Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan ordusu yalnız ölkəmizin deyil, eyni zamanda ümumiyyətlə, Cənubi Qafqazın tarixində də yeni tarixi səhifələr açır.

23 oktyabr 2020 | 16:00

Azərbaycan ordusu savaş meydanında düşmən üzərində parlaq qələbələr qazanmaqla yanaşı, həm də yeni tarix yazır. Üstəlik, Azərbaycan ordusu yalnız ölkəmizin deyil, eyni zamanda ümumiyyətlə, Cənubi Qafqazın tarixində də yeni tarixi səhifələr açır. Prezident İlham Əliyev oktyabrın 19-da Rusiyanın TASS  informasiya agentliyinə videomüsahibəsində  jurnalistin “Siz necə hesab edirsiniz, əldə olunmuş atəşkəsin tamamilə yerinə yetirilməsinə qayıtmaq mümkündür, yoxsa həmin atəşkəs tamamilə pozulub?” – sualına cavabında ölkəmizin üzərinə düşən bütün öhdəlikləri yerinə yetirməyə hazır olduğunu birməmalı şəkildə vurğulayıb:  “Azərbaycan öz tərəfdaşları ilə əlaqələr çərçivəsində öz üzərinə götürdüyü öhdəliklərə sadiqdir. Həm əvvəldən, həm də münaqişənin nizamlanmasına dair danışıqlar prosesində həmişə beynəlxalq hüquqa, münaqişənin dinc yolla həllinə sadiqliyə, o cümlədən, Moskva danışıqlarından sonra Azərbaycanın öz üzərinə götürdüyü öhdəliklərə əsaslanıb, həmin öhdəlikləri yerinə yetirməyə çalışır  və hazırlaşır”. Cənab prezident  təəssüf ki, Ermənistanın  atəşkəs rejimini kobud şəkildə pozduğunu,  danışıqlardan heç 24 saat keçməmiş Ermənistan silahlı qüvvələrinin gecə vaxtı Gəncə şəhərini növbəti dəfə raket atəşinə tutmaqla misli görünməmiş terror hadisəsi törətdiyini  bildirərək vurğulamışdır ki, “Ermənistan humanitar atəşkəsi nümayişkaranə şəkildə pozdu. Beləliklə o, vasitəçilərə hörmətsizlik etdi. Moskvada belə uzun danışıqlardan sonra öz üzərinə götürdüyü öhdəliklərə hörmətsizlik göstərdi”.
“Azərbaycan nizamlama prinsipinə sadiqliyini də hər zaman qoruyub, saxlamaqdadır. Ancaq hazırda vəziyyətin hələ də qaynar fazada olması Azərbaycanın təqsiri deyil” deyən cənab prezident bildirdi ki,  “Bu prinsiplər çoxillik danışıqlar prosesində işlənib, hazırlanıb. Əgər Ermənistan danışıqlar məcrasında özünü konstruktiv apararsa, Azərbaycan günü sabah hərbi əməliyyatları dayandırmağa hazırdır. Ancaq rəsmi İrəvanın davranışlarında eyni konstruktiv mövqe qətiyyən müşahidə edilmir”. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ən önəmli məsələ məhz Ermənistan və Azərbaycan rəhbərliklərinin siyasi iradəsidir. Azərbaycan tərəfindən belə bir siyasi iradənin mövcudluğu açıq-aşkar ortadadır.
İlham Əliyev müsahibəsində status-kvo məsələsinə də toxunmuş və bir daha bəyan etmişdir  ki, artıq status-kvo deyilən bir anlayış yoxdur, Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları status-kvo siyasətini və təmas xətti deyilən süni maneəni artıq darmadağın etmişdir.
Prezident İlham Əliyev  öz müsahibəsində “Azərbaycan ordusu üstünlüyünü birmənalı olaraq qoruyur” deməklə, Ermənistanla yanaşı, həm də ATƏT-in Minsk Qrupu həmsədrlərinə birmənalı olaraq, mesaj verir. Yəni Azərbaycan Prezidenti savaş meydanındakı üstünlüyümüzlə bağlı önəmli hərbi faktorun danışıqlar prosesində əsas müəyyənləşdirici amilə çevrilməsində israrlıdır.
