Əlbəyaxa döyüşlərlə azad edilən Şuşa şəhəri düşmənə vurulan ən böyük zərbə idi.
"Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur" deyən Ulu öndər Heydər Əliyevin arzusunu yerinə yetirən Müzəffər Ali Baş Komandan İlham Əliyevin yanvarın 14-də Şuşa şəhərinə səfər etməsi əvvəlki səfərlər kimi ölkə ictimaiyyəti arasında böyük coşqu, fəxr və qürur hissi ilə qarşılanıb. Ölkə Prezidentinin məhz Şuşaya səfəri həm siyasi, həm də mənəvi baxımdan ikiqat əhəmiyyət kəsb edir. Səfər zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməllərini qoyub. Dövlət Başçımız tərəfindən Qarabağın döyünən qəlbi adlandırılan şəhərə gediş-gəlişin asanlaşdırılmasına xidmət edən Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda Beynəlxalq hava limanının təməlinin qoyulması Qarabağın bərpasına, dirçəldilməsinə, tarixi simasının qaytarılmasına hesablanan addımlardandır. Azad edilmiş torpaqlarda ikinci beynəlxalq hava limanı Kəlbəcər və ya Laçında inşa ediləcək.
Bəli, müharibədən cəmi iki ay vaxt keçsə də, Azərbaycan dövləti böyük quruculuq işlərinə start verib. Prezident qeyd edib ki, böyük qayıdış başlayır, bütün işlərə start verilib: “Əminəm, necə ki, düşməni qısa müddət ərzində torpaqlarımızdan qovduq, - cəmi 44 gün ərzində, - bizim tarixi dədə-baba torpağımız olan Qarabağı da qısa müddətdə bərpa edəcəyik.”
Şuşada hərbçilər qarşısında çıxış edən Ali Baş Komandan qeyd edib ki, “Noyabrın 8-də qədim Şuşa şəhərimizi düşməndən azad edərək Azərbaycan parlaq qələbə qazandı. Mən Şuşaya Qələbə yolu ilə gəlmişəm. O yol indi açılıbdır, yol yox idi. Dağlardan, meşələrdən, dərələrdən keçərək, onlarla kilometr məsafəni qət edərək qəhrəman Azərbaycan hərbçiləri yol boyunca kəndləri, qəsəbələri düşməndən azad edib, Şuşa şəhərinə yaxınlaşıb, Daşaltı kəndini azad edib və ondan sonra Şuşanı işğalçılardan azad edib” Doğrudan da, Şuşanın işğaldan azad edilməsi xalqımızın qəhrəmanlığı tarixində xüsusi yer tutacaq. Demək olar kı, əlbəyaxa döyüşlərlə azad edilən Şuşa şəhəri düşmənə vurulan ən böyük zərbə idi. Şuşanın azad edilməsi həm də, müharibənin nəticəsinə təsir edən sonuncu mərhələ oldu. Şuşa əməliyyatı aparıcı beynəlxalq hərbi məktəblərin dərsliklərinə salınacaqdır. Azərbaycan ordusu Xocalı cəlladlarını, özündən yalançı qəhrəman düzəldənləri məhv edib, Şuşanı Sarkisyan-Koçaryan cütlüyünün ordusunun əlindən geri alıb. Təsadüfi deyil ki, hər ilin noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təsis edilib.
Azərbaycan Prezidenti çıxışında Şuşanın işğalının heç də təsadüfi olmadığını xatırladıb. Bildirib ki, 1992-ci ilin mayında o vaxtkı Azərbaycan rəhbərliyinin və hakimiyyət uğrunda mübarizə aparan AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində Şuşa işğal altına düşüb: “O vaxt ermənilər öz dırnaqarası əməliyyatına bir ad vermişdilər – dağlarda toy. Halbuki heç əməliyyat da keçirilməmişdi. Şuşa şəhəri boşaldılmışdı. O vaxtkı müdafiə naziri demişdi ki, Şuşa əldən getsə, başıma güllə çaxacağam, qorxaqcasına Şuşadan qaçmışdı. Ondan sonra isə ermənilər guya bu əməliyyat haqqında əfsanələr uydurmuşdular – dağlarda toy. İndi biz onlara elə toy tutmuşuq ki, onlar bu dərsi əbədi yadda saxlayacaqlar. Qəhrəman Azərbaycan övladları mükəmməl hərbi əməliyyat keçirərək cəsarət, rəşadət, qəhrəmanlıq, güc, milli ruh nümayiş etdirərək Şuşanı işğalçılardan azad etmişlər və uzun fasilədən sonra noyabrın 8-də Şuşada Azərbaycan bayrağı qaldırılmışdır”.
