Zaqatala Heydər Əliyev Mərkəzində “Xocalı soyqırımını unutma” adlı sərgi açılıb
Xalqımızın tarixinə qanla yazılmış Xocalı faciəsinin iyirmi doqquzuncu ildönümü ilə əlaqədar Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində “Xocalı soyqırımını unutma” adlı rəsm və kitab sərgisi açılıb. Sərgidə Mərkəzin rəsm dərnəyi üzvlərinin və Uşaq İncəsənət Məktəbi şagirdlərinin Xocalı mövzusunda çəkdikləri rəsmlər, həmçinin faciənin tarixi, erməni vandalları tərəfindən xalqımızın başına gətirilən faciələrdən bəhs edən ədəbiyyat nümunələri nümayiş etdirilir.
Sərginin təşkilində məqsəd bəşər tarixində insanlığa qarşı ən qəddar və amansız kütləvi terror hadisələrindən olan Xocalı faciəsi ilə bağlı həqiqətləri, erməni millətçilərinin vəhşiliklərini gənc nəslə çatdırmaqdır.
Sərgidə nümayiş etdirilən rəsmlərdə uşaqların mənfur düşmənə qarşı qəzəb və nifrət hissləri açıq şəkildə özünü büruzə verir. Mərkəzin əməkdaşları sərgini izləyənlərə Xocalı müdafiəçilərinin qəhrəmanlığından danışır, faciənin acı nəticələri barədə məlumat verirlər. Sərgiyə baxanlar Xocalı faciəsinin insanlığa qarşı törədilmiş ən dəhşətli cinayət olduğunu bildiriblər.
Sərgi fevralın sonunadək davam edəcək.