Folklor paytaxtı Zaqatalada Ümumrespublika Xalq Yaradıcılığı bayramı keçirilmişdir
Zaqatala rayonu 2013-cü il üçün “Azərbaycanın folklor paytaxtı” elan olunmuşdur. “Folklor ili” çərçivəsində Zaqatalada növbəti tədbir - “Xalq sənəti, el təranələri” Ümumrespublika Xalq Yaradıcılığı bayramı keçirilmişdir. Mədəniyyət və Turizm Nazirliyi, Zaqatala Rayon İcra Hakimiyyəti və “Mədəni İrsin Qorunmasına Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən bayram tədbirində yerli kollektivlərlə yanaşı, Balakən, Qax, Masallı və Şamaxı rayonlarından gəlmiş folklor və rəqs kollektivləri də iştirak etmişlər. Zaqatala Olimpiya İdman Kompleksində keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, nazirliyin məsul nümayəndəsi Vüqar Məmmədov və ictimai birliyin rəhbəri Dünyamın Xəlilov çıxış edərək folklor bayramının çox əlamətdar bir dövrə təsadüf etdiyini, bir neçə gün əvvəl keçirilmiş prezident seçkilərində ümummilli liderimiz Heydər Əliyevin layiqli davamçısı İlham Əliyevin inamlı qələbə qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçildiyini böyük iftixar hissi ilə qeyd etmiş, bu əlamətdar hadisə münasibətilə xalqımızı təbrik etmişlər. Bildirilmişdir ki, Mədəniyyət və Turizm Nazirliyinin “2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları” Proqramına əsasən Zaqatala 2013-cü il üçün “Azərbaycanın folklor paytaxtı” elan olunmuşdur. “Folklor paytaxtı ili” çərçivəsində rayonda silsilə tədbirlər keçirilir. Bu tədbirlər Zaqatalanın, eləcə də qonşu rayonların folklor nümunələrinin üzə çıxarılmasında, qorunmasında, gələcək nəsillərə ötürülməsində, təbliğ olunmasında mühüm rol oynayır. Qeyd olunmuşdur ki, qədim tarixi abidələri, fauna və florası, ətirli çayı, qızılgülü ilə məşhur olan Zaqatala etnik baxımdan da zəngin diyardır. Burada 20-dək xalqın nümayəndəsi yaşayır. Əsrlər boyu birgə yaşayış buradakı mədəni irsi daha da zənginləşdirmiş, xalq sənətinin inkişafına təkan vermişdir. Müxtəlif xalqların folklor və xalq yaradıcılığı nümunələri bu gün də yaşadılır, qorunur, inkişaf etdirilir. Bayram tədbirində iştirakçı rayonların folklor və rəqs kollektivləri rəngarəng konsert proqramı ilə çıxış etmişlər. Tədbirin sonunda kollektivlərə rayon icra hakimiyyətinin diplom və xatirə hədiyyələri təqdim olunmuşdur.