Şriftin ölçüsü :

Saytın rəngi :

Pandemiya ilə mübarizədə “Azərbaycan modeli” ifadəsi beynəlxalq münasibətlərinin siyasi gündəminə daxil olmuşdur.

03 fevral 2021 | 16:00

Azərbaycan bu gün dayanıqlı inkişafa malik, qüdrətli və nüfuzlu bir ölkədir. Ölkəmizdə həyata keşirilən dövlət siyasətinin  mərkəzində Azərbaycan vətəndaşlarının mənafeyi  dayanır.  İnsanların rifah halının daha da yaxşılaşdırılması, həyat şəraitinin təmin olunması istiqamətində həyata keçirilən məqsədyönlü və səmərəli tədbirlər davamlı xarakter daşıyır. Ölkəmizdə baş verən sürətli iqtisadi inkişaf bütün sosial sahələrin, o cümlədən səhiyyənin inkişafına da əsaslı təkan vermişdir.  Son illərdə dünya standartlarına uyğun inkişaf yolu tutmuş Azərbaycan səhiyyəsinin nüfuzu nəzərəçarpacaq dərəcədə artmışdır. Azərbaycanın səhiyyə sistemində aparılan uğurlu islahatların, tibb müəssisələrinin maddi-texniki bazanın təkmilləşdirilməsinin, təchizat və kadr hazırlığı ilə bağlı görülmüş işlərin bəhrəsini bu gün hər birimiz öz həyatımızda hiss edirik. Son 17 il ərzində  ölkəmizdə 750-dən çox xəstəxana ya yenidən tikilib, ya da ki, əsaslı şəkildə təmir edilib. Səhiyyə sisteminin xəstəxana və tibb müəssisələri fondu ən yüksək standartlara cavab verir. Azərbaycan tədricən icbari tibbi sığorta sisteminə keçir. Pilot layihələrin ilkin icrası müsbət nəticələr göstərir. İnsanların sağlamlığını əsas tutaraq dövlət 5 milyon vətəndaşı tibbi müayinədən keçirtdi. Böyük təşkilatçılıq və maliyyə resursları tələb edən dövlətin bu addımı insanlara göstərilən qayğının təcəssümüdür.
Fevralın 1-də  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni inşa edilən binasının açılışında iştirak etmiş, xəstəxanada yaradılan şəraitlə tanış olmuşlar. Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni binasının inşa olunması faktı ölkəmizdə insanların sağlamlığına ayrılan xüsusi diqqətinin növbəti sübutudur. Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə tikilən 150 çarpayılıq tibb müəssisəsi ən zəruri avadanlıqla təchiz olunub. Burada Yaponiya, Koreya Respublikası, İtaliya və Türkiyə istehsalı olan ən zəruri avadanlıqlar  quraşdırılıb. Bu xəstəxanada vətəndaşlara keyfiyyətli tibbi xidmət göstəriləcək. Çünki bütün müasir avadanlıqlar burada quraşdırılıb. Xəstəxananın inşası onu göstərir ki, bu sahədəki fəaliyyət ardıcıl şəkildə davam etdirilir.
Bütün dünyanı bürümüş karonavirus pandemiyası ilə  mübarizə işinin təşkilində  də  ölkəmizdə bütün imkanlar səfərbər olunmuş,  görülmüş qabaqlayıcı tədbirlər nəticəsində Azərbaycanda pandemiyanın daha böyük fəsadlarının qarşısı alınmışdır. Pandemiya dövründə ilk günlərdən modul tipli xəstəxanaların ölkəyə gətirilməsi prosesi başlanmış,  laboratoriyaların sayı 8-dən  42-yə çatdırılmışdır. Pandemiya ilə mübarizədə “Azərbaycan modeli” ifadəsi beynəlxalq münasibətlərinin siyasi gündəminə daxil olmuşdur.  