Şriftin ölçüsü :

Saytın rəngi :

“Ata vəsiyyəti və inamlı Zəfər” - Zaqatalada elmi-praktik konfrans

22 noyabr 2023 | 11:11

2020-ci il noyabrın 8-də Şəhidlər xiyabanından Şuşanın azadlığını xalqımıza Müzəffər Ali Baş Komandan olaraq müjdələyən İlham Əliyevin bu məqamı xüsusi vurğulaması bir oğul olaraq ata vəsiyyətini layiqincə yerinə yetirməsindən doğan xoşbəxtliyinin parlaq təcəssümü idi. Bu, həm də "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm", - deyə xalqa tarixi müraciətində Ulu Öndər Heydər Əliyevin Azərbaycanın gələcəyini etibar etdiyi siyasi davamçısı İlham Əliyevin böyük əzm, qətiyyət, iradə ilə ölkəni Ümummilli Liderin arzularındakı zirvəyə ucaltmasından duyduğu qürurunun bariz nümunəsi idi.

Bu fikirlər Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə noyabrın 22-də Zaqatala Rayon İcra Hakimiyyəti, YAP Zaqatala rayon təşkilatı və rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Ata vəsiyyəti və inamlı Zəfər” mövzusunda elmi-praktik konfransda səsləndirilib.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsi önünə gül dəstələri düzüblər.

Konfransın əvvəlində Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransı YAP Zaqatala rayon təşkilatının sədri Habil Qurbanov açaraq, Ulu Öndər Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısındakı misilsiz xidmətlərindən danışıb.

Konfransda rayon icra hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Süleymanovanın “Ata vəsiyyəti və inamlı Zəfər” mövzusunda məruzəsi dinlənilib. Bildirilib ki, böyük vətənpərvər, dünyanın ən böyük azərbaycanlısı Heydər Əliyevin həyatının amalını xalqımızın, ölkəmizin rifahı və tərəqqisi təşkil edib, sözün əsl mənasında, o, bu müqəddəs amal uğrunda ömrünü şam kimi əridib. Azərbaycanda hakimiyyətdə olduğu hər iki dövrdə, xüsusilə 1993-cü ildən sonra ölkəni inkişaf etdirmək, eləcə də müstəqilliyini möhkəmləndirmək üçün misilsiz işlər görən müdrik rəhbər iqtisadiyyatımızın yüksəlişi üçün nəhəng layihələr gerçəkləşdirib, milli mənafelərimizin qorunması ilə bağlı dünya arenasında qətiyyətli siyasət yürüdüb.

“Şübhəsiz ki, bu dahi şəxsiyyətin xalqı, ölkəsi üçün həyata keçirdiyi ən mühüm missiya özündən sonra Azərbaycanı etibar edəcəyi İlham Əliyevin timsalında inamlı siyasi varis yetişdirməsi olub. Son 30 il ərzində Azərbaycanda ictimai, siyasi, iqtisadi, sosial, mədəni sahələrdə baş verən hərtərəfli tərəqqini ötəri analiz etsək, görərik ki, xalq olaraq necə çətin və mürəkkəb situasiyalardan, zamanın sınağından uğurla adlayaraq bugünkü müasir, qüdrətli və qalib Azərbaycanın vətəndaşlarına çevrilmişik”,- deyə məruzəçi qeyd edib.

Konfransda YAP rayon təşkilatının sədr müavini Fərid Ramazanov, partiya fəalı Ədalət Qurbanova, gənc fəal Aydın Məmmədov çıxış ediblər. Çıxışlarda Ulu Öndərin daxili və xarici siyasət kursunun, dövlət quruculuğu konsepsiyasının bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi və yeni çalarlarla zənginləşdirildiyi vurğulanıb.

Keçidlər