Ordumuzun cəbhədəki uğurları Xalq-Prezident birliyinin məntiqi nəticəsidir.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz işğal olunmuş ərazilərimizin azad edilməsi uğrunda müzəffər yürüşünü inamla davam etdirir, müasir hərb tarixində yeni qələbələrlə dolu səhifələr açır. Ermənistanın faşist ordusu ilə təkbaşına vuruşan Azərbaycan əsgəri düşmən ordusuna dərs verir. Erməni mifləri dağılır və yalanları ifşa olunur. Ermənistanın özününküləşdirmə, tarixi saxtalaşdırma siyasətinə son qoyulur. Bütün dünya düşmənlərimizin mənfur və vəhşi simasını artıq görür. Cinayətkar və dünyaya yalan danışan Ermənistanın siyasi hakimiyyəti öz dövlətçiliyinin sonunu yaxınlaşdırır.
Haqq yolunda vuruşan Azərbaycan ordusu isə tam üstünlüyə malikdir. Hər ötən gün işğaldan azad edilmiş torpaqlarımızın sırasına yeniləri əlavə olunur, torpaqlarımızın işğaldan tam azad ediləcəyi tarixi sürətlə yaxınlaşdırır. Cəbhənin bütün istiqamətlərində rəşadətli Ordumuzun düşməni darmadağın edərək irəliləməsi regionda sülh və sabitliyə ciddi təhlükə yaradan işğalçı erməni hakimiyyətinin təxribatçı əməllərinin birdəfəlik sonu olacaqdır.
Azğın düşmən dinc əhalini – uşaqları, qadınları, qocaları qətlə yetirməklə, soyqırımı törətməklə insanların iradəsini, Qələbə əzmini sındırmaq istəsə də, heç nə alınmadı. Vətən mücadiləsinin ilk günündən Qələbə üçün zəruri şərtlərdən olan mənəvi bütövlük və üstünlük də qazanıldı. İndi Ali Baş Komandan hər gün maddi Qələbəmizin müjdələrini verir. Oktyabrın 20-də Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Azərbaycan xalqına müraciət edərkən önəmli zəfər xəbərlərini xalqımıza çatdırdı. 24 yaşayış məntəqəsi ilə yanaşı, Azərbaycanın Zəngilan rayon mərkəzinin də düşmən işğalından azad edildiyini müjdələyən dövlət başçımızın bu müraciəti sözün həqiqi mənasında Azərbaycan xalqının sabaha – yəni Şuşanın, Xankəndinin işğaldan azad edilməsinə olan inamını birə min qat artırır.
Ordumuzun cəbhədəki uğurları Xalq – Prezident birliyinin məntiqi nəticəsidir. Prezident İlham Əliyev xalqımıza növbəti müraciətində Ermənistanın məkrli niyyətləri barədə danışarkən Laçın və Kəlbəcərdə Ermənistanın apardığı qeyri-qanuni məskunlaşmaya diqqət çəkərək, qondarma rejimin dünya ölkələri tərəfindən tanınması üçün işğalçı ölkənin cəhdlər etdiyini, lakin bunun baş verməyəcəyini vurğulayıb. Bildirib ki, “bunu edən hər bir ölkə artıq Azərbaycan üçün dost ölkə sayıla bilməz” və Azərbaycan belə ölkələrlə bütün əlaqələri kəsəcək.
Azərbaycan diplomatik səviyyədə, o cümlədən BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı və digər təşkilatlarla səmərəli iş apararaq, münaqişənin həlli ilə bağlı sənədlərin qəbul edilməsinə, beləliklə bu istiqamətdə hüquqi bazanın genişləndirilməsinə nail olmuşdur. Dövlət başçımız müraciətində erməni tərəfinin bu gün status-kvonu bərpa etməyə çalışdıqlarını da xatırladıb: “Mən demişəm, status-kvo yoxdur. Status-kvonu biz məhv etmişik və düz də etmişik. 30 ilə yaxın gözləmişik. On il bundan əvvəl Minsk qrupunun həmsədrləri, onların prezidentləri səviyyəsində açıqlama verilmişdir ki, status-kvo qəbuledilməzdir. Biz də bunu dəstəklədik, biz bunu bəyəndik və bizdə böyük ümidlər yarandı, ondan sonra danışıqlar masasında əldə edilmiş müəyyən tərəqqi bizim ümidlərimizi artırdı. Amma sən demə, mənfur düşmən, sadəcə olaraq, bizi və beynəlxalq aləmi aldadırdı. Bu beynəlxalq vasitəçilərə hörmətsizlikdir”.
Təkcə biz – ölkə vətəndaşları deyil, beynəlxalq aləmdəki bütün tərəfdaşlarımız da yaxşı bilirlər ki, Azərbaycan Ordusunun bugünkü zəfərləri Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin siyasi-diplomatik fəaliyyətinin, ölkənin iqtisadi qüdrətinin artırılması üçün həyata keçirdiyi dövlət proqramlarının, şəxsi dostluq münasibətlərinin və digər keyfiyyətlərinin nəticəsidir. Amma cənab Prezident bütün bu uğurların mənbəyinin xalqın ona göstərdiyi inam və etimadın olduğunu söyləyir: “Xalq tərəfindən mənə göstərilən etimad imkan verdi ki, biz bu məsələni həll edək. Mən bir daha bəyan edirəm ki, verilmiş bütün vədləri mən yerinə yetirirəm, verilmiş bütün vədlərə sadiqəm. Prezident kimi mənim fəaliyyətim üçün əsas məsələ, əsas vəzifəm Azərbaycan torpaqlarının qaytarılmasıdır, ərazi bütövlüyünün bərpa edilməsidir və bu gün biz bunu döyüş meydanında edirik”.
Bəli, Azərbaycan ordusunun qələbə marşı davam edir. Qəhrəman ordumuz torpaqlarımızı azad edir, düşmənin çoxsaylı texnikasını məhv edir və hərbi qənimət kimi götürür. Azərbaycan xalqı Böyük Qayıdış astanasındadır. Xalq öz Ali Baş Komandanına inanır və ona etimad göstərir. Xalqın Ali Baş Komandana olan inamı dövlət siyasətinin gücünü artırır və daha səmərəli edir. Azərbaycan dövləti əlindən gələni edir ki, Azərbaycan vətəndaşları işğal olunmuş və azad edilmiş torpaqlara qayıtsın, rahat və əmin-amanlıq şəraitində yaşasın. Cənab prezidentin öz müraciətində vurğuladığı kimi, “İşğaldan azad olunmuş torpaqlara həyat qayıdacaq, Azərbaycan xalqı öz torpaqlarında yaşayacaq, sülh, əmin-amanlıq şəraitində yenə də qurub-yaradacaqdır”.
RİHB-nın Zaqatala şəhər
İƏD üzrə nümayəndəsi: Oruc Qaraxanov