Prezident İlham Əliyev TASS informasiya agentliyinə videomüsahibəsində Azərbaycanın müharibədə terrorçulardan istifadə etməsi ilə bağlı cəfəng iddiaları da rədd edib. Bildirib ki, bu cür narahatlıqlar əsassızdır. Bununla əlaqədar indiyədək hər hansı bir dövlət, eləcə də Ermənistan Azərbaycana heç bir fakt təqdim etməyib. Dövlətimizin başçısı söhbətində Azərbaycan tərəfinin terrorçuya, hansı bir ölkənin hərbi dəstək ifadə etməsinə ehtiyacı olmadığını da diqqətə çatdırıb. Çünki: “Azərbaycan Ordusu həm döyüş meydanında, həm də texniki təchizat baxımından üstünlüyünü göstərib. Biz Ermənistanın işğal edilmiş ərazilərdə yerləşən əsas hərbi-texniki potensialını praktiki olaraq məhv etmişik. Mən bu rəqəmləri göstərmişəm. 230-dan çox tank əsasən pilotsuz uçuş aparatları vasitəsilə, habelə tank əleyhinə müasir mübarizə sistemləri – bunu gizlətmirəm, özü tuşlanan “Spike” raketləri vasitəsilə məhv edilib. Biz dünənə qədər 36 tankı qənimət götürmüşük, çoxlu sayda digər texnikanı, o cümlədən ən müasir “S-300” zenit-raket komplekslərini, bir neçə işəsalma qurğusunu, 40-a yaxın OSA zenitraket kompleksi qurğusunu, TOP qurğularını məhv etmişik. Prinsip etibarilə onlar pilotsuz uçuş qurğularına qarşı işləməlidirlər, lakin PUA-lar onları məhv edib. Məgər bunları Suriyanın harasındansa gəlmiş terrorçular ediblər? Yaxud bu gün, bizim Ordumuz əraziləri azad edərkən kim orada həmin terrorçuları görüb? Bunlar bizim əsgərlər və zabitlərdir…”.
Dövlət başçımız məlum müsahibəsində həmçinin bu gün Ermənistanın yenidən silahlanması məsələsinə də toxundu. Bu isə heç şübhəsiz ki, bölgənin təhlükəsizliyini pozur. Prezident vurguladı ki, hazırda Rusiyada yaşayan erməni mənşəli iri sahibkarların və beynəlxalq sanksiyalar tətbiq edilmiş məşhur silah alverçilərinin əli ilə qaçaqmalçılıq yolu ilə Rusiyadan Ermənistana silah-sursat daşınır. Həm Gürcüstan, həm də İran öz hava məkanını hərbi yüklər üçün bağladıqlarına görə, bu cür qaçaqmalçılıq metodlarından istifadə edilir. İlham Əliyev Rusiya ilə münasibətlərimizin yüksək səviyyədə olmasından çıxış edərək ümid etdiyini bildirdi ki, yəqin ki, bu məsələlər Rusiya tərəfindən araşdırılacaqdır.
Bu bir faktdır ki, biz ATƏT-in Minsk qrupunun həmsədrləri ilə danişiqlar prosesində müəyyən irəliləyişlərə nail olmuşduq. 5 rayon qaytarılırdı, ardınca Kəlbəcər və Laçın qaytarılmalı idi. Danışıqlar bu xətt üzrə gedirdi. Lakin Ermənistan tamamilə qeyri-konstruktiv mövqe tutdu. Davamlı şəkildə cürbəcür təxribatlara yol verdi. Ona görə də danışıqlar prosesi  pozuldu və indi  artıq Ermənistan deyil, şərtləri Azərbaycan tərəfi irəli sürür. İndi işğalçı ölkənin bizə qarşı hər hansı bir şərt diktə etməyə, bizimlə qalib ədası ilə danışmağa təpəri, iqtidarı yoxdur. İndi yeganə şərti cənab Prezident  irəli sürür: düşmən tərəf işğal etdiyi bütün ərazilərdən dərhal və qeydsiz-şərtsiz çıxmalıdır.
