Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatala Hərbi Prokurorluğunun yeni inzibati binası istifadəyə verilmişdir

01 oktyabr 2013 | 15:00

Sentyabrın 30-da Zaqatala Hərbi Prokurorluğunun yeni inzibati binasının istifadəyə verilməsi münasibətilə mərasim keçirilmişdir. Rayon rəhbərliyinin, hüquq mühafizə orqanları əməkdaşlarının, ədliyyə işçilərinin iştirak etdikləri tədbiri Zaqatala hərbi prokuroru, ədliyyə polkovniki Mustafa Əsgərov açmışdır. O, Zaqatala Hərbi Prokurorluğunun Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrə uyğun olaraq yaradıldığını və Azərbaycan Respublikası baş prokurorunun 2009-cu il 19 noyabr tarixli əmrinə əsasən fəaliyyətə başladığını diqqətə çatdırmışdır. Natiq bildirmişdir ki, prokurorluq orqanları yarandığı gündən həmişə dövlətə, dövlətçiliyə sadiq olmuş, öz fəaliyyətində qanunçuluğu əsas tutmuşdur. Respublikamızın hələ çətin illərində prokurorluq orqanları həmişə dövlətçiliyin əsas dayaq sütunlarından biri kimi çıxış etmişdir. Qeyd olunmuşdur ki, Zaqatala Hərbi Prokurorluğunun inzibati binasının istifadəyə verilməsi çox əlamətdar bir dövrə - Azərbaycan Respublikasının prokurorluq orqanlarının yaradılmasının 95 illiyinə təsadüf edir. Prokurorluq orqanlarının xidmətlərini və tarixi inkişaf yolunu nəzərə alan ümummilli liderimiz Heydər Əliyevin 1998-ci il 17 iyul tarixli Sərəncamı ilə hər il oktyabrın 1-i Azərbaycanda prokurorluq işçilərinin peşə bayramı günü kimi geniş qeyd olunur. Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə prokurorluq orqanlarının əməkdaşlarını Azərbaycan Prokurorluğunun yaradılmasının 95-ci ildönümü münasibətilə təbrik etmiş, onlara çətin və şərəfli işlərində uğurlar arzulamışdır. O, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, qanunçuluğun təmin edilməsində, cinayətkarlıqla mübarizədə prokurorluq orqanlarının rolunu yüksək qiymətləndirmişdir. Hərbi prokurorunun müavini, ədliyyə general-mayoru Rasim Kazımov Azərbaycan prokurorluğunun yaranması, keçdiyi şərəfli yol və hazırkı fəaliyyəti barədə geniş məlumat vermişdir. Bildirilmişdir ki, son illər prokurorluq orqanlarında sağlam iş mühitinin yaradılması üçün ciddi işlər görülmüş, dövlətçilik, qanunçuluq prinsipləri önə çəkilmiş, prokurorluğa ictimai etimad artmış, onun nüfuzu daha da yüksəlmişdir. Prokurorluq orqanlarının formalaşmasında ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərini önə çəkən R.Kazımov son illər ölkəmizdə ordu quruculuğu sahəsində həyata keçirilən məqsədyönlü tədbirlərdən danışmış, demokratik cəmiyyətdə prokurorluğun rolunun artmasının vacibliyini qeyd etmişdir. Natiq diqqətə çatdırmışdır ki, qeyd olunan Dövlət Proqramı prokurorluq orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, müasirləşdirilməsi və inkişaf etdirilməsinin təməlini qoymuşdur. Son illər kadr potensialının gücləndirilməsi, kadrların peşəkarlığının artırılması, prokurorluğun maddi-texniki bazasının möhkəmləndirilməsi, əməkdaşların iş şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
İnzibati binanın açılışını bildirən rəmzi lent kəsildikdən sonra mərasim iştirakçıları əməkdaşlar üçün yaradılmış şəraitlə yaxından tanış olmuşlar.

Keçidlər