Zaqatalada arı ailələrinin sayı bir ildə 3192 ailə artıb
Bu il Zaqatala rayonu üzrə Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində 32 mindən çox arı ailəsi qeydiyyata alınaraq təsdiq edilib. Hazırda rayonda 1445 təsərrüfatçı arıçılıqla məşğul olur. Arıçılığın inkişafına dövlət dəstəyinin nəticəsidir ki, bu il rayonda arıçılıq təsərrüfatlarının sayı ötən illə müqayisədə 195 təsərrüfat, arı ailələrinin sayı isə 3192 ailə artıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Zaqatala Dövlət Aqrar İnkişaf Mərkəzinin heyvandarlıq sektorunun müdiri Rəsul Razaqov məlumat verib.
Qurum rəsmisi bildirib ki, Nazirlər Kabinetinin təsdiq etdiyi “Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi Qaydası”na uyğun olaraq, bu il rayonun arıçılarına dövlət büdcəsinin vəsaiti hesabına hər arı ailəsinə 10 manat hesabı ilə 320 min 170 manat subsidiyanın verilməsi nəzərdə tutulub. Arıçıların əksəriyyəti subsidiyalarını alıblar və bu proses yekunlaşmaq üzrədir.
Sektor müdirinin sözlərinə görə, rayonun arıçılıq təsərrüfatlarında il ərzində 300 tonadək bal, 40 ton mum, 500 kiloqram çiçək tozu, 200 kiloqram vərəmum, 15 kiloqramadək arı südü və digər məhsullar istehsal olunur. Rayonun təbii iqlim şəraiti arıçılıq məhsulları istehsalının artırılmasına imkan verir.
Qeyd edək ki, ötən il Zaqatala rayonunda arıçılıqla məşğul olan 1250 arıçıya saxladıqları 28 min 825 arı ailəsinə görə dövlət büdcəsinin vəsaiti hesabına 288 min 250 manat subsidiya ödənilib.