Azərbaycanın dövlət müstəqilliyi xalqımızın tarixi nailiyyətidir
Müstəqillik hər bir xalqın tarixində onun özünüifadəsinin və özünütəsdiqinin ən ümdə əlaməti kimi səciyyələndirilir. Fəxrlə demək olar ki, qazanılan nailiyyətlər baxımından bu gün ölkəmiz əslində dünya üçün bir nümunəyə çevrilib. XX əsrin sonlarında beynəlxalq aləmdə və Sovet İttifaqında yaranan vəziyyət xalqımıza qəlbində yaşatdığı müstəqillik arzularını yenidən reallaşdırmaq imkanı verdi. Bu, xalqımızın siyasi tarixində həmin əsrdəki ikinci parlaq qələbəsi idi.
Bu fikirlər Müstəqilliyin Bərpası Günü münasibətilə oktyabrın 18-də Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən “Tarix yazan əbədiyaşar lider” mövzusunda elmi-praktik konfransda səsləndirilib.
Tədbir iştirakçıları əvvəlcə müstəqil Azərbaycanın memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin Mərkəzin qarşısında ucaldılan abidəsi önünə gül dəstələri düzüb, dahi rəhbərin xatirəsini ehtiramla yad ediblər.
Konfransın əvvəlində Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra “Müstəqilliyimiz əbədidir” adlı film nümayiş olunub.
Rayon icra hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Süleymanovanın məruzəsində XX əsrin sonunda Azərbaycanın müstəqilliyinin bərpası, Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda hakimiyyətə qayıdışından sonra dövlət müstəqilliyimizin qorunub saxlanması uğrunda apardığı qətiyyətli mübarizə və ölkəmizin əldə etdiyi uğurlardan geniş bəhs edilib. Bildirilib ki, Azərbaycanda dövlət müstəqilliyinin dönməz və əbədi olması, möhkəmlənməsi, ölkəmizin dinamik inkişafı məhz Ulu Öndərin adı və fəaliyyəti ilə sıx bağlıdır. 1993-cü ilin iyununda Azərbaycan xalqı vətəndaş müharibəsi, parçalanmaq təhlükəsi ilə üzləşdiyi bir vaxtda yeganə xilas və ümid yerimiz olan Heydər Əliyev xalqın tələb və istəyi ilə yenidən hakimiyyətə qayıdıb. Ulu Öndərin ölkə rəhbərliyinə qayıdışından sonra Azərbaycanın dövlət müstəqilliyinin əbədiliyi və dönməzliyi təmin edilib, respublikamız yeni inkişaf dövrünə qədəm qoyub.
Qeyd olunub ki, Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində hazırda Azərbaycan regionda lider dövlətə çevrilib, müstəqil dövlət kimi beynəlxalq aləmdə nüfuzu get-gedə artır. Azərbaycanın bütün sahələrdə sürətlə inkişaf etməsi, dünya dövlətləri arasında öz yerini daha da möhkəmləndirməsi, həm siyasi, həm də iqtisadi cəhətdən regionun aparıcı dövlətlərindən birinə çevrilməsi inkarolunmaz reallıqdır. İqtisadi artım tempinə görə ölkəmiz nəinki regionda, həm də dünyada lider mövqeyə çatıb.
Diqqətə çatdırılıb ki, Azərbaycanın 32 illik müstəqilliyinin yarıdan çoxu Prezident İlham Əliyevin adı ilə bağlıdır. Hər bir azərbaycanlının Prezidenti olan İlham Əliyev təkcə Azərbaycanda deyil, dünyanın hər yerində yaşayan soydaşlarımıza Zəfər sevincini yaşadıb. 20 illik bir dövrün ən gözəl, möhtəşəm, əzəmətli akkordları 44 günlük Vətən müharibəsində vurulub. Bu il oktyabrın 15-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən əzəli torpaqlarımız olan Xankəndi, Xocavənd, Xocalı, Ağdərə şəhərlərində, eləcə də Əsgəran qəsəbəsində üçrəngli Dövlət Bayrağımızın ucaldılması ölkəmizin bütün ərazilərində suverenliyimizin bərpasının təntənəsi olmaqla, yüksək qürur və iftixar hissi ilə qarşılanıb.
Konfransda, həmçinin Zaqatala hərbi prokuroru Emin Quliyev, rayon Statistika İdarəsinin rəisi Fəxrəddin Qurbanov, rayon icra hakimiyyəti başçısının Əliabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Həsən Həsənov mövzu ilə bağlı çıxış ediblər. Çıxışlarda Azərbaycanın dövlət müstəqilliyinin xalqımızın tarixi nailiyyəti olduğu vurğulanıb.