Bəli, 44 günlük müharibənin gedişində dünyanın müxtəlif geosiyasi qütblərindən edilən təzyiq və təhdidlərə baxmayaraq, Ali Baş Komandan düşməni torpaqlarımızdan qovmaq üçün sona qədər döyüşmək əzmindən geri dönməmişdir. Milli xəyanət nəticəsində itirilmiş müqəddəs Şuşa şəhəri Prezident İlham Əliyevin qətiyyəti, ordumuzun rəşadəti, xalq-ordu-iqtidar vəhdəti nəticəsində azad olundu.
Dövlətimizin başçısı Şuşa şəhərində erməni vandalizminə məruz qalan XVIII əsrdə yaşamış Azərbaycan şairi və ictimai-siyasi xadim, Qarabağ xanının vəziri olmuş Molla Pənah Vaqifin muzeyməqbərə kompleksinin qarşısında çıxış edərkən bildirdi ki, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə inşa edilmiş Molla Pənah Vaqifin məqbərəsinin düz 39 il bundan əvvəl – 1982-ci il yanvarın 14-də açılışı gününü yaxşı xatırlayır: “Çox şaxtalı, qarlı bir hava idi. Möhkəm qar yağırdı. Amma buna baxmayaraq, bu tədbirə yığışmış insanlar, Azərbaycan ziyalıları heç o soyuğu hiss etmirdilər. Çünki Qarabağ xanının vəziri olan Molla Pənah Vaqifin möhtəşəm məqbərəsi açılırdı. Bu təşəbbüsü ulu öndər Heydər Əliyev irəli sürmüşdü, onun rəhbərliyi ilə inşaat işləri aparılmışdı və gözəl, əzəmətli məqbərə ucaldılmışdı”. Bəli, ümummilli lider Azərbaycana rəhbərliyinin birinci dönəmində milli ruhun yüksək səviyyədə reallaşması üçün çox böyük işlər görmüşdür. 1920-c illərdə sovet bolşevik hakimiyyətinin Azərbaycanın daxilində tədricən partlayan mina kimi qoyduqları Dağlıq Qarabağ probleminin həlli üçün Ulu Öndər burda demoqrafik balansı azərbaycanlıların xeyrinə dəyişən tədbirlər görmüşdür. 1969-1982-ci illərdə Yevlaxdan, Ağdamdan Xankəndinə dəmir yolu çəkilmiş, Dağlıq Qarabağda yeni müəssisələr yaradılmış və bu müəssisələrə Azərbaycanın müxtəlif yerlərindən mütəxəssislər gəlmişdi. Ulu Öndərin bu uzaqgörən siyasəti nəticəsində Dağlıq Qarabağda milli tərkib azərbaycanlıların xeyrinə xeyli dəyişmişdi. Heydər Əliyev Azərbaycanda qalsaydı, növbəti 10 il ərzində Dağlıq Qarabağ Muxtar Vilayətində azərbaycanlılar əksəriyyət təşkil edəcəkdilər.
Dövlətimizin başçısının vurğuladığı kimi, o zaman heç kimin ağlına gələ bilməzdi ki, bir neçə ildən sonra burada separatizm baş qaldıracaq, Ermənistan Azərbaycana qarşı təcavüz edəcəkdir. Əslində, ermənilər bu vandallıqları törətmək üçün bir fürsət gözləyirmişlər. Belə bir məqam isə ulu öndərimizin Moskvaya getməsindən sonra yarandı. Əgər Heydər Əliyevi 1982-ci ildə Bakıdan Moskvaya təyin etməsəydilər, o heç vaxt burada separatizmin baş qaldırılmasına imkan verməzdi.
