Azərbaycan Xalq Cümhuriyyətinin yaranması dövlətçilik tariximizin qürurverici səhifəsidir
Xalqımızın dövlətçilik salnaməsinin parlaq səhifələrindən olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması XIX əsrin sonu-XX əsrin əvvəllərində ölkəmizdə, eləcə də dünyada gedən ictimai-siyasi proseslərin, Azərbaycan xalqının milli oyanışının məntiqi nəticəsi idi.
Bu fikirlər 28 May – Müstəqillik Günü münasibətilə Zaqatala rayon Heydər Əliyev Mərkəzində keçirilən “Dövlətçilik salnaməsinin parlaq səhifəsi – 28 May” adlı tədbirdə səsləndirilib.
Rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri əvvəlcə Ulu Öndərin Mərkəzin qarşısında ucaldılmış abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Tədbirin əvvəlində Azərbaycanın Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Müstəqillik Gününə həsr olunan film nümayiş etdirilib.
Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini İlkin Şəfizadənin mövzu ilə bağlı məruzəsi dinlənilib. Məruzədə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, fəaliyyəti və qazandığı uğurlardan ətraflı bəhs edilib. Bildirilib ki, xalqımızın dövlətçilik salnaməsinin parlaq səhifələrindən olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması XIX əsrin sonu XX əsrin əvvəllərində ölkəmizdə, eləcə də dünyada gedən ictimai-siyasi proseslərin, Azərbaycan xalqının milli oyanışının məntiqi nəticəsi idi.
Məruzə ətrafında çıxışlarda vurğulanıb ki, əsrlər boyu müstəqillik, azadlıq həsrətində olan Azərbaycan xalqının ilk demokratik respublikası çox qısa bir müddət, cəmi 23 ay yaşamasına baxmayaraq, onun fəaliyyət dövrü milli dövlətçilik tariximizin ən yaddaqalan mərhələlərindən biri olub. Bu Cümhuriyyət xalqımızın tarixində böyük izlər qoyub, Azərbaycanın gələcək müstəqilliyi üçün möhkəm zəmin yaradıb. 1991-ci ildə xalqımız yenidən öz istiqlaliyyətinə qovuşub. Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra müstəqil respublikamız qarşıya çıxan bütün maneə və çətinlikləri dəf edərək bugünkü yüksək inkişaf səviyyəsinə gəlib çatıb. Müstəqil Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə dünya dövlətləri içərisində öz layiqli yerini tutub.
Məruzə və çıxışlarda, həmçinin 44 gün davam edən Vətən müharibəsində qazanılan tarixi Qələbədən söz açılıb. Çıxış edənlər şanlı Zəfərlə başa çatan Vətən müharibəsinin xalqımızın qəhrəmanlıq salnaməsinə yeni-yeni səhifələr yazdığını vurğulayıblar.
Tədbir Müstəqillik Gününə həsr olunan konsert proqramı ilə başa çatıb.