Azərbaycan son 20 ildə dinamik inkişaf edən, modernləşən ölkəyə çevrilib
Bu gün Ümummilli Lider Heydər Əliyevin yaratdığı, milli dövlətçilik ənənələri üzərində Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edən Azərbaycan müstəqil dövlətçilik tariximizin ən güclü Azərbaycanıdır.
Bu fikir Prezident İlham Əliyevin fəaliyyətinin 20-ci ildönümü ilə əlaqədar oktyabrın 13-də Zaqatala rayon Heydər Əliyev Mərkəzində keçirilən “Azərbaycanı Zəfərə aparan Lider – İlham Əliyev” adlı tədbirdə səsləndirilib.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsi önünə gül dəstələri düzüb, xatirəsinə ehtiramlarını bildiriblər.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Prezident İlham Əliyevə həsr edilən film nümayiş olunub.
Tədbirdə Yeni Azərbaycan Partiyası (YAP) Zaqatala rayon təşkilatının sədri Habil Qurbanovun “Azərbaycanı zəfərə aparan Lider – İlham Əliyev” mövzusunda məruzəsi dinlənilib. Bildirilib ki, yeni əsrin yeni lideri Prezident İlham Əliyev Azərbaycana uğurlu rəhbərliyi ilə ona böyük ümidlər bəsləyən xalqımızın etimadını layiqincə doğruldub. İlham Əliyevin Ulu Öndərin siyasi kursunu müasir dövrün çağırışlarına uyğun zənginləşdirərək davam etdirməsi sayəsində Azərbaycan son 20 ildə dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan, etibarlı tərəfdaş, sözünə güvənilən, mühüm qlobal təşəbbüsləri yüksək məharətlə həyata keçirən dövlətə çevrilib.
Qeyd edilib ki, Azərbaycan dövləti Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə özünün ərazi bütövlüyünü təmin edib. İndi Azərbaycanın qarşısında yeni üfüqlər açılıb, yeni vəzifələr dayanır. İşğaldan azad olunmuş şəhər və rayonlarımız dövlətimizin başçısının rəhbərliyi ilə yenidən qurulur, dirçəldilir. Böyük Qayıdışın reallaşdırılması istiqamətində təxirəsalınmaz və çox böyük tədbirlər, strateji layihələr həyata keçirilir.
Tədbirdə Bazar və Mamrux kənd YAP Ərazi partiya təşkilatlarının sədri Əlövsət Əhmədov, Allahverdi İbrahimov, YAP üzvü, fəal gənc Qumral İsmayılova mövzu ilə bağlı çıxışlar ediblər.
Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə çıxışında bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın Ümummilli Liderin yaratdığı möhkəm təməllər üzərində uğurla inkişaf etdiyini, dünya ölkələri arasında öz layiqli yerini tutduğunu vurğulayıb.
Sonra YAP sıralarına yeni daxil olan gənclərə üzvlük vəsiqələri təqdim olunub.
Tədbir konsert proqramı ilə davam edib.