Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri gücləndirilib

24 noyabr 2020 | 16:00

Koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara uyğun olaraq, Zaqatala rayonunda xüsusi karantin rejimi qaydalarının təmin olunması üçün ciddi nəzarət tədbirləri həyata keçirilir. Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarındakı dəyişikliyə əsasən, noyabrın 7-dən etibarən respublikanın bir sıra şəhər və rayonlarının, o cümlədən Zaqatala rayonunun inzibati ərazisinə giriş-çıxış dayandırılıb.

Rayon icra hakimiyyəti yanında yaradılan qərargahdan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, icra hakimiyyəti aparatının məsul nümayəndələrindən və polis əməkdaşlarından ibarət 62 mobil qrup xüsusi karantin rejimi ilə əlaqədar müəyyən edilmiş qaydalara əməl olunmasını təmin etmək üçün ticarət və digər obyektlərdə, həmçinin ictimai nəqliyyatda mütəmadi olaraq reydlər keçirir, əhalinin kütləvi şəkildə toplaşdığı ərazilərdə maarifləndirici təbliğat işləri aparır. Reydlər zamanı vətəndaşlara gigiyena qaydalarına riayət edilməsinin, sosial məsafənin saxlanılmasının vacibliyi, açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi və parça maska, respirator və sair) istifadə edilməsinin məcburiliyi izah olunur, tövsiyələr verilir. Eyni zamanda, xüsusi karantin rejimi qaydalarını pozan obyektlərin sahibləri, həmçinin vətəndaşlar barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada inzibati tədbirlər görülür.

 

Keçidlər