Qarabağ savaşında önəmli məsələlərdən biri də informasiya müharibəsini məqsədəuyğun aparmaqdır.
Hazırda davam edən Qarabağ savaşında önəmli məsələlərdən biri də informasiya müharibəsini məqsədəuyğun aparmaqdır. İnformasiya müharibəsi heç də hərbi sahədə aparılan müharibələrdən geridə qalmır. Bəlkə də bəzi məqamlarda daha çox əhəmiyyət kəsb edir. Bu məsələdə sözsüz ki, liderlik ölkənin prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə aiddir. Bir neçə dildə danışa bildiyi üçün dünyanın əksər ölkələrinin aparıcı televiziyalarını, qəzetlərini özünə cəlb edir. İlham Əliyev demək olar ki, hər gün ən azı bir televiziyaya, yaxud qəzetə Ermənistan-Azərbaycan münasibətləri mövzusunda geniş müsahibələr verir. Onun işlək intelektuallığı, hazırcavablığı, mövzuya dərindən vaqif olması müsahibələrində öz sözünü deyir.
Amerikanın “Fox News” televiziyasına verdiyi müsahibədə jurnalistin suallarını səbrlə cavablandıran cənab Prezident cavablarıyla bir növ jurnalisti susdururdu. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı jurnalitin sualını cavablandıran İlham Əliyev sentyabrın 27-də döyüşlərə başlayan tərəfin Azərbaycan olmadığını, bu zamana qədər heç bir ölkənin rəsmi nümayəndəsinin bu məsələni ölkəmizin qarşısında qaldırmadığını, danışıqlar prosesini tamamilə pozmaq məqsədi ilə iyulda təxribata əl atan, avqustda diversiya qrupu göndərən, ardınca da sentyabrın 27- də hücuma keçən tərəfin Ermənistan olduğunu və bu vaxta kimi 63 mülki şəxin öldüyünü, 300-nün yaralandığını, hücuma başlayan Erənistana qarşı Azərbaycanın özünü müdafiə etdiyini, nəticədə işğal olunmuş ərazilərin mühüm hissəsinin azad edildiyini bildirib.
Jurnalistin qərəzli suallarına təmkinlə cavab verən Cənab Prezidentin hüquqi nöqteyi-nəzərdən haqlı olduğumuzu və dediklərinin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olduğunu vurğulaması birmənalı olaraq hədəfə dəqiq istiqamətlənmiş cavab idi.
1980-ci və 1990-cı illərin bütün keşməkeşli yollarından keçdikdən sonra indi oranın prinsip etibarilə erməni əhalisindən ibarət olduğu reallağını söyləyən və diplomatiya yolunu nəzərdən keçirmək barədə növbəti sualı ünvalayan jurnalistə ölkə başçısı bildirdi ki, haqqında danışdığı “reallıq”, Ermənistanın təcavüzkar separatizmi və azərbaycanlıların etnik təmizlənməsi nəticəsində yaranmış “reallıqlardır.” Yəni, Amerika Birləşmiş Ştatları, Rusiya və Fransadan ibarət olan vasitəçilərdən Dağlıq Qarabağa müstəqillik verilməsi ilə bağlı bizə heç bir plan təqdim olunmayıb.
Müsahibə zamanı İlham Əliyev 1994-cü ildə Azərbaycanın müharibədə məğlub olmadığını, daxili qeyri-sabitlik ucbatından döyüşü uduzduğunu, həmçinin Ermənistana açıq xarici dəstəyin olduğunu da vurğulayıb.
Azərbaycanın iki dəfə atəşkəsə razılaşdığını, lakin hər ikisində də Ermənistan tərəfindən dərhal pozulduğunu və Azərbaycanın atəşkəsi pozması barədə sübut olmamasını qeyd etməsi cənab Prezidentin növbəti tutarlı cavabı idi. Azərbaycanın atəşkəsi razılaşdırmağa hazır olduğunu, Ermənistanın Amerika Birləşmiş Ştatları, Rusiya və Fransa tərəfindən işlənib hazırlanmış əsas prinsiplərə sadiq olduğunu bildirməli, həmsədr ölkələr tərəfindən təqdim edilən sülh planına uyğun olaraq torpaqları boşaldacağına dair öhdəlik götürməli olduqları halda iki gün bundan əvvəl Ermənistanın baş nazirinin “Dağlıq Qarabağ münaqişəsinin diplomatik həlli yoxdur “ deməsi Ermənistanın konstruktiv mövqedən hər zamankı kimi uzaq olduğunu göstərir.
Mülki əraziləri, evləri, yaşayış məntəqələrini, mağazaları hədəfə alması ilə bağlı ittihamlara cavabında ölkə başçısı Azərbaycanın mülki şəxlərə və dini məkanlara hücum etmədiyini, Şuşada kilsədə baş verənlərin ermənilərin özləri tərəfindən törədildiyini, Azərbaycanın dronlarının Ermənistan tanklarını və başqa hərbi hədəfləri məhv etdiyini, dronlardan mülki şəxslərə qarşı istifadə edilmədiyini vurğulayıb.
