Azərbaycan qadını bütün dövrlərdə öz istedadı və zəkası ilə fərqlənib – Zaqatalada konfrans
Azərbaycan qadını öz zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, vəfası, yüksək analıq keyfiyyəti ilə hər zaman xalqımızın adını uca tutub. Tariximizin, mədəniyyətimizin neçə-neçə şanlı səhifəsi məhz qadının adı ilə bağlıdır. Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin formalaşması, inkişafı və qorunmasında qadınların müstəsna xidmətləri olub.
Bu fikirlər 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Zaqatala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə martın 5-də rayonun Heydər Əliyev Mərkəzində keçirilən “Bayramın mübarək, Azərbaycan qadını!” mövzusunda elmi-praktik konfransda səsləndirilib.
Rayonun rəhbər işçilərinin, şəhid analarının və xanımlarının, fəal qadınların iştirak etdikləri tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra Azərbaycan qadınına həsr olunan film nümayiş etdirilib.
Zaqatala Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Əhmədov çıxışında Azərbaycan qadınının cəmiyyətdəki fəal rolundan danışıb. Bildirilib ki, Azərbaycanda qadına, anaya daim böyük hörmət bəslənilib, ana həmişə müqəddəs olub, namus, qeyrət rəmzi sayılıb.
Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin qətiyyətli addımları nəticəsində 1993-cü ildən qadınların ictimai-siyasi həyata inteqrasiyası, onların dövlət idarəçiliyində təmsilçiliyi, bütün sahələrdə kişilərlə bərabər hüquqlara malik olmaları dövlət idarəçiliyi kursunun prioritet istiqamətlərindən birinə çevrilib. Dövlət qadın siyasəti, bu istiqamətdə Ümummilli Liderin əsasını qoyduğu ənənələr bu gün Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Qadınların cəmiyyətdəki roluna və yerinə, onların dövlət idarəçiliyində təmsil olunmalarına, irəli çəkilmələrinə diqqətlə yanaşılır. Azərbaycan qadını bu gün milli dövlət quruculuğu proseslərinin, ictimai-siyasi hadisələrin fəal iştirakçısı olaraq, respublikamızın sosial-iqtisadi inkişafına əvəzsiz töhfələr verir.
Konfransda rayon Ağsaqqallar Şurası sədrinin müavini Tahir Məmmədov, “Zaqatala” qəzetinin redaktoru İbrahim İbrahimov, Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Cövhərət İbrahimova çıxış edərək, qadınların ictimai-siyasi və mədəni həyatımızdakı fəal rolundan, rayonun sosial-iqtisadi inkişafına verdikləri töhfələrdən danışıblar.