Şriftin ölçüsü :

Saytın rəngi :

Postmüharibə dövrü Azərbaycanın yeni tarixi hədəflərini müəyən edir.

21 yanvar 2021 | 16:00

Azərbaycanda sənayeləşmə və qeyri-neft sənayesinin inkişafı Prezident İlham Əliyevin iqtisadiyyatın şaxələndirilməsi siyasətinin əsas istiqamətlərindəndir. Artıq ölkəmizdə rəqabət qabiliyyətli müasir sənaye sahələrinin yaradılması, infrastruktur təminatının yaxşılaşdırılması ilə bağlı çoxsaylı layihələr icra edilmiş,   Azərbaycan sənayesi  yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.  Son 17 il ərzində ölkədə yüzlərlə müasir sənaye müəssisəsi, yeni istehsal sahələri yaradılmış və  2014-cü  il Azərbaycanda “sənaye ili” elan edilmişdi. Bu gün qeyri-neft sənayesinin inkişafında sənaye parkları mühüm rol oynayır. Belə irimiqyaslı layihələrdən biri də Sumqayıt Kimya Sənaye Parkıdır. Sumqayıt Sənaye Parkı  ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şərait yaratmaq, qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək və əhalinin məşğulluğunu artırmaq məqsədilə Prezident İlham Əliyevin  2011-ci ildə imzaladığı Fərman əsasında yaradılmışdır.
Yanvarın 18-də  Prezident  İlham  Əliyev  Sumqayıt  Kimya  Sənaye Parkında “Azərsulfat” MMC-nin sulfat turşusu istehsalı, “Glassica” QSC-nin şüşə tara məhsullarının istehsalı zavodlarının təməli qoymuş, “Azerfloat” QSC-nin termoformasiya metodu ilə vərəqə şüşə istehsalı müəssisəsinin açılışında iştirak etmişdir.
Dövlət Başçımızın təməlini qoyduğu “Azərsulfat” MMC-nin “Sulfat turşusu istehsalı” layihəsi çərçivəsində tikiləcək zavodun investisiya dəyəri 6 milyon ABŞ dollarıdır. Zavodda ildə 20 min ton məhsul istehsalı nəzərdə tutulur. Bu ilin sonunda fəaliyyətə başlayacaq zavodda 30-dan çox iş yeri yaradılacaq. Təkcə son 3 ildə Azərbaycana hər il 5–10 min ton sulfat turşusu idxal edilir və bu zavodun fəaliyyətə başlaması ilə idxal yerli istehsalla əvəz olunacaq. Məhsulların növbəti mərhələlərdə Gürcüstana və Rusiyaya ixrac edilməsi də planlaşdırılır.
Sumqayıt Kimya Sənaye Parkının rezidentlərindən biri də “Glassica” Qapalı Səhmdar Cəmiyyətidir. Cəmiyyət burada şüşə tara məhsullarının (butulka) istehsalı zavodunu inşa edəcək. Prezident İlham Əliyev zavodun təməlini qoymuşdur.  Müəssisənin məhsulları əsasən qida sektorunda qablaşdırmada istifadə olunacaq. İnvestisiya dəyəri 12 milyon ABŞ dolları olan müəssisədə 160 nəfər daimi işlə təmin ediləcək.
Cənab İlham Əliyevin açılış mərasimində iştirak etdiyi “Azərfloat” QSC-nin vərəqə şüşə istehsalı zavodu Azərbaycanda termoformalaşdırılmış şüşə hazırlanması üzrə ilk müəssisədir. Ümumi investisiya dəyəri 100 milyon avro olan zavodda ildə 80 min ton müxtəlif çeşiddə vərəqə şüşə istehsal ediləcək. Müəssisənin layihələndirilməsi və qabaqcıl texnologiyalarla təchiz olunması Almaniyanın dünyada şüşəəritmə texnologiyaları sahəsində 135 illik təcrübəyə malik “HORN Glass Industries AG” şirkəti tərəfindən təmin edilib. Müəssisədə İtaliya, Finlandiya və Çin texnologiyalarından da istifadə olunur. Hazırda dünyada vərəqə şüşənin 90 faizdən çox hissəsi - yüksək keyfiyyətli rəngli və rəngsiz, optik baxımdan təmiz şüşə tamamilə termoformalaşdırma texnologiyası ilə istehsal edilir. Artıq Azərbaycanda da bu sahədə ən müasir texnologiya tətbiq olunur.