İşğal faktorunun aradan qaldırılmasına toxunarkən Prezident qeyd edib ki, bu müharibəni biz şəhidlərimizin canı, qanı bahasına, hərbçilərimizin şücaəti hesabına qazanmışıq. Dövlət başçısı bütün şəhid ailələrinin dövlət tərəfindən qayğı ilə əhatə olunduğunu bir daha diqqətə çatdırıb: “Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcəkdir. Artıq bu ildən başlayaraq göstəriş verildi. Şəhid ailələri üçün müavinət 300 manatdan 500 manata qaldırıldı və daim o ailələr diqqət mərkəzində olacaqlar. Birinci Qarabağ müharibəsində həlak olmuş 9 min şəhidin ailəsinə dövlət artıq mənzillər, evlər vermişdir. Yaralı hərbçilərimiz dövlət tərəfindən qayğı ilə əhatə olunub. Əlil olmuş hərbçilərin reabilitasiyası, onların müasir protezlərlə təmin edilməsi məsələsi öz həllini tapacaq. Müharibədə qəhrəmanlıq göstərmiş minlərlə hərbçi mənim tərəfimdən yüksək orden və medallarla təltif edilib. “Vətən Müharibəsi Ordeni” Azərbaycanın ən ali hərbi ordenidir”.Təbii ki, Azərbaycan hər zaman şəhid ailələrinə, qazilərə sosial qayğı göstərərək, dövlətin qayğısının hər zaman onların üzərində olacağını sübut edib.
Prezident İlham Əliyev Şuşa şəhərində əsgərlər qarşısında çıxışında maraqlı məsələyə toxunub. “Bakıda möhtəşəm Dövlət Bayrağı Meydanı açılanda mən çıxış edərkən demişdim ki, gün gələcək və Azərbaycan bayrağı işğal edilmiş torpaqlarda, o cümlədən Şuşada qaldırılacaqdır. Bax, bu gün gəldi. Xatırlayıram, erməni separatçı rejiminin bəzi dırnaqarası nümayəndələri o vaxt demişdilər ki, ancaq bir halda Azərbaycan bayrağı Şuşada qaldırıla bilər, o da əgər Azərbaycan “Dağlıq Qarabağ respublikası”nı tanısa və Azərbaycan Dağlıq Qarabağda öz səfirliyini açsa. Görün, nə qədər iyrənc, nə qədər təkəbbürlü ifadələr işlədilib. İndi siçan kimi oturublar, dillərini qoyublar qarınlarına. Bir kəlmə də söz deyə bilmirlər. Biz buraya qalib kimi gəlmişik, bayrağı da qaldırmışıq, azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağı dalğalanır”. Bəli, 44 gün ərzində ordumuzun qəhrəmanlığı, Ali Baş Komandanın qətiyyəti ermənilərin və onların havadarlarının bölgədəki siyasətlərinin iflası ilə nəticələndi. Ordumuz cəmi 44 gün ərzində düşmənə dəmir yumruğunu göstərdi.
Prezident çıxışlarının birində demişdi ki, ərazi bütövlüyümüz bərpa ediləndən sonra Bülbülün, Natəvanın, Üzeyir Hacıbəylinin büstləri yenə də Şuşada qoyulacaq. Bu sözlər də artıq reallığa çevrildi. Düşmən tərəfindən gülləbaran edilən dahi şəxsiyyətlərimizin – Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstlərininin Şuşaya qaytarılması isə tarixi ədalətin bərpasının daha bir təsdiqi oldu. Şuşa Prezident İlham Əliyev tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı elan edilib. Prezident bildirdi ki, “Bu il Şuşada Vaqif Poeziya Günləri və “Xarı bülbül” festivalı keçiriləcək. Şuşada muğam dinləniləcək, beynəlxalq muğam festivalı keçirələcək. Cıdır düzündə bundan sonra muğam səsi eşidiləcək, Azərbaycan mahnıları ifa olunacaq, böyük tədbirlər keçiriləcəkdir”.
Azərbaycan Prezidenti İlham Əliyevin ailə üzvləri ilə birlikdə Şuşaya səfəri tarixi, eyni zamanda daxili və xarici auditoriyalara zəngin mesajlar ehtiva edən bir səfər idi, ziyarət etdikləri obyektlərin hamısı tarixi dəyər daşıyır, şəhərin tarixin bütün mərhələlərində Azərbaycan xalqına məxsusluğunu simvolizə edir. Cənab Prezidentin ailəsi ilə birlikdə dağılmış məscidləri ziyarət etməsi, məscidlərə müqəddəs Quran kitablarını hədiyyə edilərək duaların oxunması ölkə başçısının ailəsinin dini-milli dəyərlərimizə nə qədər bağlı olduğunu göstərir. Bu, həm də islam dünyasına düşmən baxışları olan dövlət başçılarına və siyasətçilərə də bir mesajdır ki, bizim üçün öz milli dəyərlərimiz hər məsələdən üstündür və onun qorunması üçün bütün varlığımızla hazırıq. Cənab Prezident Ermənistanla dostluq edən müsəlman ölkələrinə mesajlar verərək bildirdi ki, Ermənistan vandalizmi, irqçiliyi, etnik-dini dözümsüzlüyü dövlət siyasətinə çevirmiş islamofob ölkədir. Məscidləri, dini abidələri dağıdıb, viranə qoyub, müqəddəs məbədləri təhqir edib, donuz saxlayan, müsəlman dini abidələrini təhqir edən Ermənistan müsəlman ölkələri üçün dost ola bilməz. Ermənistanla dostluq edən müsəlman ölkələrin liderləri öz xalqlarına cavab verməlidir.
