Şriftin ölçüsü :

Saytın rəngi :

Müəllimlik tarixən cəmiyyət arasında ən şərəfli peşələrdən biri hesab olunmuşdur

06 oktyabr 2013 | 15:00

Beynəlxalq Müəllimlər Günü münasibətilə oktyabrın 5-də Zaqatala şəhərində bayram tədbiri keçirilmişdir. Rayonun qabaqcıl müəllimləri əvvəlcə ümummilli lider Heydər Əliyevin mədəniyyət və istirahət parkında ucaldılmış abidəsi önünə gül-çiçək düzmüş, xatirəsini ehtiramla yad etmişlər. Rayon rəhbərliyinin, qabaqcıl təhsil işçilərinin, ziyalıların, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbirdə çıxış edənlər 5 oktyabr - Beynəlxalq Müəllimlər Gününün 1993-cü ildən Azərbaycanda da dövlət səviyyəsində geniş qeyd olunduğunu diqqətə çatdırmış, müəllimləri əlamətdar bayram münasibətilə təbrik etmişlər. Bildirilmişdir ki, müəllimlik tarixən cəmiyyət arasında ən şərəfli peşələrdən biri hesab olunmuşdur. Müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünya görüşlü insanlar yetişir. Müstəqil Azərbaycanın işıqlı gələcəyi məhz müəllim əməyinin düzgün təşkilindən, gənc nəslin təlim-tərbiyəsi işinə göstərilən qayğıdan asılıdır. Qeyd olunmuşdur ki, ölkəmizdə müəllim əməyinə, müəllim şəxsiyyətinə daim yüksək qiymət verilir. Müəllim əməyinin qiymətləndirilməsi, qabaqcıl müəllimlərin mükafatlandırılması, müəllimlərin əmək haqlarının artırılması istiqamətində həyata keçirilən tədbirlər təhsilə və müəllimə qayğının bariz nümunəsidir. Diqqətə çatdırılmışdır ki, hazırda rayonun ümumtəhsil məktəblərində gənc nəslin təlim-tərbiyəsi ilə 2800-ə yaxın müəllim məşğul olur. Son illər müəllimlərdən 6 nəfəri “Əməkdar Müəllim” fəxri adına, 5 müəllim “Tərəqqi” medalına, 16 nəfər isə “Qabaqcıl təhsil işçisi” döş nişanına layiq görülmüşdür. Sevindirici haldır ki, iki gün əvvəl daha bir müəllim “Əməkdar Müəllim” fəxri adı almış, bir nəfər isə “Tərəqqi” medalı ilə təltif olunmuşdur. Rəngarəng konsert proqramı ilə davam edən bayram tədbirinin sonunda rayonun qabaqcıl müəllimlərinə rayon icra hakimiyyətinin və təhsil şöbəsinin fəxri fərmanları və qiymətli hədiyyələr təqdim olunmuşdur.

Keçidlər