrlərdə ölkəmizin qazandığı uğurlardan geniş bəhs edilib, Ulu Öndərin siyasi xəttinin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi xüsusi vurğulanıb.