Azərbaycanın mövqeyi həmişə çox konstruktiv olub. Baza prinsiplərində yazılıb ki, təkcə Laçın dəhlizi deyil, bütün kommunikasiyalar, həmçinin Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında kommunikasiyalar açılır. Erməni tərəfi bu dəhlizin təhlükəsizliyinə zəmanət təqdim etməli idi. Bütün bunlar Azərbaycan ərazilərinin işğaldan azad edilməsini, azərbaycanlı məcburi köçkünlərin qovulduğu bütün torpaqlara, təkcə yeddi rayona deyil, həm də Dağlıq Qarabağın ərazisinə qaytarılmasını nəzərdə tutan kompromis paketinin bir hissəsidir.
“Sadalanan bütün baza prinsipləri, üstəgəl kommunikasiyaların açılması nizamlamanın əsasıdır. Minsk qrupunun həmsədrləri də Azərbaycanın mövqeyini dəstəkləyirlər, lakin Ermənistanın indiki rəhbərliyi başqa yolla getdi. İndi baş verənlərin bütün təqsiri şəxsən Paşinyanın üzərindədir. Bu insan, sadəcə, təsadüfən hakimiyyətə gəlməyib, o, həm Azərbaycan xalqına, həm də erməni xalqına həddən artıq iztirab və qəm-qüssə gətirib” deyən cənab prezident  Ermənistanın hazırki Baş nazirinin Sorosun əlaltısı olması faktının və onun tərəfdarlarının bu son dönəmlərdə Rusiyaya qarşı düşmən əhval-ruhiyyəli davranışlarını da TASS-ın müxbirinin diqqətinə çatdırdı: ”Bu insanlar vaxtı ilə Rusiya səfirliyinə etiraz əlaməti olaraq yumurta atırdılar. Paşinyan və onun iqtidar nümayəndələri Sorosun əlaltılarıdır. O zaman onların bir şüarı var idi: “Rusiyalı işğalçılar rədd olun”. Yəqin Rusiya hakim dairələri bu olayları yaxşı xatırlayırlar. Bu gün bəzi Rusiyalı siyasətçilərin Ermənistan tərəfini müdafiə etmələri bizdə təəccüb doğurur”. İlham Əliyev bu məqamı dilə gətirməklə həmin rusiyalı siyasətçilərin tutduqları mövqenin əslində Rusiyanın dövlət maraqlarına zidd olduğunu izah etmək, başa salmaq istəyirdi.
Prezident İlham Əliyev videomüsahibədə  Rusiyanın münaqişənin  nizamlanmasında həmişə mühüm rol oynadığı  və bunun həm tarixi, həm də coğrafi xarakterli obyektiv səbəbləri barədə də ətraflı danışıb. Ali Baş Komandanımız düşmənin artıq öz məğlubiyyətlərini anladığını xüsusi olaraq vurğulayaraq  qeyd edib ki, “Ermənistanın hərbi-siyasi rəhbərliyi artıq yaxşı bilir ki, Azərbaycan öz ərazilərinin bir qarışını belə Ermənistana güzəşt etməyəcək. Azərbaycan nəyin bahasına olursa olsun, öz torpaqlarını işğaldan azad edəcək”. Amma bununla belə dövlətimizin başçısı ordumuzun uğurlarına baxmayaraq, Azərbaycanın qan tökülməsinin davam etməsini istəmədiyini, insanların həyatını qoruyub saxlamağı  arzu  etdiyini,  məsələnin  siyasi  yolla  həll  etməyə hazır  olduğunu  da xüsusi diqqətə çatdırıb.  

DQİDK-nın  Zaqatala  bölgəsi 
üzrə     şöbəsinin     müdiri:                                     İlqar  Vəliyev
.

Keçidlər