Şriftin ölçüsü :

Saytın rəngi :

20 Yanvar hadisələri beynəlxalq hüquqi riyakarlığın təzahürüdür.

21 yanvar 2021 | 16:00

Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq 31  il ötür. Qan yaddaşımıza əbədi həkk olunmuş 1990-cı ilin 20 Yanvar hadisələri tariximizin özündə faciə və qəhrəmanlığı ehtiva edən unikal səhifəsi, Azərbaycanın sonrakı taleyinə əhəmiyyətli təsiri olan dönüş anıdır. 20 yanvar  uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Bu qanlı hadisənin törədilməsində əsas məqsədlərdən biri öz haqlı tələblərini irəli sürən, bu tələblərə demokratik yollarla nail olmaq istəyən Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını tankların altında əzmək idi. Bu, elə bir tarixdir ki, həmin gün Azərbaycan xalqı uzun illərdən bəri əsarətdə olduğu sovet imperiyasına qarşı əliyalın, cəsarətlə mübarizəyə qalxdı, özünün müstəqillik tarixinin birinci mərhələsinə qədəm qoydu.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli, kütləvi qırğın hadisəsi törədildi. Həmin  gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridildi, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirildi. Sovet Ordusunun böyük heyətinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi. Bakıda gecəyarı fövqəladə vəziyyət tətbiq edilmiş, əhali xəbərdar  edilməmişdir.Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdür. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda yanvarın 25-də Neftçala, yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilmişdir. Ümumilikdə 131 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir.
XX əsrin sonlarında Azərbaycan xalqının yaşadığı 20 Yanvar faciəsi keçmiş Sovet İttifaqının siyasi iflası dövründə Moskva rəhbərliyinin sadəcə bir cinayət əməli olmayıb. Bu əməl rus, erməni şovinizminin xalqımıza qarşı növbəti etnik vəhşiliyi idi. Bu şovinizm  1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıya bir gecəlik çıxarılan xüsusi təyinatlı, xüsusi amansızlıqları ilə seçilən hərbi birləşmələrin milli tərkibinin erməni mənşəli olmasında  və onların istifadə etdikləri silah-sursatın öldürücü xüsusiyyətlərinə görə beynəlxalq hüquq normaları ilə istifadəsi qadağan edilmiş hərbi təchizat olmasında özünü göstərirdi.
Azərbaycan xalqını dəhşət və müsibətə düçar etmiş 20 yanvar faciəsi bütün dünyada əks-səda doğurmuş, mütərəqqi qüvvələrin qəzəb və hiddətinə səbəb olmuşdur. Bir çox ölkələrin radiostansiyaları da yanvar faciəsi haqqında hərtərəfli informasiya verir və imperiya qüvvələrini lənətləyirdi. Azərbaycanın siyasi rəhbərliyi isə nəinki istefaya getməmiş, xalqının şəhidlər verdiyi faciəli günlərdə bu faciəyə rəsmi bəyanatla münasibətini bildirməmiş, xalqın qəzəbindən qorxaraq şəhidlərin dəfn mərasimində iştirak etməmiş, yas içində olan xalqına başsağlığı belə verməmişdir. Qərarı verən keçmiş SSRİ-nin sabiq rəhbəri Mixail Qorbaçov sonradan guya etiraf etmişdi: “Bakıda fövqəladə vəziyyət elan etmək və oraya qoşun göndərmək mənim siyasi həyatımın ən böyük səhvi idi”. Qorbaçov səhv yox, cinayət etmiş, SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozmuşdur.  20 Yanvar hadisələri eyni zamanda beynəlxalq cinayət kimi də qiymətləndirilməlidir. XX əsrdə totalitarizmin törətdiyi ən qanlı terror aktları sırasında 20 Yanvar cinayəti də var. Bu, bəşəriyyət və in¬sanlıq əleyhinə törədilmiş dəhşətli əməl idi.
20 Yanvar hadisələri beynəlxalq hüquqi riyakarlığın təzahürüdür. SSRİ Baş Prokurorluğunun ədliyyə polkovniki V.Medvedyevin istintaq qrupu hərbçilərin hərəkətlərində cinayət tərkibi olmaması nəticəsinə gəldi və 20 iyul 1990-cı il tarixində cinayət işinə xitam verilməsi barədə qərarı verildi. 100 cildlik istintaq materiallarının 68 cildi Bakıdan Moskvaya, keçmiş SSRİ Prokurorluğuna aparıldı və qaytarılmadı. 
Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin sədri Elmira Qafarova, Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Komitəsinin birinci katibi Müslüm Məmmədov sovet imperiyasının qoşun hissələrinin Bakı şəhərinə yeridilməsi ilə əlaqədar heç bir konkret tədbir görmədiklərinə və vətəndaşların təhlükəsizliyini təmin etmədiklərinə görə yüksək vəzifəli şəxslər kimi öz üzərinə düşən məsuliyyətin öhdəsindən gəlməmişlər. Xalqın mövcud rejimə qarşı nifrəti son həddə çatmış, Kommunist Partiyasının üzvləri kütləvi şəkildə partiya biletlərini ataraq onun sıralarını tərk etmişdilər.