Həm məscid, həm kilsəni ziyarət etməklə Prezident dünyaya tolerantlıq, gələcək birgəyaşayışın mümkünlüyü barədə mesajlar verdi.
Prezident İlham Əliyevin 39 il sonra eyni gündə Şuşaya səfəri, 39 il əvvəlki səfərdə çəkilmiş fotonu əlində tutaraq yenidən eyni yerdə kamera önünə keçərək Ulu Öndərin Şuşayla bağlı vəsiyyətini, siyasi irsə sahib çıxdığını göstərir. ”Biz qalib xalqıq. Mən Şuşaya son dəfə 39 il bundan əvvəl gəlmişəm. 39 il bundan əvvəl iki dəfə gəlmişəm və birinci dəfə yanvarın 14-də gəlmişəm. Bax, bu gün, yanvarın 14-də yenə də buradayıq. 39 ildən sonra Şuşaya düşmənin belini qıran müzəffər, qalib Ordunun Ali Baş Komandanı kimi gəlmişəm və burada müqəddəs bayrağın altında, qəhrəman hərbçilərin önündə deyirəm ki, biz bu torpaqlarda əbədi yaşayacağıq!”
Prezident İlham Əliyev Ermənistandakı revanşist qüvvələrə Şuşadan ciddi xəbərdarlıq edərək bildirdi ki, onlar yenidən baş qaldırsalar, bir daha dəmir yumruqla üzləşəcəklər. Azərbaycanın haqq uğrunda mübarizəsində Şanlı Qələbəsini həzm edə bilməyən bəzi xarici dairələr postmüharibə dövründə də bölgədə sülhə xələl gətirmək istəyirlər. Faktiki olaraq suverenliyini itirmiş Ermənistan dövləti yaxşı olardı ki, bundan sonra öz gələcəyi haqqında düşünərkən qonşu ölkələrin torpaqları haqqında, ələlxüsus Azərbaycanın tarixi əraziləri haqqında xəyallara qapılmasın.
Səfər barədə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın paylaşımları qısa zamanda sosial şəbəkələrdə aparıcı trendə çevrildi. Bununla mesaj verildi ki, ölkənin ali siyasi elitasının səfərləri önündə təhlükəsizlik baxımından heç bir narahatlıq yoxdur.
Adətən, bir ölkənin tarixində yeni dövr, yeni mərhələ yarada bilmiş liderlərin ardıcılları haqqında “onun yetişdirdiyi xalq” ifadəsi işlənir. Milli Lider İlham Əliyevin hakimiyyətdə olduğu son illərdə vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil yetişib. Bütün nəsillərdən olan vətəndaşlarımızın Qələbədə böyük zəhməti, payı var. Ancaq əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi. Döyüşdə qəhrəmanlıq göstərən, öz şücaətləri ilə dünya hərbi ekspertlərini heyrətə salan əsgər, MAXE və zabitlərin çoxu ali təhsilini, orta təhsilini, hətta bir çox hallarda məktəbəqədər təhsilini İlham Əliyevin hakimiyyəti illərində alaraq vətənpərvər kimi yetişmiş 18-35 yaşlı gənclər idi. Bu gənclərin məhz vətənpərvərlik ruhunda tərbiyə alması, düşmənə nifrət hissi bizi Qələbəyə apardı və Azərbaycan tarixi ədaləti bərpa etdi. Cənab Prezidentin vurğuladığı kimi, “Gənc nəsil, yaşlı nəsil, təcrübəli insanlar, bütün xalqımız, bütün etnik qrupların nümayəndələri, bütün dinlərin nümayəndələri bir yumruqtək birləşib. Birliyi olan ölkələr qələbə qazanırlar. İradəli olan liderlər qələbə qazanırlar. Heç nəyə baxmayan, heç kimdən çəkinməyən, milli maraqları müdafiə edən liderlər qələbə qazanırlar. Azərbaycanın timsalında bunu hər kəs gördü” Bəli, haqq-ədalət zəfər çaldı. Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!
Əməkdar müəllim,
rayon ziyalısı, ağsaqqal:
Tahir Məmmədov