Bu il Zaqatalada 15 min tondan çox fındıq istehsal olunub
Builki mövsümdə Zaqatala rayonunda fındıq bağlarından 15 min 359 ton məhsul tədarük olunub. Fındıq istehsalı əvvəlki illə müqayisədə 16 tonadək artıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Zaqatala Rayon İcra Hakimiyyətinin sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsindən məlumat verilib.
Qurumdan bildirilib ki, ənənəvi sahələrdən olan fındıqçılığın inkişaf etdirilməsi Zaqatala rayonunun kənd təsərrüfatı üçün prioritet istiqamətlərdən biridir. Dövlətimizin başçısının fındıqçılığın inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıq və göstərişlərin icrasını təmin etmək məqsədilə son illər Zaqatala rayonunda yeni fındıq bağlarının salınması istiqamətində davamlı iş aparılıb. Belə ki, 2016-cı ilə kimi rayonda cəmi 9 min 575 hektar fındıq bağı mövcud idisə, son dörd ildə fındıq bağlarının ümumi sahəsi iki dəfədən çox artırılaraq 20 min 181 hektara çatdırılıb. Bu bağların 12 min 80 hektarı barverəndir.
Qeyd edək ki, 2019-cu ildə Zaqatalanın fındıq bağlarından 15 min 343 ton məhsul tədarük olunub.