Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb

26 fevral 2021 | 16:00

Azərbaycan xalqının tarixinə qanla yazılmış Xocalı faciəsindən iyirmi doqquz il ötür. Erməni qəsbkarlarının 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda həyata keçirdikləri amansız qətliam bəşəriyyətə, insanlığa qarşı törədilmiş dəhşətli cinayətdir. Bu faciə iki yüz ilə yaxın müddətdə erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı davamlı olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin ən qanlı səhifəsidir.

Xalqımızın yaddaşında tariximizin ən faciəli günlərindən biri kimi dərin iz buraxmış Xocalı faciəsinin ildönümü ilə əlaqədar Zaqatala Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının və digər dövlət qurumlarının rəhbər şəxsləri fevralın 26-da soyqırımı qurbanlarının xatirəsinə Zaqatala şəhərində ucaldılmış abidəni ziyarət edərək önünə gül dəstələri düzüb, faciə qurbanlarının xatirəsini ehtiramla yad ediblər.

Dünya tarixinə nəzər salsaq bir çox faciənin baş verdiyinin, kədərli hadisələrin yaşandığının şahidi oluruq. Erməni millətçilərinin öz havadarlarının köməyi ilə Xocalıda həyata keçirdikləri qətliam isə miqyasına və dəhşətli nəticələrinə görə digərlərindən fərqlənir. Bu cinayət 613 nəfərin, o cümlədən 106 qadının, 63 azyaşlı uşağın həyatına son qoyub, 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1275 nəfər əsir və girov götürülüb. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Bu soyqırımı nəticəsində şəhərin mülki əhalisi misli görünməmiş qəddarlıqla qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib.

Vurğulanıb ki, Azərbaycan xalqına qarşı törədilən vəhşiliklərlə bağlı tarixi hadisələrin ölkə daxilində və ölkədən kənarda tanıdılması məqsədilə görülən işlər dövlətimizin həyata keçirdiyi siyasətin mühüm tərkib hissəsidir. Artıq dünyanın bir çox ölkəsində erməni millətçilərinin törətdikləri Xocalı qırğını soyqırımı aktı kimi tanınır.

Həmin gün Zaqatalada məskunlaşmış Xocalıdan olan 30 ailəyə rayon icra hakimiyyəti tərəfindən ərzaq yardımı göstərilib.

 

Keçidlər