Şriftin ölçüsü :

Saytın rəngi :

Payız mövsümündə Zaqatalada 14 hektar sahədə yeni meşə zolaqları salınacaq

06 dekabr 2020 | 16:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən həyata keçirilən ekoloji tədbirlərin davamı olaraq, dekabrın 6-da Zaqatala rayonunda növbəti payız meşə əkini aksiyası keçirilib. Zaqatala Regional Meşə Təsərrüfatı Mərkəzinin təşkilatçılığı ilə qurumun Danaçı meşəbəyliyinin 1 saylı dolayında təşkil edilən tədbirə ETSN-in əməkdaşları ilə yanaşı, yerli sakinlər də qoşulublar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aksiya çərçivəsində 2 hektar sahədə qoz tinglərinin əkini aparılıb, həmçinin 2 hektar sahəyə palıd qozaları səpilib.

Regional Meşə Təsərrüfatı Mərkəzinin meşə əkini üzrə baş mühəndisi Elkin Gözəlov bildirib ki, payız mövsümündə rayon ərazisində 14 hektar sahədə yeni meşə zolaqlarının salınması nəzərdə tutulur. Bu meşə zolaqlarında 15 min ədəd toxmaçar və ting əkiləcək. İndiyədək 10 hektar sahədə 10 min ədəd tingin əkilməsi təmin edilib. Bu gün əkilən qoz toxmaçarları mərkəzin öz tinglik sahəsində yetişdirilib. Səpin zamanı istifadə olunan palıd qozaları da mərkəz tərəfindən rayon ərazisində əvvəllər salınmış şabalıdyarpaq palıd meşələrindən tədarük edilən qozalardır.

Aksiyada iştirak edən ETSN-in Ətraf Mühitin və Təbii Sərvətlərin Tənzimlənməsi Şöbəsinin müdiri Xalıqverdi Hüseynovun sözlərinə görə, meşəsalma tədbirlərinin işğaldan azad olunan rayonlarda da keçirilməsi nəzərdə tutulur. Sevindirici haldır ki, artıq Füzuli, Qubadlı, Zəngilan rayonlarında ağacəkmə işlərinə başlanılıb. Ərazilər minalardan təmizləndikcə ağacəkmə aksiyaları davam etdiriləcək. Bu aksiyalar ölkənin meşə ehtiyatlarının artırılması və ekoloji mühitin mühafizəsinə dəstək məqsədilə keçirilir.

Keçidlər