Jurnalistin ordumuzda, guya, suriyalı döyüşçülərin olması haqqında “New York Times” qəzetində çıxan yazını vurğulaması, buna cavab kimi isə cənab Prezidentin Ağ ev rəhbəri Donald Trampın yalan xəbər yaydığına görə “New York Times” qəzetini feyk xəbərlər adlandırmasını xatırlatması müsahibənin ən möhtəşəm məqamlarından idi. Dövlət başçısı müasir avadanlıq və 100 min əsgəri olan Azərbaycan ordusunun muzdlu döyşçüyə ehtiyacı olmadığını və hazırda tamamilə iqtisadi və sosial problemlərin içində olan Ermənistanın diqqəti yayındırmağa ehtiyacı olduğunu bildirib.
ABŞ-la bağlı ünvanlanmış suallara gəldikdə isə ABŞ Minsk qrupunun üç həmsədrindən biri olaraq tərəflərə razılığa gəlməyə yardım etmək üçün ATƏT-in mandatına sahib olduğunu söyləyən cənab Prezident Dağlıq Qarabağın ABŞ və bütün başqa ölkələr tərəfindən Azərbaycanın ayrılmaz hissəsi kimi tanındığını vurğulayıb və deyib ki, Azərbaycan Dövlət Katibi Pompeodan baş nazir Paşinyanın nümayəndəsinə “diplomatik həll yoxdur” kimi bəyanatların yanlış və təhlükəli olduğunu bildirməsini və ermənilərin işğal olunmuş ərazilərdən çıxmaqla bağlı vaxt cədvəli verməli olduqlarını deməsini gözləyir.
Türkiyə Azərbaycanın ən yaxın müttəfiqi və dostu olduğunu, amma sadəcə siyasi dəstək verdiyini bir daha dilə gətirən İlham Əliyev həmçinin bildirib ki, Azərbaycan məsələnin diplomatik həllinə inanır, əks halda 17 il ərzində danışıqlarda iştirak etməzdi. Ermənistan Rusiyadan hərbiçilərin münaqişə bölgəsinə göndərilməyini xahiş etsə də Azərbaycanın mövqeyinin region ölkələri və bütün ölkələrin münaqişədə birbaşa iştirakdan kənarda qalmaları olduğunu qeyd edib.
Neft və enerji kəmərləri ilə bağlı sualı cavablanlandıran ölkə başçısı deyib: “Ermənistanın yüksək rütbəli rəsmilərinin bəyanatları var ki, onlar Azərbaycanın strateji neft infrastrukturumuza, o cümlədən kəmərlərə və Bakının Səngəçal qəsəbəsində ən böyük neft-qaz terminalına hücum edəcəklər. Azərbaycandan Avropaya və dünyaya neft-qaz təchizatını pozmaq Ermənistanın planları idi”.
Azərbacanın ABŞ-ın vasitəçiliyini tam dəstəkləməsi, Prezident Trampın münaqişənin həlli ilə bağlı gördüyü işlər beynəlxalq münasibətlərə tam uyğun olduğunu, eyni zamanda Azərbaycanın həmişə Amerika Birləşmiş Ştatlarının beynəlxalq terrorçuluqla mübarizədə bir yerdə olduğunu, hərbi qulluqçularımızı Əfqanıstanda saxlamaqla sülhməramlı əməliyyatlara töhfə verdiyimizi, enerji təchizatı məsələlərində, bütövlükdə, Azərbaycan və Amerika Birləşmiş Ştatlarının çox güclü tərəfdaşlıq münasibətlərinin olduğunu vurğulaması amerikalı jurnalistə növbəti yerində olan cavab idi.
Müsahibə zamanı Azərbaycanın beynəlxalq səviyyədə tanınan və Ermənistan tərəfindən işğal olunmuş əraziləri olduğunu vurğulayan Azərbaycan Prezidenti İlham Əliyev dörd il bundan əvvəl Vaşinqtonda Prezident Obama tərəfindən təşkil olunan Nüvə Sammitin Baydenlə görüşdüyünü və ikitərəfli münasibətlərin bir çox məsələlərini, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını da müzakirə etdiyini, ABŞ-ın xarici siyasət komandasından gələcəkdə də bitərəf və obyektiv olmağı gözləyidiyimizi söyləyib. İndi isə nəyin baş verəcəyini proqnozlaşdırmağın çətin olduğunu deyən ölkə başçısı digər Cənubi Qafqaz ölkəsi olan Gürcüstanla strateji münasibətlərimizin gələcəkdə müəyyən vaxtda Azərbaycan və Ermənistan arasında münasibətlər üçün müəyyən mənada örnək ola biləcəyini düşündüyünü dilə gətirib.
Sonda Azərbaycan Republikasının prezidenti İlham Əliyev Azərbaycanın münaqişənin sülh yolu ilə nizamlanmasının mümkün olduğunu hesab etdiyini, ermənilər və azərbaycanlıların Gürcüstanda, Rusiyada, Ukraynada, bir çox digər ölkələrdə birlikdə yaşadığı kimi, Dağlıq Qarabağ regionunda birlikdə yaşaya biləcəyini, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində erməni əhalisinin hüquq və maraqlarının tam müdafiəsinin təmin olunacağını bildirib.
“Zaqatala” qəzetinin redaktor müavini,
Əməkdar mədəniyyət işçisi: Elmira Mehtiyeva