Zaqatalada Avropa irs günlərinə həsr olunmuş bayram şənliyi keçirilmişdir
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Avropa irs günləri layihəsi Azərbaycanda ilk dəfə olaraq təntənəli şəkildə qeyd olunur. Hər il ölkəmizin müxtəlif regionlarında keçirilməsi nəzərdə tutulan tədbirlər bu il Şəki, Qax, Zaqatala və Balakən rayonlarını əhatə etmişdir. Sentyabrın 27-də başlanan Avropa irs günləri çərçivəsində bu rayonlarda silsilə tədbirlər, o cümlədən ümumtəhsil məktəblərində mədəni irsin qorunması mövzusunda dərslər keçirilmiş, mədəniyyət müəssisələrində, qoruqlarda “Açıq qapı” günləri, muzey və rəsm qalereyalarında “Mədəniyyət abidələrimiz” mövzusunda fotosərgilər təşkil olunmuşdur. Sentyabrın 29-da Zaqatala rayon Mədəniyyət Evinin qarşısındakı meydanda Avropa irs günləri layihəsinə həsr olunmuş təntənəli bayram şənliyi keçirilmişdir. Rayon icra hakimiyyətinin, Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşlarının, layihənin iştirakçısı olan rayonların mədəniyyət və turizm şöbələri nümayəndələrinin, şəhər sakinlərinin iştirak etdikləri bayram şənliyində rayonların yaradıcı kollektivləri maraqlı konsert proqramı ilə çıxış etmişlər.
Şəki incəsənət məktəbinin xor, Zaqatala rayon mədəniyyət evinin rəqs, Qax rayon incəsənət məktəbinin rəqs, həmçinin Balakən rayonunun “Nənələr” və “Cahan” folklor kollektivlərinin çıxışları şənlik iştirakçılarında xoş ovqat yaratmışdır. Tədbir iştirakçıları layihə çərçivəsində bu rayonlarda keçirilmiş rəsm müsabiqələrində qalib gəlmiş balaca rəssamların əsərlərindən ibarət sərgilərə baxmışlar. Daha sonra bayram iştirakçıları zurnaçılar dəstəsinin ifa etdiyi musiqinin sədaları altında şəhərin yenidən qurulmuş Dədə Qorqud Meydanına yürüş etmiş, burada Bakı Musiqi Akademiyasının gənclər kamera orkestrinin ifasında maraqlı konsert proqramını izləmişlər.
Konsertdən əvvəl rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, Mədəniyyət və Turizm Nazirliyinin mədəni irs şöbəsinin müdiri Rüfət Nəbiyev, Bakı Musiqi Akademiyasının professoru, Xalq Artisti Yeganə Axundova çıxış edərək Avropa irs günləri layihəsi və bu onun çərçivəsində həyata keçirilən tədbirlər barədə məlumat vermişlər.
Bildirilmişdir ki, Avropa Şurası və Avropa İttifaqı tərəfindən ümumavropa bayramı elan edilən bu əlamətdar gün hər bir Avropa ölkəsində böyük təntənə və coşqu ilə qeyd olunur. Hər il sentyabrın sonunda Avropa Mədəniyyət Konvensiyasını imzalamış 50 ölkədə minlərlə abidə və tarixi ərazidə pulsuz giriş elan olunur, sakinlərin iştirakı ilə folklor gecələri, etnoqrafik şənliklər keçirilir. Qeyd olunmuşdur ki, 1985-ci ildə əsası qoyulmuş layihənin bu ildən etibarən ənənəvi olaraq hər ilin sentyabrında ölkəmizdə də keçirilməsi nəzərdə tutulmuşdur. Hər il respublikamızın müxtəlif regionunu əhatə edəcək tədbirlər öz başlanğıcını məhz ölkəmizin zəngin tarixi-mədəni irsə malik bir bölgəsindən götürmüşdür.
Bildirilmişdir ki, Avropa irs günləri layihəsinin əsas məqsədi ziyarətçilərin mədəni irs obyektlərinə sərbəst girişini təmin etməklə tarix və mədəniyyət abidələrinin qorunmasına ictimaiyyətin diqqətini cəlb etmək və milli-mədəni irsi geniş təbliğ etməkdir. Gənclərin Avropa irs günlərinə həsr etdikləri fləşmob şənlik iştirakçılarının böyük marağına səbəb olmuşdur.
Bayram tədbirinin sonunda Xalq Artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə Bakı Musiqi Akademiyasının gənclər kamera orkestri maraqlı konsert proqramı ilə çıxış etmişdir. Proqrama Üzeyir Hacıbəylinin “Arazbarı”, Müslüm Maqomayevin “Azərbaycan”, Aqşin Əlizadənin “Cəngi”, Niyazinin “Arzu”, “Qaytağı”, Qara Qarayevin “Adajio və rəqs”, Tofiq Quliyevin “Sevgi valsı” və digər Azərbaycan və Avropa bəstəkarlarının əsərləri daxil olmuşdur. Konsert bayram iştirakçıları tərəfindən böyük maraqla qarşılanmışdır.