Şriftin ölçüsü :

Saytın rəngi :

Bu il Zaqatalada xurma istehsalının 7 min tona çatacağı proqnozlaşdırılır

02 noyabr 2020 | 16:00

Zaqatala rayonunda kənd təsərrüfatının ixrac potensialı yüksək olan sahələrindən biri də xurmaçılıqdır. Hazırda rayonda mövcud xurma bağlarının ümumi sahəsi 387 hektardır. Bu bağların 346 hektarı barverəndir. Rayonun xurma bağlarında artıq məhsul yığımına başlanılıb. Builki mövsümdə rayonda xurma istehsalının 7 min tona çatacağı proqnozlaşdırılır.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Zaqatala Rayon İcra Hakimiyyəti aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi Rəşad Məmmədov məlumat verib.

Bildirilib ki, son illər rayonda 22 hektar sahədə yeni xurma bağları salınıb. Yeni bağlar salınarkən “Şişburun” xurma sortuna daha çox üstünlük verilir. Bazarlarda xurmanın bu sortuna tələbat yüksəkdir. Hazırda tədarükçülər tərəfindən 10 kiloqram çəkisi olan bir yeşik “Şişburun” xurması üçün məhsul istehsalçılarına 4-5 manat, digər xurma növləri üçün isə 2,5-3 manat ödənilir.

Baş məsləhətçinin məlumatına görə, 2019-cu ildə rayonun xurma bağlarından 6 min 658 ton məhsul tədarük olunub. Xurma istehsalı əvvəlki illə müqayisədə 1136 ton artıb. İstehsal olunan xurma satış üçün daxili bazarla yanaşı, Rusiyaya da ixrac edilib.

Keçidlər