Zaqatalada indiyədək 8 min hektardan çox sahədə payızlıq səpin aparılıb
Zaqatala rayonunun təsərrüfatlarında gələn ilin məhsulu üçün payızlıq dən bitkilərinin səpini davam edir. Torpaq mülkiyyətçiləri indiyədək 5 min 214 hektarı buğda, 2 min 810 hektarı arpa olmaqla, 8 min 24 hektar sahəyə toxum səpiblər. Cari mövsümdə rayonda 2021-ci ilin məhsulu üçün 11 min hektar sahədə payızlıq dən bitkilərinin səpini proqnozlaşdırılır.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Zaqatala Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Vaqif Şabanov məlumat verib.
Qurum rəsmisi bildirib ki, payızlıq dənlilərin səpini üçün indiyədək təsərrüfatlarda 9,6 min hektar sahədə şum qaldırılıb, toxumçuluq təsərrüfatları tərəfindən 1500 tonadək yüksək reproduksiyalı toxum fondu yaradılıb. Eyni zamanda, fermerlər səpin üçün lazım olan keyfiyyətli və sertifikatlaşdırılmış toxumları “Aqroservis” ASC-nin rayon bölməsindən və digər toxumçuluq təsərrüfatlarından da əldə edirlər.
Sektor müdirinin sözlərinə görə, təsərrüfatlarda qarğıdalı yığımı isə artıq yekunlaşmaq üzrədir. Bu il rayonun torpaq mülkiyyətçiləri 3 min 536 hektar sahədə qarğıdalı bitkisi yetişdiriblər. İndiyədək rayonda 19 min 970 ton dən qarğıdalı istehsal olunub. Hər hektardan orta məhsuldarlıq 56,4 sentner təşkil edir.