Zaqatalada istehsal olunan qızılgül və lavanda yağları ABŞ, Türkiyə və Litvaya ixrac edilib
Zaqatala rayonunda ənənəvi və ixrac potensialı yüksək sahələrdən biri də gülçülükdür. 2018-ci ildə rayonun Aşağı Tala kəndində “AzRose” MMC-nin qızılgül yağı istehsalı müəssisəsinin fəaliyyətə başlaması “Qızılgüllər diyarı” kimi tanınan Zaqatalada gülçülüyün əvvəlki şöhrətinin bərpa edilməsinə öz töhfəsini verməkdədir.
Gülçülüyün inkişaf etdirilməsi məqsədilə son illər rayon ərazisində 145 hektar sahədə “Dəməşq qızılgülü” və 36 hektarda “Lavanda” gülü plantasiyaları salınıb. Hazırda rayonda, ümumilikdə, 212 hektar gül plantasiyalarına aqrotexniki qulluq tədbirləri həyata keçirilir. Bundan əlavə, son iki ildə müəssisədə sınaq məqsədilə 2 hektar sahədə nanə bitkisi də əkilib.
2020-ci ildə “AzRose” MMC-nin plantasiyalarından 438 ton 290 kiloqram qızılgül, 66 ton 955 kiloqram lavanda və 5 ton 900 kiloqram nanə ləçəyi tədarük edilərək emal olunub. Mövsüm ərzində müəssisədə 121 litr qızılgül yağı, həmçinin 1 ton lavanda və 31 kiloqram nanə yağı istehsal edilib. Ötən il müəssisə tərəfindən ABŞ, Türkiyə və Litvaya 20,2 litr qızılgül və 1250 kiloqram lavanda yağı ixrac olunub.
Eyni zamanda, müəssisədə istehsal olunan gül suyu, nanə suyu və qurudulmuş lavanda çiçəyi daxili tələbatın ödənilməsi məqsədilə qida və tibb sənayesi müəssisələri tərəfindən tədarük edilir.