Sonra Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə vermişdir. Sumqayıtın hazırda Cənubi Qafqazın ikinci böyük müasir sənaye mərkəzi olduğunu və  yeni  müəssisələrin yaradılmasının və təməlinin qoyulmasının çox böyük əhəmiyyəti  olduğunu qeyd edən cənab Prezident  son illər ərzində Sumqayıtda yaradılmış bütün müəssisələrin ən yüksək ekoloji standartlara cavab verdiyini, ölkəmizdə  yerli istehsalın  canlandığını, yeni iş yerlərinin yaradıldığını vurğulamışdır. Prezident qeyd etmişdir ki,  Sumqayıtda şüşə tara məhsullarının və vərəqə şüşənin istehsalı qeyri-neft sektorunun bu məhsullara tələbatını təmin edəcək, məhsulların ixrac potensialı da olacaq.
     Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində növbəti dəfə qanunsuz fəaliyyətlə məşğul olan, etimadı doğrultmayan məmurlara, yüksək vəzifə sahiblərinə xəbərdarlıq edərək  bildirmişdir ki, ölkəmizin müxtəlif yerlərində bəzi xoşagəlməz hallar məhz nəzarətsizlik ucbatından baş verir, bəzi yerlərdə torpaqlar və su resursları zəbt edilir, qeyri-ədalətli şəkildə bölünür,heç kimin hansısa xüsusi imtiyazı və ya toxunulmazlığı yoxdur. Dövlət başçısı müsahibəsində təmizləmə işinin sonadək davam edəcəyinin anonsunu vermişdir.
Postmüharibə dövrü Azərbaycanın yeni tarixi hədəflərini müəyən edir. Azad olunmuş torpaqların bərpasının  dövlət siyasətində xüsusi yer tutduğunu vurğulayan cənab prezident işğaldan azad olunmuş torpaqlarda çox böyük potensial - bərpaolunan enerji növləri, qiymətli təbii sərvətlər, qızıl yataqları, mis yataqları, çaylar, su anbarları, kənd təsərrüfatı üçün münbit torpaqların, turizm imkanlarının olduğunu və  azad olunmuş bölgələrin növbəti inkişafımızın aparıcı qüvvəsinə çevriləcəyini qeyd etmişdir. “Müəyyən müddətdən sonra Ermənistanda da bizimlə heç bir problemlərin olmadıqları demələrinə ümid edirik” – deyən Prezident İlham Əliyev əlavə etmişdir ki, biz, sadəcə olaraq, özümüzü müdafiə etmişik, lazımi səviyyədə müdafiə etmişik və işğalçıları torpaqlardan qovmuşuq.
Azərbaycanda kadr islahatları, struktur islahatları, iqtisadi islahatlar, sosial sahədə islahatlar aparılır.
Bəli, bu gün dünyada Azərbaycan kimi inkişaf üçün bir çox amilləri özündə ehtiva edən ölkələrin sayı azdır.  Azərbaycanda lazım olan bütün istehsalat sahələrinin yaradılması, yeni investisiyaların cəlb edilməsi üçün  gözəl biznes  mühiti yaradılıb, siyasi sabitlik, xalq-iqtidar birliyi mövcuddur. Ölkəmizdə bütün sahələrdə-  kadr islahatları, struktur islahatları, iqtisadi islahatlar, sosial sahədə islahatlar aparılır. Dövlət  başçımızın vurğuladığı kimi  2021-ci   il  də artıq qələbələrlə başlayır.


RİHB-nın   müavini,   Sosial-iqtisadi   inkişafın
təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri

İlkin Şəfizadə

Keçidlər