Faciədən sonra Azərbaycanda sovet imperiyası özünün bütün mənəvi və sosial dayaqlarını itirdi, ölkənin müstəqilliyi ideyası ümummilli amala çevrildi, dünya azərbaycanlıları yeni siyasi tariximizdə ilk dəfə olaraq milli faciəmizin tanıdılması və nəticələrinin aradan qaldırılması naminə yaşadıqları müxtəlif ölkələrdə təşkilatlanmağa başladılar. 20 Yanvar hadisələrinin Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə həm rəmzi mənası, həm də fenomenal rolu oldu. 20 Yanvar faciəsinin yaratdığı ictimai-siyasi reallıq süqutu yaxınlaşan SSRİ-də və soyuq müharibənin bitməsi ərəfəsində beynəlxalq arenada formalaşan geosiyasi situasiya fonunda əvvəlcə Azərbaycan SSR-də, sonra müstəqil Azərbaycanda zəncirvarı tarixi proseslərə təkan verdi.
İmperiyanın törətdiyi qanlı hadisə barəsində ilk dəfə ulu öndər Heydər Əliyev dünya ictimaiyyətini məlumatlandırdı. Həmin vaxt Moskvada ciddi nəzarət altında yaşayan Heydər Əliyev özünün və ailə üzvlərinin həyatını riskə qoyaraq, 20 Yanvar faciəsinin törədilməsindən bir gün sonra Moskvadakı Azərbaycan Nümayəndəliyinə gəlib baş vermiş faciə ilə əlaqədar xalqımıza başsağlığı verdi və mətbuat konfransı keçirib, başda Qorbaçov olmaqla Bakıdakı terror aktına rəvac verən hakimiyyət nümayəndələrini və hərbçiləri cinayətkar, onların dinc əhaliyə tutduqları divanı isə bütöv bir xalqa qarşı edilən tarixi cinayət adlandırdı və bu vəhşiliyə etiraz əlaməti olaraq Kommunist Partiyası sıralarından çıxdığını bəyan etdi. Məhz Ulu Öndərin mərdliyi və siyasi iradəsi sayəsində  20 Yanvar hadisələri öz hüquqi və siyasi qiymətini aldı. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərar qəbul etdi. Ulu öndər Heydər Əliyev dövrün mürəkkəbliyinə və görüləsi işlərin çoxluğuna baxmayaraq, tariximizin şanlı və qanlı səhifəsi sayılan 20 Yanvar faciəsinin başvermə səbəbləri və günahkarların araşdırılması ilə də məşğul oldu. Məhz Ümummilli liderimizin təşəbbüsü və göstərişləri ilə 1994-cü ilin mart ayının 29-da parlament “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi. Beləliklə də, 20 Yanvar faciəsi məhz Ulu öndər Heydər Əliyevin prinsipial və ardıcıl mübarizəsindən sonra öz siyasi-hüquqi qiymətini aldı. 20 Yanvar gününün “Ümumxalq Hüzn Günü” kimi elan olunması, “20 Yanvar şəhidi” fəxri adının təsis olunması, 20 Yanvar şəhidlərinin ailələrinin və 20 Yanvar əlillərinin sosial müdafiəsi işlərinə başlanması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərimiz Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident İlham Əliyevin uğurlu sosial siyasəti nəticəsində  20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün etibarlı sosial müdafiə sistemi formalaşmış, 1990-cı ilin yanvarında şəhid olmuş oğul və qızlarımızın xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, onların ailələrinin, övladlarının sosial müdafiəsinin gücləndirilməsi üçün mühüm işlər görülmüşdür.  Şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə aylıq  təqaüdün məbləği  2021-ci il yanvarın 1-dən 300 manatdan 500 manatadək artırılmışdır.  Məhz Azərbaycan Prezidentinin təşəbbüsü ilə Şəhidlər Xiyabanında təmir və yenidənqurma işləri aparılmış, şəhidlərinin xatirəsinə ucaldılmış memorial abidə kompleksləri inşa edilmişdir. Cənab Prezident  hər il yanvarın 20-də Şəhidlər Xiyabanını ziyarət edərək “Əbədi məşəl” abidə kompleksinin önünə əklil qoyur.
Qanlı 20 Yanvar hadisələrin xalqın tarixi yaddaşında həkk olunmasında mədəniyyətimizin də  böyük rolu vardır. Rəssamlarımız o qanlı tarixi günlərə həsr olunmuş onlarla rəsm əsərləri yaratmış, şair və bəstəkarlarımız öz əsərlərini bu qanlı tarixə həsr etmişlər.    Məhz mədəniyyət xadimlərinin yaratdığı əsərlər əsrlər boyu yaşayacaq və xalqımız öz suverenliyi və mustəqilliyini əldə etdiyi zaman baş vermiş qanlı 20 yanvar faciəsinin qurbanlarını heç vaxt unutmayacaqlar.
Bəli, 20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. O gündən keçən müddət ərzində ölkəmiz, demək olar ki, tamamilə yeni mərhələyə qədəm qoydu. Xalqımız öz cəsarətini, mərdliyini, qəhrəmanlığını, torpaqlarımızın hər qarışı uğrunda canını qurban verməyə hazır olduğunu 20 Yanvar faciəsindən 30 il sonra – 2020- ci ildə də nümayiş etdirdi. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və rəşadətli ordumuzun gücü, qüdrəti sayəsində 44 gün ərzində ölkəmiz haqqı bərpa etdi. Şəhidlərimizin qanı yerdə qalmadı. Azərbaycan Ordusu düşmənə divan tutaraq işğal altında olan ərazilərimizi azad etdi  və Azərbaycan vətəndaşlarının 30 ilə yaxın davam edən torpaq həsrətinə son qoyuldu.


Rayon Gənclər idman idarəsinin rəisi    Araz Əliyev

Keçidlər