Şriftin ölçüsü :

Saytın rəngi :

Eyni etnik kökə, mədəniyyətə və dinə mənsub iki ölkə arasındakı əməkdaşlıq əlaqələri ümumi dəyərlər əsasında qurulub.

28 yanvar 2021 | 16:00

21 yanvar 2021-ci il tarixində “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu” imzalanıb və bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyevlə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov arasında videokonfrans formatında görüş keçirilib. Görüşdə iki ölkə  arasındakı siyasi dialoqun bugünkü yüksək səviyyəsindən, hər iki ölkənin beynəlxalq səviyyədə bir-birinə qarşılıqlı dəstək göstərməsindən məmnunluq ifadə olunub. Tarixi Anlaşma Memorandumunun imzalanması ölkələrimiz arasında əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu təsdiqləyir. Atılan addımlar və qəbul olunan qərarlar münasibətlərin dostluq və qardaşlıq ruhunda davam olunmasına xidmət edir.
Azərbaycan Respublikası hər zaman Xəzərdə dialoq, qarşılıqlı anlaşma, əməkdaşlıq və sabitlik mühitinin formalaşdırılmasına böyük səy göstərib. Xəzərin hüquqi statusu ilə bağlı sahil dövlətlərinin görüşləri 1992-ci ildən etibarən keçirilməyə başlayıb. Azərbaycan Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi üçün ilk təşəbbüs göstərən ölkələrdən biri kimi çıxış edib. Bu səylər Xəzər dənizində bütün sahilyanı ölkələrin mövqelərinin yaxınlaşdırılmasına və ümumi razılığın əldə edilməsinə xidmət göstərib. Əslində Xəzər dənizinin bu gün sülh və əməkdaşlıq dənizinə çevirilməsi hələ ötən əsrin 90-cı illərində böyük dövlət xadimi Heydər Əliyev tərəfindən həyata keçirilən neft siyasəti strategiyası ilə bağlıdır. Xəzərdə iqtisadi maraqların önə çəkilməsi onun militarizə edilməsinin qarşısını aldı. "Əsrin müqaviləsi"nin imzalanması isə bu istiqamətdə yeni mərhələ açdı. Bundan sonra Xəzərin hüquqi statusunun müəyyən edilməsi istiqamətində intensiv tədbirlər həyata keçirildi.  2018-ci ildə Xəzərin hüququ statusu müəyyən edildi. Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması ölkələrimiz arasında etibarlı münasibətlərin formalaşmasına təkan oldu. Beləliklə də Xəzər dənizinin şərqində yerləşən qardaş Türkmənistanla yeni əməkdaşlıq perespektivləri yarandı. 
Azərbaycanın “Kəpəz”, Türkmənistanın isə “Sərdar” adlandırdığı yataq zəngin neft-qaz ehtiyatlarına malikdir. Sonradan rəmzi olaraq “Dostluq” adı verilən bu yataq iki ölkənin dəniz sərhədində yerləşir. Yataq keçmiş SSRİ dövründə Azərbaycan neftçiləri tərəfindən 4 kilometr dərinliyindəki  layda kəşf olunub və 1989-cu ildə orada ilk kəşfiyyat quyusu qazılıb. ”Dostluq” yatağı bizim neftçilər tərəfindən kəşf olunsa da, Azərbaycanla Türkmənistanın dənizdəki sərhədində yerləşdiyinə görə, uzun illər onun işlənməsi mümkün olmayıb və məsələ ilə bağlı ardıcıl danışıqlar aparılıb. 1998-ci ildə Xəzər dənizinin orta xətt koordinatları üzrə Azərbaycanla Türkmənistan arasında danışıqlar aparılması üçün ekspert qrupu yaradılıb. Dövlət başçıları arasında ardıcıl təmaslar, qarşılıqlı səfərlər iki dost ölkə arasında bütün məsələlərin hər iki tərəf üçün qənaətbəxş səviyyədə həlli məqsədilə etibarlı zəmin formalaşdırıb. Xatırladaq ki, son 3 ildə Türkmənistan və Azərbaycan prezidentlərinin 5 qarşılıqlı səfəri olub. Bu səfərlər çərçivəsində 50-dən çox sənəd imzalanıb. Azərbaycan və Türkmənistan beynəlxalq strukturlarda bir-birini fəal dəstəkləyir. Azərbaycan BMT Baş Assambleyasının Türkmənistanın əbədi neytrallığı barədə Qətnaməsinin həmmüəllifi olub. Qoşulmama Hərəkatının Zirvə görüşünün, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Sammitinin, həmçinin BMT Baş Assambleyasının koronavirusa qarşı mübarizə məsələləri üzrə xüsusi sessiyasının keçirilməsi kimi ölkəmizin təşəbbüsləri Türkmənistan tərəfindən fəal dəstəklənmişdir.