İlk günlərdən etibarən Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı  ilə təmaslar quraraq bu sahədə maksimum səmərəli iş aparmaq üçün çalışmış,  Ümumdünya Səhiyyə Təşkilatı “Azərbaycan modeli” haqqında danışaraq  görülən işlərə yüksək qiymət vermiş, bir neçə dəfə Azərbaycanı nümunəvi ölkə kimi təqdim etmişdir. Bu dövr ərzində Azərbaycan 30-dan çox ölkəyə maliyyə və humanitar yardım göstərmiş, eyni zamanda, beynəlxalq təşkilatlara, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar məbləğində könüllü ianə vermişdir.  Pandemiya dövründə Beynəlxalq müstəvidə Zirvə görüşlərinin keçirilməsinin də təşəbbüskarı olan Azərbaycan, həm Türk Şurasının, həm Qoşulmama Hərəkatının iki Zirvə görüşünü COVID-19-a həsr etmişdir.
Ölkəmiz COVAKS təşəbbüsünün üzvüdür. COVAKS xətti ilə Azərbaycan artıq 4 milyon doz vaksin sifariş edib və onların ölkəmizə gətirilməsi təmin edilmişdir.  Məlumdur ki, yanvarın 18-dən etibarən Azərbaycanda mərhələli vaksinasiya prosesinə başlanılıb. Risk qrupuna daxil olan sahələr mərhələli şəkildə peyvənd olunur.  Digər ölkələrə nəzər saldıqda, Türkiyə, ABŞ, Rusiya və digər böyük ölkələrdə də vaksinasiya prosesi aparılır. Amma reallıq ondan ibarətdir ki, bir sıra ölkələr maddi problemlər üzündən vaksin ala bilməyib. Azərbaycan Prezidenti İlham Əliyev Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni inşa edilən binasının açılışında tibb müəssisəsində yaradılan şəraitlə tanışlıqdan sonra Azərbaycan Televiziyasına verdiyi müsahibədə  bu məsələyə toxunmuş  və dünya üçün kifayət qədər vacib olan məsələləri səsləndirmişdir. Prezident xüsusi olaraq bildirmişdir ki, Kanada vaksin defisiti yaradır: “Bu ermənipərəst ölkə 154 milyon vaksin sifariş edir, onun pulunu verir, öz ölkə əhalisinin sayı 38 milyondur. Yəni, əhalisinin sayından dörd dəfə çox”.  Kanada Vətən müharibəsi zamanı sırf ermənipərəst mövqe sərgiləyirdi, işğalçıları dəstəkləyirdi, Azərbaycanın haqq işinə kölgə salmaq istəyirdi. Həmin bu ermənipərəst ölkə 154 milyon vaksin sifariş edərək kasıb ölkələrin insanlarının haqları tapdalayır,  onların səhhəti, sağlamlığı risk altına düşür.  Ümumdünya Səhiyyə Təşkilatının  proqnozu ilə bağlı  da fikrini bildirən ölkə başçısı vurğulayıb ki,  “120 milyon insana vaksin çatmayacaq. Onlar xəstələnəcəklər, öləcəklər. Bunlar ancaq eqoist hisslərə qapılaraq öz maraqlarını təmin etmək istəyirlər. Belə olan halda hansı demokratiyadan söhbət gedə bilər?” İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik edən ölkə kimi buna səssiz qalmayacağını da açıq şəkildə bəyan edib: “Azərbaycan bu imkandan istifadə edərək Qoşulmama Hərəkatının üzvlərinə də çağırış edir ki, onlar da səsimizə qoşulsunlar və bu məsələni beynəlxalq kürsülərdə, BMT kürsüsündə qaldırmalıyıq. Ümumdünya Səhiyyə Təşkilatına müraciət etməliyik, şirkətlərə müraciət etməliyik, zəngin ölkələrə müraciət etməliyik ki, bu ölkələr neqativ praktikadan əl çəksinlər. Bu, ədalətsizlikdir. Buna göz yummaq olmaz. Bunun üstünü örtmək olmaz. Bu barədə Azərbaycan BMT-dən sonra ikinci böyük beynəlxalq təsisat, Qoşulmama Hərəkatının lideri kimi, öz sözünü deyəcək”.
Bəli, dövlətin sosial yönümlü  təşəbbüsləri səhiyyə sahəsini də əhatə edir,  ölkə rəhbərinin  davamlı inkişafa,  etibarlı sosial rifaha, tərəqqiyə və firavan gələcəyə yönəlmiş fəaliyyəti xalqımız tərəfindən daima  dəstəklənir.
   

Zaqatala  RMX  PHŞ   direktoru
 Məcid Əliyev

Keçidlər