Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın çoxəsrlik tarixinin parlaq səhifələrindən biridir

27 may 2024 | 13:42

28 May - Müstəqillik Günü hər bir azərbaycanlının milli qürur hissi duyduğu gündür. Azərbaycan Xalq Cümhuriyyətinin əsasının qoyulduğu 1918-ci il mayın 28-i xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunub. Əsrlərlə azadlıq və müstəqillik arzusu ilə yaşayan xalqımız ötən əsrin əvvəllərində, bu işıqlı may günündə öz arzusuna qovuşub. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması XX əsrdə xalqımızın həyatında yeni bir mərhələ, tarixi hadisə idi.

Bu fikirlər Müstəqillik Günü münasibətilə mayın 27-də Zaqatala rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə səsləndirilib.

Rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri əvvəlcə Ulu Öndərin Mərkəzin qarşısında ucaldılmış abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Tədbirin əvvəlində Azərbaycanın Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Sonra Müstəqillik Gününə həsr olunan film nümayiş etdirilib.

Tədbiri Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə açaraq, rayon ictimaiyyətini əlamətdar gün münasibətilə təbrik edib.

Rayon icra hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Süleymanovanın “Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir” mövzusunda məruzəsi dinlənilib. Məruzədə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, fəaliyyəti və qazandığı uğurlardan ətraflı bəhs edilib. Bildirilib ki, xalqımızın dövlətçilik salnaməsinin parlaq səhifələrindən olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması XIX əsrin sonu - XX əsrin əvvəllərində ölkəmizdə, eləcə də dünyada gedən ictimai-siyasi proseslərin, Azərbaycan xalqının milli oyanışının məntiqi nəticəsi idi. Müsəlman Şərqində ilk demokratik və parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması imperiya əsarətində ağır məşəqqətlərə məruz qalmış xalqımızın azadlıq mübarizəsinin qanunauyğun nəticəsi, dərin tarixi kökləri olan milli dövlətçilik ənənələrinin davamı idi. Qarşısına müstəqil, azad və demokratik respublika qurmaq kimi şərəfli vəzifə qoymuş ilk milli hökumət cəmi 23 aylıq fəaliyyəti dövründə xalqımızın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu əyani şəkildə bütün dünyaya nümayiş etdirdi.

Məruzə və çıxışlarda vurğulanıb ki, Xalq Cümhuriyyətinin hüquqi və mənəvi varisi olan Azərbaycan Respublikası 1918-1920-ci illərdə toplanmış böyük tarixi təcrübəyə söykənərək, demokratik dövlət quruculuğunu dönmədən həyata keçirir, inkişaf etdirir. Bu gün Ulu Öndər Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycan yeni inkişaf dövrünü yaşayır, dünya dövlətləri içərisində öz layiqli yerini tutur.

Tədbir Müstəqillik Gününə həsr olunan konsert proqramı ilə başa çatıb.

Keçidlər