Bu gün Türkmənistan və Azərbaycan beynəlxalq arenada tam əsasla müstəqil xarici və daxili siyasət barədə danışa bilən  ölkələrdir. Azərbaycan və Türkmənistan istər beynəlxalq kreditlərdən, istər xarici köməkdən, istərsə də xarici təsirin hər hansı başqa formalarından və növlərindən asılı deyil.  Ölkələrimiz investisiyalar üçün açıqdır. Xarici şirkətlər həm Türkmənistana, həm də Azərbaycana inamla böyük vəsait yatırırlar.
Eyni etnik kökə, mədəniyyətə və dinə mənsub iki ölkə arasındakı əməkdaşlıq əlaqələri ümumi dəyərlər əsasında qurulub. Azərbaycan və Türkmənistan ilk dəfə olaraq Xəzər dənizindəki yatağın mənimsənilməsi üzrə birgə işə başlayır və bu yataq ölkələrimizi və xalqlarımızı daha da yaxınlaşdıracaq. İmzalanmış saziş regionun inkişafına müsbət təsir göstərəcək mühüm beynəlxalq sənəddir.  Bu anlaşma hər iki ölkənin dövlət gəlirlərinin, eləcə də valyuta gəlirlərinin artmasına imkan yaradacaq. “Dostluq” yatağındakı enerji resurslarının  hasil edilməsi və dünya bazarına çıxarılması ölkələrin gəlirlərinin artmasına səbəb olacaq. Bundan hər iki ölkə iqtisadi baxımdan faydalanacaq. Azərbaycan həmin yataqda olan enerji resurslarının birgə işlənməsi və dünya bazarına çıxarılmasından dövlət gəlirlərini artırmaq imkanı qazanacaq. Həmçinin tranzit ölkə kimi Azərbaycan mövqeyini gücləndirəcək.  Çünki Azərbaycanda son 20 ildə  formalaşmış infrastruktur imkan verəcək ki, “Dostluq” yatağından hasil edilən neft və qazın dünya bazarına çıxarılması təmin olunsun.
Nəqliyyat sahəsində əməkdaşlıq həm bizim ölkələr, həm də qonşu dövlətlər üçün böyük perspektivlər açır. Türkmənistan və Azərbaycan nəqliyyat infrastrukturunun, məhz sıx qarşılıqlı əlaqəli şəkildə işləyən və bizim ərazilərimizdən keçməklə yüklərin tranzitini təmin edən, habelə Azərbaycan ilə Türkmənistan arasında əmtəə dövriyyəsi imkanlarını artıran müasir beynəlxalq dəniz limanlarının yaradılması layihələrini bir növ sinxronlaşdırıblar. Ölkələrimiz arasında nəqliyyat-logistika sahəsində əməkdaşlıq regionda yaranmış yeni şərait və yeni nəqliyyat yollarının açılması imkanları nəzərə alınmaqla daha yüksək səviyyəyə çatacaq.
Azərbaycan, Türkmənistan və Türkiyə arasında, həmçinin Azərbaycan, Əfqanıstan və Türkmənistan arasında üçtərəfli əməkdaşlıq formatı artıq mövcuddur.  Bu əməkdaşlıq konkret nəticəyə, biznes fəaliyyəti, iri infrastruktur layihələrinin reallaşdırılması üçün daha əlverişli şərait yaradılmasına yönəlib. Azərbaycan və Türkmənistan arasında memorandumun imzalanması Mərkəzi Asiyanın enerji resurslarını Avropa bazarına çıxaracaq Transxəzər  layihəsinə  “yaşıl işığın” yandırılması hesab oluna bilər. Hasil olunacaq qazın  Azərbaycana və  TAP vasitəsilə Avropaya çatdırılması gözlənilir və bu saziş Avropa İttifaqı ölkələri tərəfindən müsbət qarşılanacaq.
Bir sözlə,  bu tarixi sənəd  Xəzər  dənizinin   sülh,  mehriban  qonşuluq və dostluq dənizi olması ideyasını möhkəmləndirir, Xəzərdə əməkdaşlıq  və  qarşılıq etimad mühitinin gücləndirilməsinə töhfə verməklə yanaşı, hər  iki  ölkə  üçün pozitiv iqtisadi  təsirləri  olacaqdır.

Azərbaycan Dövlət  İqtisad Universitetinin
Zaqatala  filialının   direktoru, professor
Orucəli  Rzayev

Keçidlər