"Azərbaycan xalqının taleyində dönüş günü" mövzusunda elmi-praktik konfrans keçirilib
14 iyul 2025 | 10:26
14 iyul 2025-ci il tarixdə Zaqatala rayon Heydər Əliyev Mərkəzində "Azərbaycan xalqının taleyində dönüş günü" mövzusunda elmi-praktik konfrans keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.
Heydər Əliyev Mərkəzində davam edən tədbirdə ilk öncə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib. Sonra Azərbaycanın memarı Ulu Öndər Heydər Əliyev haqqında film nümayiş etdirilib.
Tədbirdə çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında müstəsna xidmətlərindən söhbət açaraq qeyd ediblər ki, Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində Heydər Əliyev dövrünün müstəsna yeri var. Bu dövr öz başlanğıcını 1969-cu il 14 iyul tarixindən götürür. Məhz xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəldiyi həmin gün müstəqil və qüdrətli Azərbaycan dövlətinin əldə etdiyi bütün uğurların təməl tarixi, həm də Azərbaycanın xalqın özünəqayıdışının başlanğıcı kimi xatırlanır. Həmin dövr xalqımızın və dövlətimizin mənafeyindən irəli gələn əhəmiyyətli addımlar atılıb, misilsiz xidmətlər göstərilib. Həmçinin vurğulanıb ki, Ulu Öndər Heydər Əliyevin uğurla həyata keçirdiyi siyasət Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün tələblərinə uyğun inkişaf etdirilərək, ölkəmiz öz qüdrətini günbəgün artırır, yeni hədəflərə və nailiyyətlərə doğru əmin addımlarla irəliləyir.






